Moskvada Rusiya və Ermənistan XİN başçılarının ikitərəfli görüşünün gedişində Hayastanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın şərti sərhəddə, Laçın yolunda – Həkəri çayının üstündə yaratdığı nəzarət-buraxılış məntəqəsinin Rusiya Federasiyasının, onun bölgəyə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin nəzarətində olmadığını moskvalı həmkarı Sergey Lavrovun diqqətinə gileylənərək çatdırıb.
Yenə məntəqədən şikayətləndi...
A.Mirzoyanın yersiz giley-güzarı gerçəkliyi təhrif etmək üzrə püxtələşmiş rəsmi İrəvanın gənc çinovniklərinin də etnik natamamlıq kompleksindən əziyyət çəkdiyi, yüksək formatlı beynəlxalq tədbirlərdə özlərini əzabkeş xalqın nümayəndəsi kimi aparmağa üstünlük verdiyi xəstəliyin görünən simptomlarıdır. Bizim üçün burada təəccüblü heç nə yoxdur. Çünki hayların yuxarıda dediyimiz kompleksdən neçə əsrdir əziyyət çəkdiklərini hamıdan yaxşı biz azərbaycanlılar bilirik. Arzu etdiklərini gerçəklik kimi qələmə verməyə alışmış haylar Qarabağ münaqişəsinin lap əvvəlindən bütün təbliğatlarını yalan, və şər-böhtan toxumları üzərində qurdular və bu gün, necə deyərlər, əkdiklərini biçirlər.
Danışıqların Moskva raundunu ağrılı mövzular ətrafında, Cənubi Qafqazdakı mövcud vəziyyət barədə danışmaq üçün daha bir fürsət kimi dəyərləndirən hayların baş diplomatı sülh dialoqunun indiki mərhələsində İrəvanın “konstruktiv mövqe”, Bakının isə “eskalasiya yolunu tutduğunu” gördüklərini dilə gətirir. “Ermənistan həmişə olduğu kimi, konstruktivdir, biz sülh istəyirik”, – deyən A.Mirzoyanın bölgədəki reallığa və onun doğurduğu hərbi-siyasi mənzərəyə güzgü effekti ilə baxdığı, buna görə hər şeyi tərsinə görüb qavradığı gözümüzün qarşısındadır. Düzünə, ya tərsinə, aşkar görünən həqiqət bundan ibarətdir.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov da Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın Moskvada yersiz danışdığına və Sergey Lavrovun qarşısında ağlaşma qurmasının İrəvana heç bir fayda gətirməyəcəyinə diqqəti çəkdi:
“Onun dediyi sözlərin heç bir dəyəri yoxdur. Mirzoyanın orada nədən şikayətləndiyi əsas deyil. Əsas məqam vasitəçi Rusiyanın baş diplomatı Lavrovun üçtərəfli görüşün sonunda bizim Laçın yolunda qurduğumuz nəzarət-buraxılış məntəqəsi barədə, ümumiyyətlə, bir kəlmə də söyləməməsidir. O da yaxşı bilir ki, bu məsələ Azərbaycanın suverenliyi çərçivəsində artıq öz həllini tapıb və beynəlxalq təşkilatlar da bunu qəbul ediblər. Daha ermənilərin vay-şivəndən savayı edə biləcəkləri heç nə qalmayıb”.
Düz bir aydır Azərbaycanın Ermənistanla şərti sərhəddə, Laçın yolunun Həkəri çayının üzərindən keçən hissəsində üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız dalğalanır. Qazandığımız hərbi-siyasi uğurların nəticəsində bölgədə yaranmış yeni reallıqla barışmayan İrəvan və onun xaricdəki himayədarları hələ də illüziyalardan əl çəkmir, revanşist iddialarla çıxış edirlər.
Hayların xarici işlər nazirinin sülh danışıqlarında həmişə özünəməxsus mövqe münayiş etdirdiyini söyləyən politoloq Yeganə Hacıyeva bunun səbəbini belə açıqladı: “Nikol Paşinyan iqtidarı hakimiyəti lobbi qruplarının nümayəndələri arasında bölüşdürməklə, guya, balansa nail olub. Baş nazir öz komandasını məhz bu amilə söykənərək, qurub, seçkilərdə də bunun hesabına qalıb gəlib. Bu bölgü prinsipinə görə, Ararat Mirzoyan ABŞ Konqresindəki Ümumerməni Konqresinin nümayəndəsi, onun dəstəklədiyi namizəddir. Təhsilini Amerikada alan Mirzoyanın doğum yeri haqqında müxtəlif versiyalar səslənsə də, amerikalıdır. Onun münaqişənin tənzimlənməsindəki mövqeyi də buradan qaynaqlanır və çox vaxt danışıqları pozmağa yönəlir. Mirzoyan buna görə Ermənistan parlamentindəki Rusiya lobbisindən, eləcə də Avropa İttifaqının təmsilçilərindən tamamilə fərqli mövqe nümayiş etdirir”.
Yeganə Hacıyeva A.Mirzoyanın Moskvada Həkəri postu ilə bağlı dediklərinin beynəlxalq hüquqa, eləcə də Azərbaycanın Konstitutusiyası ilə bir araya sığmadığını vurğuladı: “Sərhəd şərti də olsa, o, Azərbaycan dövlətinə məxsusdur və orada quraşdırılan nəzarət-buraxılış məntəqəsi də ölkəmizin suverenliyinə və buradan irəli gələn şərtlərə tam uyğundur. Beynəlxalq hüququn regional tətbiqinə, həmçinin ölkə Konstitusiyasına görə, sərhəd Azərbaycanındır. Orada quraşdırılan məntəqə də konstitusiyamızın şərtidir. Hər hansı üçtərəfli razılaşma, xüsusilə də bəyanat çərçivəsində razılaşma dövlətlərin daxili qanunvericilik, konstitusion şərtlərindən də güclüdür, eləcə də beynəlxalq hüquqdan, beynəlxalq konvensiyalardan üstün deyil”.
Politoloq məhz bu səbəbdən Ararat Mirzoyanın istər dediyi, istərsə də arzuladığı şərtlərin onun sadəcə görmək istədiyi məqamlardan ibarət olduğunu qeyd etdi:
“O məntəqədə nə Rusiyanın, nə Avropa İttifaqının, nə də BMT-nin qüvvələri olacaq. Həkəri postunda həmişə Azərbaycan sərhədçiləri, gömrükçüləri və hərbçiləri xidmət göstərəcəklər. 2025-ci ildən sonra isə Laçın yolu, Qarabağ da daxil, hər şey Azərbaycan Ordusunun nəzarətinə keçəcək”.
Təslimçilik sazişi, faktiki kapitulyasiya aktı kimi imza atdıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatının yalnız hüquqi şərtlərini deyil, bütövlükdə, sənədin özünü hörmətdən salmağa çalışan İrəvan üçün Həkəri postu artıq sonuncu dayanacaqdır. Son qərarın harada qəbul ediləcəyindən asılı olmayaraq, o, Azərbaycanın xeyrinə veriləcək.
Sözümüz möhürümüzdür
Bir ay bundan əvvəl, 2023-cü il aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində sərhəd-buraxılış məntəqəsi quruldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu fakt bütün dünyaya bəyan edildi. Azərbaycan hər zaman olduğu kimi, bu gün də ədalətin tərəfdarıdır, bu yolda haqlı mübarizəsini sonadək, həm də qətiyyətlə davam etdirəcək. Buna heç kəs, o cümlədən İrəvan şübhə etməməlidir.
Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-buraxılış məntəqəsində pasport yoxlanış proseduru həyata keçirilir. Sərhədçilərimizlə yanaşı gömrükçülərimiz də orada xidməti fəaliyyətlərini davam etdirirlər. Onlar bu missiyanı beynəlxalq standartlara və etiketə tam uyğun şəkildə həyata keçirirlər.
Bütün haqsız ittihamlara rəğmən, Azərbaycan bu savaşın hər iki cəbhəsində – həm döyüş meydanında, həm də diplomatik müstəvidə daim dürüstlük və qətiyyət nümayiş etdirdi. Verdiyimiz vədə əməl etdik, sözümüzün sahibi olduq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.
Bəli, şərti sərhəddəki Həkəri postu nəyi nə vaxt edəcəyini dəqiq bilən, dediyi sözü imzaya və möhürə çevirməyi bacaran Ali Baş Komandanın və onun arxasında duran xalqın iradəsinin zirvə nöqtəsidir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



