Azərbaycan – Türkiyə – Pakistan müttəfiqliyi hər gün daha da möhkəmlənir

post-img

Bu gün Azərbaycan geostrateji anlamda böyük çəkiyə malik ölkədir. Üstəlik, Azərbaycanın müttəfiq olduğu ölkələr dünyada söz sahibi olan dövlətlər sırasındadır. Xüsusilə Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli əlaqələrinin son illərdə özünün yüksək inkişaf zirvəsinə çatması bunu əyani sübut edir. 

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan dövlət səfərini və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi səfərini şərh edərkən deyib. 

Deputat qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri hazırda demək olar ki, bütün sferalarda inkişaf edir. Bu günlərdə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi və ilk rəsmi səfərini Azərbaycana etməsi onu göstərdi ki, bu iki ölkə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” devizinə nə dərəcədə sadiqdir. 

Üstəlik, bu günlərdə Milli Qurtuluş gününün və məşhur Şuşa Bəyannaməsinin növbəti ildönümlərinin keçirilməsi, cənab Ərdoğanın bu günlər ərəfəsində ölkəmizə gəlməsi təsadüfi deyil, birliyin, həmrəyliyin növbəti göstəricisidir. Türkiyə dövlət başçısının səfəri zamanı Şuşa Bəyannaməsinin mühümlüyünə, Şuşa şəhərinin və Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunması diqqətçəkən məsələlərdən oldu. 

M.Əfəndiyev bildirib ki, bu gün Azərbaycan və Türkiyə regional təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiya və nəqliyyat xətlərinin inkişafı ilə bağlı birgə hərəkət edirlər. Bu baxımdan, Azərbaycan-Pakistan münasibətləri də mühüm əhəmiyyətə malikdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də Azərbaycana səfəri bu birlik və əməkdaşlıq tandeminə uğurla əlavə edilir. Hər üç dövlət regionun təhlükəsizliyin möhkəmləndirilməsində birgə çıxış edirlər. Hər üç ölkənin dostluq və qardaşlıq əlaqələri region üçün lazımdır və gələcəkdə iri beynəlxalq layihələrin reallaşmasında da mühüm əhəmiyyətə malikdir. 

Anar ƏLİ,
“Xalq qəzeti”

Siyasət