Nikolun “niyə də yox” məntiqi

post-img

“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Litvayaya səfəri zamanı bu ölkənin Prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. Dövlətimizin başçısı, həmçinin bildirib: “Biz ümid edirik ki, sülh danışıqlarının aparılması, nəticə etibarilə, Qafqaza uzunmüddətli sülh gətirəcək”. 

Dünən Ermənistan baş naziri Nikol Paşinyan da keçirdiyi mətbuat konf­ransında Azərbaycanla münasibətlər­dən söz açıb. Onun üzərində dayandı­ğı başlıca məqam ölkəsinin 86,6 min kvadratkilometr ərazidə Azərbaycanın suveren hüquqlarını tanımasıdır. 

Əlbəttə, N.Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçiril­miş sammiti zamanı da bu fikri dilə gə­tirmişdi. Bundan başqa Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçi­liyi ilə mayın 14-də Belçikanın paytax­tında keçirilmiş “Brüssel formatı” çərçi­vəsindəki görüşdə də 86,6 min və 29,8 min kvadratkilometrlik ərazidə qarşılıqlı tanınma barədə razılığa gəlinmişdi. Hazırkı xarakterik məqam isə Nikolun, bilavasitə, Qarabağdan söz açmasıdır: “Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr olaraq tanıyır, bura Qarabağ da daxildir”. 

Qeyd edək ki, Paşinyan Reykyavik­dəki çıxışında ilk baxışdan absurd gö­rünən bir fikri də gündəmə gətirmişdi. O demişdi ki, İrəvan üçüncü ölkələrin Qarabağın müstəqilliyini tanımasına çalışacaq. Təsəvvür edin, Ermənistan özü belə bir “tanınmadan” uzaq durur, ancaq hansısa xarici ölkəni mövcud is­tiqamətdə həvəsləndirir. Həqiqətən də, ortada nəinki absurd, son dərəcə həya­sız bir yanaşma var. Nikol dünənki mət­buat konfransında da eyni “dəst-xət­tini”, amma bir qədər korrekt formada təkrarlamağa üstünlük verib. O deyib ki, Ermənistan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin həllini Bakı ilə Xankəndi arasında mü­zakirə olunmasında görür. 

Bəli, Paşinyanın nəyi necə görməsi­nin heç bir önəmi yoxdur. Çünki Bakının Qarabağ erməniləri ilə bağlı öz mövqeyi var. Onlar ölkəmizin digər xalqları kimi imtiyazlardan bəhrələnəcəklər, mövcud xüsusda hər hansı ayrı-seçkiliyin və ya hansısa fərqli yanaşmanın sülh müqa­viləsində yer alması qeyri-mümkündür. Yəni, Azərbaycan Prezidentinin yazımı­zın ilk cümləsində iqtibas gətirdiyimiz fikirlərindəki konstruktiv səylər məntiqi mövcud müstəvidə güzəşti nəzərdə tut­mur və tuta da bilməz. Dövlətimizin baş­çısı bununla bağlı mövqeyini dəfələrlə açıqlayıb... 

Erməni baş naziri 1–4 may 2023-cü il tarixində keçirilmiş Azərbaycan və Er­mənistan xarici işlər nazirlərinin Vaşinq­ton raundundan əvvəl Bakıya ölkəsinin sülh təkliflərinin son variantını təqdim etdiyini açıqlayıb. “Bu, səhv etmirəmsə, dördüncü nəşr idi. İndi biz onların cava­bını gözləyirik. Ümid edirəm ki, cavab Vaşinqton görüşündə əldə olunmuş ra­zılaşmaları və qarşılıqlı anlaşmada irə­liləyişi əks etdirəcək”. 

Maraqlıdır ki, N.Paşinyan çıxışında qarşılıqlı güzəştlərdən də söz açıb. An­caq bununla bağlı təfərrüatlara aydınlıq gətirməyən baş nazir onların əsasında sülh sazişinin imzalana biləcəyini vur­ğulayıb. Hərçənd mayın 25-də Moskva­da Azərbaycan Prezidenti ilə görüşündə sözügedən müqavilənin imzalanma­sının istisna təşkil etdiyini də diqqətə çatdırıb. Həm də ona görə ki, görüşə çox az vaxt qalıb. Hər halda Nikol bu düşüncədədir. 

N.Paşinyan, eyni zamanda, bu dü­şüncədədir ki, əgər Bakının təkliflərinin məqbulluğu qənaətinə gəlinsə, iyunun 1-də Azərbaycan Prezidenti ilə Qərb tənzimləməsi çərçivəsində Kişinyovda və ya payızda Qranadada keçiriləcək görüşlərdən (Şarl Mişelin missiyası nəzərdə tutulur. Bu baxımdan sözüge­dən görüşlərdə Fransa Prezidenti Em­manuel Makronun və Almaniya Kansleri Olaf Şolçun iştirakı da nəzərdə tutulur – red.) sonra sülh müqaviləsinin imza­lanması mümkün ola bilər. “Əgər alınan cavab təkliflərinin məqbul olduğu və kompromislər məntiqi ilə uzlaşdığı qə­naətinə gəlsək, niyə də olmasın. Niyə də yox?".

