Əziz Şuşa, biz səni dirçəldirik

post-img

Şuşa 29 il 6 ay erməni faşizminin əsarətində qaldıqdan sonra, nəhayət, 2020-ci il noyabrın 8-i azad edildi! Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə xalqa müraciət edib qala-şəhərin qəsbkardan xilası müjdəsini verdi. Ali Baş Komandan bu tarixin həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!..” 

Beləliklə, Azərbaycan tarixində 1992-ci il 8 may Şuşa uğursuzluğundan ta 2020-ci il 8 noyabr Şuşa qələbəsinədək çox ağrı-acılı bir yol qət etdi. Bu uzun müddətdə qala-şəhər yadların, yağıla­rın əsarətində inildəyib sızladı. Düşmən şəhərin bünövrəsini qoyan Pənahəli xa­nın tikdirdiyi məscid və mədrəsəni, Qara Böyük Xanım bürcünü, Hacıqullar mali­kanəsini, Xurşudbanu Natəvanın, Əsəd bəyin evlərini, ikimərtəbəli karvansara­yı... yandırıb xarabalığa çevirsə də, özü, necə deyərlər, daşı daş üstə qoymadı, bir tikinti, bir abadlıq işi belə görmədi. Amma buna baxmayaraq məkrli məqsə­dindən də əl çəkmədi, Şuşanı Qarabağın paytaxtı elan etmək, qondarma rejimin parlamentini bu əzəli, tarixi şəhərimizə köçürmək iddiasını səsləndirməklə hey­siyyətimizə toxunmağa cəhd göstərdi. Paşinyan bu mədəniyyət paytaxtımıza gəlib yallı getdi, “Qarabağ Ermənistan­dır, nöqtə” kimi bəyanatlar səsləndirdi. İşğalçı bu hərəkəti ilə xalqımızda bir ümidsizlik yaratmaq, inadımızı qırmaq, inamımızı sarsıtmaq məqsədi güddü. La­kin Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində bu qala-şəhəri PUA-lar­sız, tanksız-topsuz, əlbəyaxa döyüşlə qaytardı... 

...Şuşanın bərpasına 2021-ci il yanva­rın 14-dən başlanılıb və həmin vaxtdan ötən müddət ərzində burada çox sayda layihələr icra olunub. İlk növbədə, yol çəkilib. şəhərin elektrik təsərrüfatı bərpa edilib, düşmən Şuşanı tərk edərkən da­ğıtdığı su xətləri yenidən qurulub və bura iki mənbədən suyun verilməsi reallaşdırı­lıb. “Xarıbülbül” otelində yuxarıda vurğu­lanan ilin may-iyun aylarında ilk qonaqlar qəbul edilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixi-mədəni abidələrin yendən qurulması diqqət mərkəzində saxlanılıb. 

Bu yazıda bütün bunlar barədə geniş söhbət açmağa və işğal dövründə xa­rabalığa çevrilən Şuşanın artıq öz təbii gözəlliyinə necə qovuşduğunu təsvir et­məyə çalışacağıq. 

Sosial infrastruktur layihələri uğurla icra olunur

Şəhər ərazisində yaşayış və qey­ri-yaşayış binaları ilə yanaşı, yeni dövlət qurumlarının obyektləri istifadəyə verilir. Bugünlərdə açılışı olan “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, “Nöqtə Buludu” tex­nologiyasından istifadə edilməklə əra­zinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndir­mə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən tədbir­lərin monitorinqinin və qiymətləndirilmə­sinin aparılması təmin olunub. 

Elektrik Şəbəkələrinin İnnovativ Tex­nologiyalar Mərkəzində müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sis­temləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə siste­mi quraşdırılıb.

Mərkəzin ərazisində elektromobillə­rin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraş­dırılıb. Həmin panellər vasitəsilə əldə olu­nan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilmə­si və elektromobil enerji doldurma cihaz­ları üçün istifadə olunmasına başlanılıb. Qalan enerjinin isə avtomatik rejimdə şə­bəkəyə ötürülməsi reallaşdırılıb. 

Texnologiyalar Mərkəzində təhlükə­sizliyin təmin edilməsi və qəzaların ara­dan qaldırılması məqsədilə qapalı pay­layıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansi­yadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.

Şuşa işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatı­nın da bərpasına başlanılıb. Mütəxəssis­lər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların möv­cud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və suyun nəqli dayandırılıb.

