Şimal-Cənub dəhlizi: Azərbaycan udan, Ermənistan uduzan tərəfdir

post-img

Bu günlərdə Tehranda İran və Rusiya rəsmiləri ölkəmizin ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm hissəsi olan Astara–Rəşt dəmir yolunun tikintisi ilə bağlı saziş imzalayıblar. Bu, sözügedən dəhlizin fəaliyyətə başlaması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir. 

Ukraynada artıq 15 aydır davam edən ağır müharibə, Qərbin Rusiyaya və İrana qarşı tətbiq etdiyi sanksiyalar Avropanın şərqi ilə qərbi arasında nəqliyyat əlaqələ­rini minimuma endirib. Bütövlükdə, ge­niş bir coğrafi məkanda Avropa ilə Rusiya arasında yaranan dərin çatlar rəsmi Mos­kvanı alternativ ticarət yollarının açılması üçün səylərini artırmağa sövq edib. 

Bu kontekstdə Qədim İpək Yolu üzə­rindəki “Orta dəhliz”lə bərabər, Şimal-Cə­nub dəhlizinin əhəmiyyətini kəskin artırır. Bu marşrut Baltikyanı ölkələrin limanla­rından Hindistanın böyük sənaye və ti­carət şəhəri olan Mumbaya qədər 7 min kilometrdən çox məsafədə mal və məh­sulların daşınmasını gündəmə gətirir. 

Ən başçlıcası, bu dəhliz mövcud ənənəvi ticarət yollarından iqtisadi cəhət­dən daha sərfəlidir. Belə ki, Şimal-Cənub dəhlizi hazırda Süveyş kanalı vasitəsilə daşınan malların nəqliyyat xərclərini, azı, otuz faiz azalda bilər. Üstəlik, daşınma müddəti üç dəfə qədər azala bilər.

Rusiya Prezidenti Vladimir Putin Şi­mal-Cənub dəhlizinin əhəmiyyəti barə­də danışarkən deyib ki, məhsulların Sankt-Peterburqdan Mumbaya çatdırıl­ması təxminən 10 gün çəkəcək. Həm də xeyli ucuz başa gələcək. 

Buna görə də Rusiya səxavətlə dəh­lizə vəsait ayırmağa qərar verib. Belə ki, Moskva İranın payına düşən Astara-Rəşt dəmiryolunun tikintisi üçün İran tərəfinə 1,3 milyard avro kredit ayırıb. İki ölkə ara­sında imzalanan sazişə əsasən layihənin dəyəri 1,6 milyard avro dəyərləndirilir. 

Qeyd etmək lazımdır ki, İran uzun müddət bu layihəyə Ermənistanı cəlb etməklə, Azərbaycanı kənarda qoymaq istəyirdi. Hətta Hindistan hökuməti ora­dakı erməni lobbisinin təzyiqi ilə dəhlizin Ermənistandan keçməsində maraqlı ol­duğunu deyirdi. Alternativ yol kimi, mal­ların İrandan Ermənistana daşınması, oradan isə Gürcüstan yolu ilə Rusiyaya çatdırılması təklif olunurdu. 

Mütəxəssislər qeyd edirlər ki, həmin yolun buraxılış imkanları həddindən artıq aşağıdır. İndinin özündə də Ermənistana aid nəqliyyat vasitələri o yolu keçməkdə bir çox ciddi çətinliklərlə üzləşir. İran, eyni zamanda yüklərin Xəzər dənizi vasitəsilə Ənzəli limanına daşınmasını təklif edirdi. Bu təklif də bəyənilməyib, ona görə ki, malların dəmir yolu ilə daşınması daha ucuz başa gəlir. 

Ermənistan rəhbərliyi isə son vaxtlar rəsmi Bakı ilə Tehran arasında müəy­yən gərginliyin yaranmasından istifadə edərək alternativ yol variantını yenidən gündəmə gətirmişdi. Bu dəfə İrəvan “Fars körfəzi – Qara dəniz” layihəsinin icrası üçün cəhdlər göstərirdi. Lakin er­mənilərin bu arzusu da gözlərində qaldı. Belə ki, yüklərin quru yollarla “Tır”larla daşınması dəmir yoluna nisbətən baha başa gəlir. 

Bundan başqa, İrəvanın öz ərazisin­dən İrana dəmir yolu çəkmək ideyası da fiaskoya uğrayıb. Belə ki, bu yol çətin relyefi olan yüksək dağlıq ərazidən keç­məlidir. Bunun üçün azı 3-5 milyard dollar vəsait lazımdır. Bu vəsait isə Ermənistan­da yoxdur. 

Atamoğlan MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin professoru, politoloq

Rusiya və İran öz aralarında ticarət dövriyyəsinin həcmini hazırkı 40 mil­yard dollardan bir neçə dəfə artırmağı planlaşdırır. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İlkin mərhələdə Asta­ra-Rəşt dəmir yolunun tikintisini sürət­ləndirmək nəzərdə tutulub. 

Məlum olduğu kimi, bu il mayın 17-də Tehranda Rusiya ilə İran arasında Rəşt–Astara dəmiryolunun tikintisi üçün saziş imzalanıb. 170 kilometr uzunluğunda olan bu xəttin inşası 4 il ərzində başa çatdırılacaq. Layihələn­dirmə işləri təxminən bir il çəkəcək. Ondan sonra Astara-Rəşt dəmir yolu­nun tikintisi başlayacaq. 

Azərbaycan bu layihədən ən çox udan ölkələrdən biri olacaq. Çünki ölkəmizdə yaxşı inkişaf etmiş dəmir və avtomobil yolları, liman infrastrukturu var. Bu sahədə Azərbaycanla Cənubi Qafqazda heç bir ölkə rəqabət apara bilmir. 

Məlumdur ki, son illər Baku -Yala­ma dəmir yolunda 400 milyon dollarlıq modernizasiya işləri görülüb. Yaxın vaxtlarda isə Ələt-Astara yolunun mo­dernləşdirmə işləri başlayacaq. 2023-cü ilin sonuna qədər yüksək sürətli Samur-Baku avtomobil yolunun tikintisi başa çatdırılacaq. 

Xatırladaq ki, hələ 2019-cu ildə Azərbaycan-Rusiya sərhədində Ya­lama-Qazmalar körpüsü inşa edilib. Ötən ildən orada Xanoba nəzarət-bu­raxılış məntəqəsi fəaliyyət göstərir. Buradan gündə 1000 yük maşını keçir. “Şirvanlı” nəzarət-buraxılış məntəqəsi ən müasir avadanlıqlarla təchiz olu­nub. Bu tədbirlər nəticəsində əvvəllər sərhəddə adi hal olan tıxaclar aradan qaldırılıb. 

Azərbaycan özünün cənub sər­hədlərində də nəqliyyat infrastruktu­runu yaradıb. 2018-ci ildə Ələt-Astara avtomobil yolu istifadəyə verilib. Son dörd ildə Astaradan sərhədə qədər dəmir yolu relsləri quraşdırlılıb. Astara çayı üzərində yeni terminallar və nə­zarət-buraxılış məntəqəsi inşa edilib.

M.ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət