ABŞ-da haqq sözə hücum...

post-img

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da 6 nəfərdən ibarət dəstənin hücumuna məruz qalıb. Əhməd Obalıya ağır xəsarət yetirən sui-qəsdçilər onun tələbə övladını da fiziki zorakılığa məruz qoyublar. Hazırda xəstəxanada intensiv müalicə alan Əhməd Obalının vəziyyəti ağır qiymətləndirlir. Baş verənlər fonunda ən çox maraq doğuran suallardan biri isə qəsdin motivi, bu zorakılığın hansı qüvvələr tərəfindən təşkilidir.

Həqiqət carçısı – mübarizə adamı

Əhməd Obalı Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri kimi uzun müd­dətdir fəaliyyət göstərir. Əsasən İrandakı soydaşlarımızın problemlərini ictimailəş­dirir, onların doğma ana dili, mədəniyyəti, hüquq və azadlıqları uğrunda apardığı mübarizəni beynəlxalq aləmin diqqətinə çatdırır. 

Əhməd Obalı 1961-ci ildə İranın Ər­dəbil ostanına bağlı Meşkinşəhrdə ana­dan olub. Gənc yaşlarından şah rejiminə qarşı etiraz aksiyalarında iştirak edib. Şah rejimi devrildikdən sonra İrandakı möv­cud siyasi rejimə qarşı da mübarizəsini davam etdirən Əhməd Obalı 19 yaşında həbs edilib, təzyiqlərə məruz qalıb. Bütün bunların nəticəsində ölkəsindən uzaqda mühacir həyatı yaşamağa məcbur olub. 

Cənab Obalının siyasi fəaliyyətin­də ən mühüm məqamlardan biri ABŞ-ın Çikaqo ştatında Güney Azərbaycan Televiziyasını təsis etməsidir. 2007-ci ildən Güney Azərbaycan Televiziyasının Azərbaycan bürosu fəaliyyətə başlamış, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələyə start verilmişdir. 

Bir sözlə, Əhməd Obalının bütün həyatı – fəaliyyətinin təhlili bu şəxsin həqiqət carçısı və mübarizə adamı oldu­ğunu göstərir. 

Həyatını Azərbaycan insanına, onun azadlıq və ədalət uğrundakı mübarizə­sinə həsr etmiş bir fəala hücum sadəcə olaraq, bir fərdə deyil, bütövlükdə, Azər­baycan insanının azadlıq mübarizəsinə edilən basqı kimi dəyərləndirilə bilər. Əslində, bu reallıq Əhməd Obalıyaya hü­cumun arxasında hansı siyasi motivlərin dayana biləcəyi ilə bağlı da bəzi ipucları verir. 

Haqq zora boyun əyməyəcək! 

Şübhəsiz, Əhməd Obalıya qəsdin arxasında kimlərin, hansı qüvvələrin dayandığı haqqında indidən qəti mü­hakimə yürütmək mümkün deyil. Lakin sui-qəsdçilərin ABŞ polisi tərəfindən saxlanıldığını nəzərə alsaq, demək olar ki, bu məsələyə yaxın günlərdə aydın­lıq gətiriləcək. Ancaq yetirilən xəsarətlə­rin ağırlığı, hücum edən şəxslərin onun boynunu qırmağa cəhd etməsi göstərir ki, məqsəd Milli Azadlıq Hərəkatı lide­rinin fiziki mövcudluğuna son qoymaq olub. Ancaq bu zorakılıq aktını həyata keçirənlər bilməlidirlər ki, haqqı, həqiqə­ti yaramaz üsullarla susdurmaq müm­kün deyil. Azərbaycan xalqı illərdir onun həqiqətlərini dünyaya çatdıran, bu yolda hər cür təzyiq və təqiblərə sinə gərən oğ­lunun yanındadır və ona edilən hücumu qətiyyətlə lənətləyir. Və Azərbaycan xalqı əmindir ki, bu cinayətə imza atanlar, bu xain əməlin sifarişini verən qüvvələr ifşa olunacaq, gec-tez layiq olduqları cəzanı alacaqdır.

Seymur ƏLİYEV

P.S. Azərbaycan Demokrat Firqəsi MK-nın Siyasi Heyəti Əhməd Obalı və oğlunun ABŞ-da xain hücuma məruz qalması hadisəsi ilə bağlı bəyanat ve­rib. Bəyanatda baş vermiş hadisə hid­dətlə qınanıb.

Siyasət