Təxirəsalınmaz tədbirlər proqramı­na uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs–Şuşa magistral su kəmə­rinin qəzalı hissələri qısa müddətdə tə­mir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, şəhərin digər mənbəyi – Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı–Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpası­na başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şuşanın perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlə­rində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbə­bindən alternativ su mənbəyinin yaradıl­ması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı an­bar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilo­metr olan Kiçik Kirs–Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometr­lik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sis­teminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesabla­nıb. Layihəyə əsasən şəhərin orta gündə­lik su tələbatı 105 litr-saniyə təşkil edir. 

Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 ki­lometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa oluna­caq. Şəhərdə formalaşan tullantı sula­rın tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qur­ğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axı­dılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götü­rülməsi, nəqli, anbarların səviyyəsi, hid­ravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tən­zimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

İlin sonuna qədər yüzlərlə sakin Şuşaya köçəcək 

Şuşada yeni yaşayış və qeyri-yaşayış binalarının sürətlə inşası sakinlərin dog­ma yurd-yuvalarına qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndik­cə, küçələr abadlaşdırılır və adlar verilir. Yol boyu küçələrin adlarının əks olun­duğu lövhələr bunu təsdiqləyir. Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Atatürk, Xurşidbanu Natəvan, Xan Şuşinski, Molla Pənah Vaqif və Pə­nahəli xan küçələri Azərbaycanın tarixi irsinin Şuşada bərpa olunduğunun bariz nümunəsidir. 

Ulu öndər Heydər Əliyevin adını ya­şadan küçənin 8 Noyabr ilə kəsişməsi bu dahi şəxsiyyətin ən müqəddəs istəyi­nin reallaşdırılmasının parlaq sübutudur. Məhz Prezident İlham Əliyevin liderliyi sayəsində artıq 20 ildir ki, nüçə-neçə belə arzu-istək gerçəyə çevrilir. 

Şuşanı addım-adım dolaşdıqca, Cıdır düzündən göz işlədikcə uzanan dağ-a­ran Qarabağ torpağını seyr etdikcə qürur hissi keçiririk. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli ordumu­zun nəyə qadir olduğunu düşünüb bu xalqın, bu torpağın övladları olduğumuza görə, fəxr duyuruq. Şuşada, eləcə də di­gər işğaldan azad edilən ərazilərimizdə bu gün tarixi-mədəni irs nümunələrinə yüksək diqqət və qayğı ilə yanaşılmasını isə xalqımızın dünənimizə, keçmişimizə bağlılığı kimi, mənəvi dəyərlərimizə sev­gisi kimi dəyərləndiririk. 

Şəhərin Qarabağ küçəsində 10 qey­ri-yaşayış binası tikilir. A” və “B” korpus­larından, həmçinin ofis binasından ibarət tikilinin ümumi sahəsi 5 min 745 kvad­ratmetr nəzərdə tutulur. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcə­yi də planlaşdırılır. Gələn il bu vaxt təhvil verilməsi nəzərdə tutulan həmin obyekt­lərdə ofis və ticarət mərkəzlərinin, həmçi­nin təmir olunan keçmiş poçt binasında DOST, “ASAN xidmət”, “Azərpoçt” və KOBİA kimi qurumların fəaliyyətə başla­ması sakinlərin ehtiyaclarının və yüksək sosial təminatının ödənilməsi məqsədi daşıyır. 

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ küçəsinin abadlaşdırılması ilə bağlı ilkin vəsait ay­rılıb. Abadlıq və infrastruktur layihələri bi­naların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. Xü­susi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq Qa­rabağ adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurul­ması zamanı Şuşanın tarixi-milli memar­lıq üslubunun qorunması xüsusilə diqqət­də saxlanılır.

Şuşalı keçmiş məcburi köçkünlə­rin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada əsasən yerli sakinlərin işə götürülməsi nəzərdə tutu­lur. Bu baxımdan əhalinin məşğulluğu­nun təmin olunması istiqamətində də fa­siləsiz iş aparılır, siyahılar dəqiqləşdirilir. Şuşada fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçən şirkətlər tərəfindən yerli sakinlər üçün təşkil olunan üç əmək yarmarkasında 200-dək şuşalı gənc siya­hıya alınıb. Hazırda onlar üçün treninqlər təşkil olunur.

Prezident İlham Əliyev tərəfindən bu il mayın 9-da Şuşanın Qarabağ küçə­sində ümumi sahəsi 5400 kvadratmetr olacaq 10 yeni yaşayış binasının təməli qoyulub. Dörd mərtəbədən və zirzəmi qatından ibarət tikilidə yerləşəcək mən­zillərdən 24-nün ikiotaqlı, 6-nın isə üço­taqlı olması planlaşdırılıb. 

Bununla yanaşı, hazırda şəhərdə 23 binadan ibarət yaşayış kompleksində ti­kinti işləri sürətlə aparılır. Şəhər Dövlət Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova deyir: 

– Hazırda kompleksdə ümumilikdə 450 mənzil inşa edilir. Burada 28 birotaq­lı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördo­taqlı və 7 beşotaqlı mənzilin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradı­lacaq. Ərazidə geniş abadlıq və yaşıllaş­dırma işləri görüləcək.

Müasir və milli Otel-Konqres Mərkəzi 

Erməni faşizminin bu qədim mədə­niyyət paytaxtımızı işğal altında saxla­dığı illər ərzində Şuşada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq düşmənin arzu­su gözündə qaldı. Dövlətimizin başçı­sı qala-şəhərə ilk səfərində – 2021-ci il yanvarın 14-də bu barədə deyib: “Qon­darma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamenti­ni” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ Respublikası”nın “parlament” binası kimi inşa etməyə baş­lamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”. 

İndi isə həmin yerdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan Şuşa Otel-Konqres Mərkəzi Komplek­si yerləşir. Beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Kompleksin xarici görünüşündə ornamental kompozisiyalar və milli me­marlıq elementləri tətbiq olunub. Həmçi­nin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daş­dan istifadə edilib. Bundan əlavə, mərkə­zin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrab­bəyovun evi, Üzeyir Hacıbəylinin ev-mu­zeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) ha­zırlanıb. Binanın fasad örtüyünün üzərin­də və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.

Qeyd edək ki, Şuşa Otel–Konqres Mərkəzi Kompleksinin kitabxanasın­da 1000-ə qədər kitab saxlanılır. Bey­nəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ma­carıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu ki­tabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.

Kompleksin ətrafında mövcud ağac­lar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyə­tində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücu­mu ərəfəsində şəhərin müdafiəsinin təş­kili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah ema­latxanası və hazır silah-sursatın saxla­nılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdi­riləcək.

Turizm potensialı genişləndirilir

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük zəfərlə ərazi bütöv­lüyümüzün bərpa olunması, işğaldan azad edilən torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və da­yanıqlı inkişafı üçün əlavə üfüqlər açıb. Qarabağ və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürət­ləndirib.

İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsun­kar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Böl­gədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin in­kişaf etdirilməsi üçün böyük imkanlar var.

Hazırda düşməndən təmizlənən əra­zilərin turizm potensialının səmərəli istifa­dəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında təməli qoyu­lan beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının real­laşmasını, turist cəlbini şərtləndirir. 

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mü­hüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edi­lib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamə­tində əhəmiyyətli addımlar atılıb. Lakin işğal nəticəsində Şuşadakı bir sıra ta­rixi-mədəniyyət abidələri düşmən tərəfin­dən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.

İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Şuşa mədəniyyət paytaxtı olduğu kimi, turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkün­dür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu poten­siala uyğun turizm infrastrukturunun ya­radılmasına xüsusi diqqət yetirilir.

Məşhur məktəb yenidən həyata qaytarılır

Bu il yüz doxsan üç yaşı tamam olan Şuşa şəhər 1 saylı tam orta məktəbi fəaliyyət göstərdiyi illərdə təlim-təhsilin keyfiyyətinə görə öncüllərdən biri olub və yerli əhalinin intellektual səviyyəsinin, dünyagörüşünün inkişaf etdirilməsində, şəhərin ziyalı səviyyəsinin qorunub sax­lanılmasında mühüm rol oynayıb.

Hazırda məktəbin inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, təhsil ocağının tikintisi bu qədim şəhə­rin təhsil mərkəzinin şöhrətinin qaytarıl­ması missiyasına xidmət edən növbəti addımdır. İnşaat işləri Prezident İlham Əliyevin Şuşa şəhərində yeni ümumtəh­sil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən aparılır. Ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanı­lıb. Məktəb 960 şagird yerlikdir. Tikintini həyata keçirən “İdeal” TM QSC-nin iş ic­raçısı Samir Ələkbərov bildirir ki, məktəb 960 yerlik 5 korpusdan ibarətdir. Əsas və iki yardımçı girişləri olan binada 3 əsas, iki yardımçı korpus yerləşir. Tədris binası əsas 3 korpusdan ibarətdir. Akt və idman zalları, yeməkxana isə əlavə korpuslarda yerləşir. 

İş icraçısı bildirir ki, məktəbin həyə­tində qazanxana sistemi, daxili yeraltı su anbarı, nasosxananın tikintisi həyata keçirilir, həyətində isə sahəsi 510 kvad­ratmetr olan stadion şagirdlərin ixtiyarı­na veriləcək. Onun sözlərinə görə, sinif otaqlarının sahələri 50,7 kv. metrlə 52 kv. metr arasında dəyişir. Burada şagird­lərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olması üçün hərtərəfli şərait ya­radılacaq. Yaradılan şərait isə şuşalıların təhsil prosesinə müsbət təsir göstərəcək.

İş icraçısı Samir Ələkbərov deyir ki, məktəb binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarətdir. Hazırda binanın bütün korpuslarında beton və hörgü işləri görülür. Binasının üstü isə metal keramik vərəqlərlə (CPS) örtülüb. 

Şuşada tikilən 1 saylı tam orta mək­təb binası sentyabrda istifadəyə verildik­dən və şəhər sakinləri doğma yurdlarına köçdükdən sonra fəaliyyətə başlayacaq.

Qarabağ torpağının ruhu hopmuş xalçalar 

Ünvanımız Azərbaycan Xalça Muze­yinin Şuşa filialıdır. Filialda bizi Azərbay­can Mili Xalça Muzeyinin fond şöbəsinin elmi işçisi Babakişi İsrəfilov qarşılayır. O deyir: 

– Xalqımızın zəngin daxili aləmini, dünyagörüşünü, bədii təxəyyülünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalçaçılıq sənəti mədəniyyət ta­riximizin inkişafında özanəməxsus yer tutaraq Azərbaycanın simvollarından bi­rinə çevrilib. Məhs buna görə də dünya­nın ilk ixtisaslaşmış xalça muzeyi 1967-ci ildə Bakıda yaradılıb. 19 may 1987-ci il tarixindən etibarən isə Şuşa şəhərində XIX əsrin tarixi-memarlıq abidəsi sayı­lan Mehmadarovların malikəsində Qa­rabağ bölgəsinin dekorativ-tətbiqi sənət və onun ayrılmaz hissəsi olan xalçaçılıq ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan Mil­li Xalça Muzeyinin Şuşa filialı fəaliyyətə başlayıb. Qarabağ torpaqlarının Ermə­nistan tərəfindən işğala məruz qaldığı dövrdə filialda qorunub saxlanılan sənət nümunələrinin təhlükədə olduğu nəzərə alınaraq 1992-ci ilin 29 fevral tarixində onların təxliyyəsii təşkil edilib. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eks­ponatın 183-ü Bakıya gətirilib. Təxliyəsi çətin olduğu üçün 63 eksponatın çıxarıl­ması mümkün olmayıb.

1992-ci ilin mayında Şuşa işğal edilən zamanı filialda, şəhərin tarix-diyarşünas­lıq muzeyində və Şuşa əhalisinin evlərin­dən çıxara bilmədikləri çoxlu sayda xalça və xalça məmulatları, xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələri er­mənilər tərəfindən talanıb, xarici ölkələrə, hərraclara daşınıb, bir hissəsini isə İrə­vanda saxlanılıb, “erməni xalçaları” kimi qələmə verilməyə çalışılıb.

...Şuşa isə artıq üç ilə yaxındır azad­dır. Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra doğma şəhərə qayıdıb və yeni binada fəaliyyətə başlayıb. XIX əs­rin ikinci yarısında tikilmiş bu bina şəhə­rin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə o yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildi­yindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Görülmüş işlər nəticə­sində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçı­panla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daş­la üzlənib. Bərpa başa çatdıqdan sonra, mayın 10-da Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev, birinci xa­nım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər. 

... Hazırda Şuşa filialında vaxtilə təx­liyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalça­lar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça mə­mulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Babakişi İsrəfilov deyir ki, ermənilə­rin oğurlayıb xaricə satdıqları Qarabağ xalçalarının bəzilərini ölkəmizə qaytar­maq mümkün olub. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bir xeyriyyəçi tərəfindən XVIII əsrə aid Qarabağ xal­çası Azərbaycana hədiyyə edilib. Bu xalça zənginliyi və müxtəlifliyi ilə seçilən “Əjdahali” nümunəsinə aiddir. Uzun illər erməni kolleksiyaçının əlində olub. Sonra bu xalça italyan kolleksiyaçı tərəfindən alınıb. Müxtəlif kataloqlara daxil edilmiş bu şah əsəri ölkəmizə qaytarılıb. Hazırda Şuşa filialında nümayiş olunur. 

Qeyd edək ki, hazırda Milli Xalça Mu­zeyinin Şuşa filialı ən çox ziyarət edilən mədəniyyət ocaqlarından biridir. Burada sərgilənən sənət əsərləri qədim Qara­bağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duyma­ğa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır. 

Mehmandarovların malikanəsi də canlandırılıb

Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarov nəs­linin nümayəndələri tərəfindən XVIII əs­rdə tikilib. Malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib. 

Böyük yaşayış binası sovet dönəmin­də Şuşa Şəhər Xəstəxanası kimi fəaliy­yət göstərib. 19 may 1987-ci il tarixindən isə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı kimi fəaliyyətə başlayıb.

Müharibə dövründə Mehmandarovla­rın malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerləyeksan edilib. Meh­mandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərib. Kompleks əra­zisindəki məscid ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.

Şuşa işğaldan azad olunandan sonra onun orijinal memarlıq üslubuna uyğun olaraq bərpa və quruculuq işləri həya­ta keşirilir. Həyata keçirilən işlər çərçi­vəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilib. Bərpa işlərinə 2021-ci ilin oktyabr ayından başlanılıb və əvvəlki vəziyyətinə gətirilib. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bər­kitmə işləri aparılıb. Evin döşəmə daşla­rının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məs­cidin “Güldəstə”si restavrasiya olunub. Yaşayış evinin həyətindəki XX əsrin əv­vəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.

Tariximizi saxtalaşdırmağa çalışıblar

Şuşanın geniş quruculuq işləri apa­rılan küçələrindən biri də Qarabağ küçə­sidir. Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ küçəsinin abadlaşdırıl­ması ilə bağlı ilkin vəsait ayrılıb. Abad­lıq və infrastruktur işləri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tap­şırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. Xüsusi vurğu­lamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Yuxarı Gövhər Ağa məscidi, “Qara­bağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçə­də yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır. Biz də bu küçədə yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarət etdik. Biz məscidin həyətində olanda günorta namazı qılınırdı. Xeyli adam da namaza durmuşdu.

Namazdan sonra bizə verilən mə­lumata görə, indiki Yuxarı Gövhər Ağa məscidinin yerində hələ Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel qamış­dan inşa edilən məscid olub. Pənahəli хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib. Onun da ömrü uzun olmayıb və XIX əsrin birinci yarısında Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyimin) vəsaiti hesabına İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid, 1883-cü ildə isə həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər Ağa məscidi inşa olunub. Bu məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir və o müəllifin ən yaxşı əsərlərindən biridir. Məscidin mi­narələrinin ornamentləri və otaqların di­var rəsmləri Şuşa şəhərində yaşayıb-ya­ratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

İşğal dövründə bu məscidə qarşı da erməni vandalizmi özünü göstərib. 1992-ci ilin mayında Şuşanın mənfur qonşuları­mız tərəfindən işğalı nəticəsində məscid erməni əsgərlərinin ağır artileriya silahla­rından açdığı atəş nəticəsində dağıntıya məruz qalıb və interyerləri tamamilə da­ğıdılıb, fasadına ciddi ziyan vurulub, mi­narələrinin dekoru zədələnib. İslam dini abidələrinə hörmətsizlik edən ermənilər Yuxarı Gövhər ağa məscidinə məxsus xalça, mebel və digər avadanlıqları qarət edərək şəxsi mənzillərinə daşıyıblar. 

Şairə Məshəti Musa deyir ki ermə­nilər bununla kifayətlənməyiblər. Şuşa şəhərində etnik təmizləməyə məruz qoyduqları azərbaycanlıların burada ya­şadıqlarını inkar edən Ermənistan rəh­bərliyi bu məscidi fars məscidi kimi təbliğ etməyə cəhd edib. Onlar İranın nüfuzunu qazanmağa çalışıblar. 2017-ci ildə İranın "Part Saman jahan Co." memarlıq şirkəti tərəfindən təmir-bərpa işləri adı altında məscidin daxili interyerində ciddi dəyişik­liklər edərək tariximizi saxtalaşdırmağa çalışıblar. Alınmadı...

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də azad edildikdən sonra Yuxarı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən konservasiya və bərpa işlərinə başlanılıb. Bu işlər Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərə­findən Avstriyanın “Wehdorn Architek­ten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata ke­çirilib.

Məscidin daxilindən götürülən məh­lul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasi­ya üsullarını əldə etmək məqsədi ilə Tür­kiyədəki Fatih Sultan Mehmet Vəqfi Uni­versiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laborato­riyasında araşdırılıb. Məsciddə möhkəm­ləndirmə işləri görülüb, ermənilər tərəfin­dən edilmiş müdaxilələr aradan qaldırılıb.

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi ye­kunlaşıb, məscidin dam örtüyünün qurul­ması həyata keçirilib.

Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsin­də taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtü­yünün sökülməsi və qalıqların təmizlən­məsi işləri başa çatdırılaraq dindarların istifadəsinə verilib.

Mədrəsə binasının ərazisində məs­cid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad Şuşaya ilk səfərlərində Yuxarı Gövhər Ağa məscidinə də baş çəkdilər. Dövlət başçısı Məkkədən gəti­rilmiş “Qurani-Kərim”i məscidə bağışla­mışdı.

“Bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın”

Şuşa şəhərində ziyarət etdiyimiz ta­rixi məkanlardan biri də Mir Möhsün Nəv­vabın məzarı və qəbirüstü abidəsi idi. Məzar Cıdır düzündədir və qəbrinin üzə­rində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılıb: Böyük Nəvva­ba, heyiflər olsun! Öz dövrünün arif, ka­mil şəxsiyyəti olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak övladı bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın. Al­lah ona rəhmət eləsin hər vaxt gecə-gün­düz. Nəvvab 1919-cu il rəbiləvvəl ayının 29-da vəfat etmişdir. 

Qeyd edək ki, 1960-cı ildə UNES­CO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abi­də-barelyef qoyulub. Şuşa şəhəri işğal altında olduğu illərdə onun Cıdır düzün­də yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılıb. Şuşa azad olunduq­dan sonra Heydər Əliyev Fondu tərəfin­dən ərazidə aparılan yenidənqurma işləri nəticəsində isə bərpa olunub.

Erməni işğalı zamanı Mir Möhsün Nəvvabın yaşadığı ev də dağıdılıb. Bu ev XIX əsrin memarlıq nümunələrindən biri idi. 1990-cı ildə burada Mir Möhsün Nəvvabın ev muzeyi fəaliyyətə başlayıb. Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən eksponatlar sərgilənirdi. Bunların içərisində sənətka­ra məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri və onun çapçılıq fəaliyyətini isbatlayan əşyalar xüsusi yer tuturdu.

Ermənistan Silahlı Qüvvələri tərəfin­dən Şuşa şəhərinin işğal edilməsi nəti­cəsində muzeyin binası və eksponatları məhv edilmişdir.

İki büst – eyni şəhərin iki dövrünün təsviri

Şuşanın küçələrini gəzərkən Bülbülün ev muzeyinin olduğu əraziyə gəldik. Mu­zeyin həyəti təmizliyi və yaşıllığı ilə seçi­lirdi, bir neçə ziyarətcisi də vardı. Bülbül Memorial Muzeyinin ekskursiyaçısı Meh­riban Veyisova bizə muzey haqqında mə­lumat verdi: – Bülbülün Bakıdakı Bülbül Memorial Muzeyindən Şuşa şəhərindəki ev muzeyinə ezam olunmuşuq. Azərbay­can musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi 1983-cü ildə ulu öndər Heydər Əliyevin göstərişinə əsasən yaradılıb. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qa­laraq fəaliyyətini dayandırıb. Ermənilər muzeyi tamamilə qarət ediblər. Bütün eks­ponatları – Bülbülə məxsus frakı, dəyərli əşyaları və pianino oğurlayıblar. 

...Müzəffər Azərbaycan ordusunun qalibiyyətindən sonra, 2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə səfəri za­manı Bülbülün ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə təmir-bər­pa və yenidənqurma işləri aparılb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bü­növrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Bülbülün ev-muzeyinə məxsus həyət­yanı sahə də ilkin görkəmi saxlanılmaqla bərpa olunub. 

...Muzeyin ekspozisiyası dövrün et­noqrafik xüsusiyyətlərini əks etdirməklə qorunub saxlanıb. Yəni, biz ekspozisiya­da müasirliklə qədimliyi göstərməyə çalış­mışıq. Eksponatları isə əsasən Bülbülün Bakıdakı Memorial Muzeyindən gətirilən eksponatlar hesabına bərpa olunub. Gör­düyünüz binanın üzərində ərəb dilində müxtəlif yazılar var. Məsələn, onlardan bi­risi bu mənzilin Kərbəlayi Yusif tərəfindən inşa olunduğu göstərir. Digər tərəfdə isə Qurani-Kərimin “Qələm” surəsinin 51-52-ci ayələri və Günəş simvolu həkk olunub. Bunlar bərpa zamanı aşkar olunub. 

Mehriban Veyisova həyətdəki tut ağacı barədə də maraqlı məlumat verdi: – Gördüyünüz tut ağacıdır. Bülbül bu tut ağacının budaqlarına şıxıb bülbül quşunu ustalıqla təqlid edirmiş. Məhs ona görə də, ona Bülbül adı verilmişdi. Qeyd edim ki, Bülbül onun təxəllüsü deyil, adıdır. Çünki bütün rəsmi sənədlərdə onun adı Bülbül kimi qeyd olunub. Əsl adı isə Murtuza, soy adı Məmmədovdur. Bu evdə onun uşaqlıq illəri keçib. 

Ev muzeyinin həyətində Bülbülün həm yeni, həm də ermənilər tərəfindən gülləy­lə deşik-deşik edilmiş büstləri qoyulub. Sonuncu büst vaxtilə dəmir tullantısı kimi Gürtcüstana satılmışdı. Sonralar bu büst Azərbaycan hakimiyyəti tərəfindən alınıb, Ramiz Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxla­nılıb. Şuşa şəhəri işğaldan azad edildik­dən sonra isə o ev muzeyinin həyətinə qoyulub. Bu gün hər iki büst Bülbülün ev muzeyinin həyətində yan-yana durur və eynən Şuşanın taleyini əks etdirirlər. Eyni zamanda həm müharibə dövrünün Şu­şasını, həm də qalib Şuşanı görə bilirik. Əlbəttə, zamanla Şuşa tamamilə dəyişib yeni, abad bir məkana çevriləcək. Amma sözügedən büstlər hər zaman bu iki döv­rü bir araya gətirəcək və ziyarətçilərə bu haqda məlumat verməsə belə, onlara hər şey aydın olacaq. Eyni şəxsin iki büstü – əslində eyni şəhərin iki dövrünün təsviridir – dağıntı və quruculuğun göstəricisidir.

*** 

Cəlbedici aurası, sehrli havası olan Şu­şaya qədəm qoyan andan onun daşı-tor­pağı adama doğmaları tək əziz, mehriban görünür. Cıdır düzünə üz sürtəndə, Xan qızının çeşməsində su içəndə, məscidləri ziyarət etəndə adam özündə bir yüngül­lük, rahatlıq tapır. 

Bu gün bu şəhərin yaralarına Şuşa istəyi, Şuşa sevgisi ilə məlhəm qoyulur. Ermənistanın 30 ilə yaxın bir zaman ərzin­də viranəyə çevirdiyi, əzəmət və gözəlliyi­ni zədələdiyi bu məkana yenidən təmizlik və paklıq gətirilir. 

...Şuşadan-erməni faşizminin qurba­nına çevrilən tarixi, mədəni abidələrinə indi yenidən “nəfəs” verilən, tikilən, quru­lan bir şəhərdən, müqəddəs ocaqların, mədəniyyət və incəsənətimizin böyük simalarının Üzeyir bəy Hacıbəylinin, Xur­şidbanu Natəvanın, Bülbülün ev-muzey­lərinin, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin ziyarətindən ürək rahatlığı, könül xoşluğu ilə, bundan sonra hələ nə qədər sevinc dolu günlərinə qovuşacağı­mız ümidi ilə geriyə – Bakıya dönürük. 

 

Vaqif BAYRAMOV, 
Pünhan ƏFƏNDİYEV, 
Elşən AĞALAR (foto-müxbir), 
“Xalq qəzeti”















Sosial həyat