Günnüt əməliyyatı – Qarabağ Zəfərinin Naxçıvan müjdəsi

post-img

Azərbaycan Ordusunun qalibiyyətli Aprel döyüşlərindən 2 il sonra, Vətən müharibəsindəki tarixi Zəfərdən isə 2 il əvvəl qazandığı qələbədən – Günnüt əməliyyatından 5 il keçir. 2018-ci il may ayında baş vermiş bu tarixi hadisə bir tərəfdən Azərbaycan Ordusunun güc və qüdrətinin təsdiqi idisə, digər tərəfdən də respublika rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində yeritdiyi qətiyyətli siyasətin nümayişi idi. 

Böyük Zəfərin əldə edilməsinə qə­dər Prezident İlham Əliyev davamlı şəkildə bəyan edirdi ki, ərazi bütöv­lüyümüz kimsə ilə müzakirə obyekti ola bilməz, bu məsələdə Azərbaycan dövləti və xalqı heç zaman güzəştə getməyəcəkdir. Naxçıvan Muxtar Res­publikası ilə Ermənistanın sərhədində yerləşmiş Günnüt kəndinin və ətraf ərazilərin Azərbaycan Ordusu tərəfin­dən yalnız bir nəfər şəhid verilməsi ilə azad edilməsi də xalqın dəstəyinə da­yaqlanan bu güzəştsiz siyasətin tarixi nəticəsi idi.

Şərur rayonu və istərsə də mux­tar respublika üçün strateji əhəmiyyət kəsb edən Günnüt kəndi hələ 1992-ci ildə Ermənistanın hərbi qüvvələri tərə­findən işğal olunmuşdu. Erməni işğa­lına məruz qaldıqdan sonra bu abad kəndin yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdıldı, qə­dim yaşayış yeri erməni vandalları tərəfindən xarabalığa çevrildi. Kən­din yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi viran hala salındı. Əhali rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur oldu.

Dağlıq Qarabağ bölgəsindən kə­narda olan Günnüt kəndinin işğalı Ermənistan Respublikasının Azərbay­can qarşı təcavüz siyasətinin əyani nü­mayişi idi. Dağlıq Qarabağla bərabər, bütünlükdə Naxçıvanı da işğal etmək niyyətini erməni millətçi dairələri heç zaman gizlətmirdilər. Əslində, Ermə­nistanın Azərbaycana qarşı işğalçılq siyasətinin icrasına da 1990-cı il yan­var ayının 19-da Naxçıvana məxsus olan Kərki kəndinin işğalı ilə başlan­mışdı. Lakin ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən sonra bu diyarı işğal edərək Ermənistana bir­ləşdirmək üçün erməni millətçi dairələ­rin siyasəti həyata keçə bilmədi.

Erməni hərbi qüvvələrinin nəzarəti altında qalmış Günnüt kəndi və onun ətrafındakı strateji yüksəkliklərin azad edilməsi isə 2018-ci ilin may ayında yeniləşmiş Azərbaycan Ordusu tərəfin­dən həyata keçirildi.

Günnüt əməliyyatı Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordu­nun qüvvələri tərəfindən aparıldı. Bu struktur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli fərmanı əsasında Muxtar Respublika ərazisində mövcud olan hərbi birliyin bazasında yaradıl­mışdı.

Naxçıvan Muxtar Respublikasında yeni bir əməliyyat-strateji ordu vahidi­nin yaradılması yalnız mövcud olmuş birliyin adının dəyişdirilməsi demək de­yildi. Ümumqoşun Ordunun yaradılma­sı hər şeydən əvvəl Naxçıvanın etibarlı müdafiəsinin təşkili zərurətindən irəli gəlirdi. 

Nəzərdə tutulmuşdu ki, bu yeni strukturun yaradılması ilə Naxçıvan ərazisindəki hərbi qüvvələr müstəqil şəkildə muxtar respublikanın müdafiə­sini təşkil etməyə qadir olan bir vahi­də çevrilsin. Bunu Günnüt əməliyyatı ərəfəsində, 2018-ci il may ayının 16-da Naxçıvana səfər etmiş Azərbay­can Respublikasnın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də qeyd edirdi: “İlk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik təd­birləri ön planda və prioritet məsələ ol­malıdır. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Bu gün Naxçıvan Ordusu böyük qüv­vəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyya­tı keçirə bilər”. 

Ermənistan sərhəd xətti boyu yer­ləşən birinci əməliyyat eşelonu birliklə­rində dayanıqlı müdafiənin yaradılması sahəsində əməli tədbirlər görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş, qo­şunların döyüş qabiliyyəti yüksək sə­viyyəyə qaldırılmışdı. Ordunun döyüş qabiliyyətinin daha da təkmilləşdirilmə­si, əməliyyat işləri üzrə hazırlığın güc­ləndirilməsi üçün birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlim­ləri keçirilməkdə idi. Həmin təlimlərə Azərbaycan Ordusunun müxtəlif qoşun birləşmələri cəlb olunur və bu zaman ən müasir tələblərə cavab verən simul­yator və kompüter şəbəkələrindən isti­fadə edilirdi. 

Ali Baş Komandan İlham Əliyevin Naxçıvana səfərindən dərhal sonra Er­mənistanın yeni müdafiə və xarici işlər naziriləri Naxçıvanla sərhəd bölgəsinə səfər etdilər. 2018-ci il may ayının 20-də ermənilər tərəfindən törədilən təx­ribat nəticəsində Əlahiddə Ümumqo­şun Ordunun əsgəri Adil Tatarov şəhid oldu. Dünya ictimaiyyətinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinin nizam­lanmasından yayındırılması və gərgin­lik mərkəzinin Azərbaycan–Ermənis­tan dövlət sərhəd xəttinin Naxçıvan sahəsinə keçirilməsi cəhdinin qarşısı­nın alınması üçün elə həmin gün Gün­nüt əməliyyatının keçirilməsinə qərar verildi. 

Günnüt əməliyyatı 2018-ci il may ayının 27-nə qədər davam etdi və hər­bi qüvvələrin qarşısına qoyulmuş tap­şırıq tam şəkildə yerinə yetirildi. Nəti­cədə, Günnüt kəndi ilə birlikdə 11 min hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına gətirildi. Günnüt kəndi ətrafında yerləşən 2065 metr hündür­lüyü olan Xunut yüksəkliyi, 1869 metr hündürlüyü olan Mehridağ yüksəkliyi, 1683 metr hündürlüyü olan Qızılqaya yüksəkliyi Ümumqoşun Ordu bölmələ­rinin nəzarəti altına keçdi. Azad olun­muş ərazilərin 8 min hektarı əkinçilik üçün yaralı olan torpaqlar idi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi isə Ermə­nistan ərazisindən keçən Yexeqnad­zor–Gorus–Laçın–Xankəndi yolunun nəzarət altına alınmasına imkan verdi.

Günnüt kəndinin erməni işğalından azad edilməsi bölgədə strateji üstünlü­yün qazanılmasından əlavə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizli­yi və təsərrüfat həyatı üçün də böyük əhəmiyyət kəsb edirdi. Bu kəndin və onun ətrafında olan ərazilərin ermə­ni nəzarətindən çıxarılması ilə Şərur və Sədərək rayonlarını bütünlüklə, Kəngərli rayonunu isə qismən su ilə təmin edən Arpaçay su dəryaçasının da təhlükəsizliyi təmin edildi. Çünki erməni millətçiləri bu su dəryaçasını da partlatmaqla Naxçıvan əhalisinin və torpaqlarının su ilə təmin edilməsi­ni çətinləşdirmək istəyirdilər. Günnüt kəndinin azad edilməsi ilə Naxçıvanın təxminən 14 faiz elektrik enerjisini tə­min edən Arpaçay-1 və Arpaçay-2 su elektrik stansiyalarının da təhlükəsizliyi təmin edilmiş oldu. 

Günnüt döyüşünün keçirilməsin­dən sonra Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin döyüşün nəticələrini belə qiymətlən­dirirdi: “Naxçıvanın 1990-cı illərin əv­vəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bay­ram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərə­findən aparılmış uğurlu əməliyyat nə­ticəsində azad edildi. Çox böyük mü­həndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharət­lə, peşəkarlıqla həyata keçirildi. Azər­baycan hərbçisi bir daha qəhrəman­lıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi stra­teji kommunikasiya yollarını nəzarət altında saxlayırıq”.

2021-ci il may ayının 10-da Naxçı­vana növbəti səfəri zamanı isə İlham Əliyev Günnüt döyüşünün nəticələri­nin dəyərini belə açıqlayırdı: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nə­zarət edirik. İkinci Qarabağ mühari­bəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edil­məsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.

Doğrudan da, Əlahiddə Ümumqo­şun Ordu qüvvələrinin əldə etdiyi nə­ticələr sevindirici idi. Həmin dövrdə Ermənistan silahlı qüvvələri baş qərar­gahının rəisi olmuş M.Akopyan etiraf edirdi ki, Günnüt əməliyyatının nəti­cələrinə görə Ermənistan tərəfi çox bö­yük ərazilərə nəzarəti itirməli olmuşdu. Bir sözlə, Günnüt əməliyyatı inkişafda olan Azərbaycan Ordusunun gücünün və qüdrətinin yeni bir ifadəsi oldu. Bu əməliyyatın gedişi, idarə edilməsi, ko­mandir heyətinin səriştəsi və məharəti göstərdi ki, Azərbaycan Ordusu daha böyük zəfərlərin əldə edilməsinə qadir­dir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin bütün dünyaya səs salan nəticələri də bunun təsdiqi oldu

 

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru



Siyasət