Əvvəldə də diqqətə çatdırdığımız kimi, Prezident İlham Əliyev Ermənis­tanla sülh müqaviləsinin beynəlxalq norma və prinsipləri əhatə etməli oldu­ğundan söz açıb. Paşinyan isə sənədin icrasının təminatçıları barədə danışıb və bildirib ki, bu məsələdə irəliləyiş var. Amma, o, təminatçı rolunu üzərinə gö­türməyə hazır olan tərəfin və ya tərəf­lərin kimliyi üzərinə gəlməyib. Deməli, belə düşünmək mümkündür ki, dövləti­mizin başçısı sülh müqaviləsinə təminat baxımından konkret hüquqi sənədlərə, Paşinyan isə tərəflər məntiqinə üstün­lük verməkdədir. Mövcud xüsusda han­sısa ölkənin qarant olmaq istəyini ifadə edib-etməməsi ilə bağlı sualı şərh edən Paşinyan deyib: “Bizim kimi mürəkkəb regionda qarant olmaq böyük məsuliy­yətdir. Bu ölkələr üçün həm imkanlar yarada, həm də risklərə səbəb ola bilər”.

Mövzunu davam etdirən Ermənis­tanın baş naziri onu da deyib ki, əgər beynəlxalq ictimaiyyətdə tərəflərin, həqiqətən də, münaqişənin həllini istə­diklərinə və sülhə can atacaqlarına əminlik yaranarsa, o zaman ola bilsin, ayrı-ayrı ölkələr, bəlkə də təşkilatlar, BMT Təhlükəsizlik Şurası bu məsələdə qarant rolunu öz üzərinə götürməyə ra­zılaşacaq. 

Sonda onu da deyək ki, Paşinya­nın Azərbaycan Prezidenti ilə görüşə iki gün qalmış Qarabağın Azərbaycana məxsusluğunu bildirməsi müsbət haldır. Ancaq, Ermənistan baş naziri sülh pers­pektivindən yayınmaq üçün manevr yo­lunu da nəzərdən keçirməkdədir. Çünki o, necə deyərlər, “Qarabağ Azərbay­candır” bildirir, digər tərəfdən isə ni­zamlama prosesinə hansısa əlahiddəlik gətirmək haqqında düşüncələrə baş vurmaq əzmini ortaya qoyur, kimlərinsə sülh prosesində qarant rolunu oynamalı olduğunu dilə gətirir, üstəlik, həmin tə­minatçıların maraqlarına eyham vurur. Bu yanaşma isə səmimiyyət deyil və birbaşa dialoq məntiqindən uzaqlaş­madır. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev mayın əvvəlində Vaşinq­tonda hər iki ölkənin XİN rəhbərləri ara­sında görüşün getdiyi bir vaxtda, məhz ikili təmaslar məsələsini qaldırmışdı. Bu, İrəvanın səmimiyyət göstərməsinin vacibliyi ilə bağlı eyham idi. Səmimiyyət varmı, hələlik, bu barədə söz demək çə­tindir. Çətindir, həm də o səbəbdən ki, 44 günlük müharibədən sonra belə hal nəzərə çarpmayıb.

Əlbəttə, başa düşürük ki, indiki du­rumda Nikolun tam şəkildə Qarabağ erməniləri ilə bağlı məsələni bir kəna­ra qoyması mümkünsüzdür. Fikrimizin təsdiqi üçün Ermənistanın müxtəlif yer­lərindən Azərbaycanın Laçın yolundakı sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmasına qarşı bölgəyə yürüş keçiril­məsini vurğulaya bilərik. Yəni, ümumi­likdə, ölkədəki xəstə ictimai rəyin Qa­rabağ mövzusunda Nikola qarşı qəzəbi duyulmaqdadır. 

Ancaq belə hallar heç də o demək deyil ki, Paşinyan həmin qəzəbi danışıq­lar masasına daşımalıdır. Daha doğru­su, özünü həmin qəzəbdən və təzyiqlər­dən sığortalamaq üçün danışıqların ruhuna zidd məqamlar qabartmalıdır. Həm də ona görə qabartmamalıdır ki, Azərbaycanın indiyədək göstərdiyi və göstərəcəyi təzyiq Ermənistanın dişsiz müxalifətinin söz yığnağından ibarət çərənləmələrindən qat-qat ağır başa gəlməkdədir. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət