Bakıda bədii gimnastika üzrə Avropa çempionatı uğurla keçirildi

post-img

“Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq!”. Avropa Gimnastikasının tviter hesabında Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı ilə bağlı paylaşımında yer alan bu fikirlə ölkəmizin Avropa gimnastikası ailəsində önəmli yeri bir daha vurğulandı. Ölkəmizin növbəti dəfə bədii gimnastika üzrə mötəbər yarışa böyük uğurla ev sahibliyi etməsi, əzəmətli Milli Gimnastika Arenasında iştirakçı komandaların öz potensiallarından maksimum istifadə etmələri üçün yaradılan hərtərəfli şərait yenə də təqdir edildi, alqışlarla qarşılandı. 

Təbii ki, bütün bunlar təsadüfi deyil. Dünyanın idman mərkəzlərindən hesab olunan Azərbaycan müxtəlif növlər üzrə Avropa, dünya çempionatları, dünya kuboku yarışları və bir sıra multi idman oyunlarına yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir. Elə bu ayın sonunda Bakıda daha bir mötəbər idman yarışı – taekvondo üzrə dünya çempionatı start götürəcək. Paytaxtımızda, eləcə də, regionlarımızda ilin sonunadək dünya, Avropa çempionatları, digər nüfuzlu beynəlxalq yarışların təşkili planlaşdırılıb. Dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərinin, yarışların ölkəmizdə keçirilməsinə can atırlar. Mükəmməl infrastruktura, bütün sahələrdə dinamik inkişafa malik olan ölkəmizdə baş tutan istənilən irimiqyaslı tədbirin təşkilatçılığı digər ölkələrə nümunə göstərilir. 

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatının da Azərbaycanda keçiriləcəyi ilə bağlı bu yaxınlarda qərar verilib. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. 

Şübhəsiz, Azərbaycanda gimnastikanın yüksək səviyyədə inkişafı da bu cür mötəbər yarışlara ev sahibliyimiz üçün əsaslı zəmin yaradır. Ölkəmizdə gimnastikanın inkişafına və böyük uğurlara Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində nail olunub. Hazırda istər böyüklər arasında, istərsə də müxtəlif yaş qruplarında istedadlı gimnastlarımızın əldə etdikləri nailiyyətlər sevindiricidir. Bu gün Azərbaycanda olan Milli Gimnastika Arenası kimi gözəl məkan dünyanın heç bir yerində yoxdur. Bu arenada istənilən vaxt hər bir yarışı yüksək səviyyədə keçirmək olar. Paytaxt və bölgələrdə gimnastlarımızın hərtərəfli yetişmələri üçün inşa edilmiş və ən müasir standartlara cavab verən idman infrastrukturu, bu sahədə yüksək potensiala malik mütəxəssislərin yetişməsi ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək gimnastların ərsəyə gəlməsinə səbəb olur.

“Ulduz kimi parla” şüarı ilə keçirilən budəfəki Avropa çempionatında komandamızın əzmkar mübarizəsi ilə göz qamaşdırması, əsl ulduz kimi parlaması dediklərimizin sübutudur. Yarışın sonuncu günündə Azərbaycanın üç lent və iki topla qrup hərəkətləri komandasının (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina) möhtəşəm çıxışı hakimlər tərəfindən ən yüksək - 32,250 xalla qiymətləndirilərək qızıl medala layiq görüldü. Bu, ölkəmizin gimnastika tarixində qrup komandamızın ilk çempionluğu idi. Komandamızın üzvləri çoxnövçülük proqramında isə bürünc medala layiq görüldülər.
Qitə çempionatında Zöhrə Ağamirova top ilə final çıxışı üçün hakimlərdən 32,850 xal alaraq bürünc medala sahib oldu. Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Z.Ağamirova Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır. 

Çıxışından  sonra fikirlərini jurnalistlərlə bölüşən idmançımız Avropa çempionatında medal qazanmağın onun ən böyük arzusu olduğunu bildirib. O qeyd edib ki, qazandığı uğurlarda məşqçilərin böyük payı var. Gözəl dəstəyə görə tribunadakı tamaşaçılara təşəkkür edən gimnast bu dəstəyin ona əlavə güc verdiyini vurğulayıb. 

İlk dəfə gənc bədii gimnastlardan ibarət qrup komandamızın çoxnövçülükdə və beş topla yarışlarda bürünc medala yiyələnməsi də xüsusi vurğulanmalıdır. Avropa çempionatı çərçivəsində “Audience Award” mükafatı da məhz qrup hərəkətləri üzrə Azərbaycanın gənclərdən ibarət komandasına verilib. Komandaya Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova daxildir. Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.
Beləliklə, bir qızıl və dörd bürünc medal qazanan Azərbaycan Almaniya, İspaniya, Sloveniya və digər ölkələri qabaqlayaraq ümumi hesabda beşinci olub. 

Bolqarıstan 5 qızıl, 5 gümüş və 3 bürünc medalla ümumi sıralamanın qalibi olub, sonrakı pillələri İsrail (2-5-1) və İtaliya (2-1-2) komandaları tutublar.  

Bununla da, Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 39-cu Avropa çempionatı böyük uğurla başa çatıb. Çempionatın bağlanış mərasimində əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastikasının bayrağını qitə qurumunun vitse-prezidenti Edvard Kolara təqdim edib. Avropa Gimnastikasının rəsmisi isə bayrağı 2024-cü ildə qitə çempionatına ev sahibliyi edəcək Macarıstan nümayəndəsinə verib. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”



İdman