Dağüzü kəndinin üzünü ağ edən oğul

post-img

Vətənimizin hər tərəfində olduğu kimi, Yardımlı rayonunun ucqar Dağüzü kəndində də zaman-zaman igid, qəhrəman övladlar doğulub. Bu yaxınlarda qardaş Türkiyədə müalicəsini başa vurub, doğma yurduna geri dönən qazimiz Vahid İmanlı kimi.

Vahid orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə Goranboy rayonun­dakı “N” saylı hərbi hissədə xidmətdə olub. Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törət­mələrinə cavab olaraq 2020-ci il sent­yabr ayının 27-də ordumuzun başladığı əks-hücum əməliyyatında Vahid İmanlı da iştirak edib və sərrast snayper kimi böyük qəhrəmanlıq göstərib. O, yara­lı əsgər yoldaşını döyüş meydanından çıxararkən ayaq nahiyəsindən və kürəyi­nin onurğa sütunundan düşmənin snay­per gülləsinə tuş gəlib, 6 saata yaxın yaralı vəziyyətdə neytral ərazidə qalıb. Türkiyədə 39 əməliyyat keçirib. 

Qazimiz döyüş yolundan danışdıqca qürurlanır, müzəffər ordunun qalib əsgə­ri olduğu üçün fəxr edir. O, Füzuli rayo­nundakı “Qırx metrəlik post”, “Ferma”, “Quzğun” adlandırılan ərazilərin və bir çox yüksəkliklərin erməni silahlılarından təmizlənməsində şəxsən iştirak edib. Oktyabrın 26-da – Vətən müharibəsinin 30-cu günündə, gecə saatlarında Yuxa­rı Əbdürrəhmanlı uğrunda gedən qızğın döyüşlərin birində yaralı yoldaşını xilas edərkən ağır yaralanıb. Yaralı vəziyyətdə təxminən gecə saat ikiyə qədər neytral ərazidə qalıb. Kəşfiyyat bölüyünün əs­gərləri onları səhərə yaxın həmin ərazi­dən çıxara biliblər...

Şərəfli qazi adını daşıyan Vahid dö­yüş yoldaşları ilə çəkdirdikləri fotoları göstərərək sözünə davam edir: “Bax, bu dörd-beş silah yoldaşımla qardaş kimiy­dik. Araz, Pərviz, Elməddin və Rəşadla hər zaman bir-birimizə dəstək olurduq, ürək-dirək verirdik. Həmin gecə Araz ilə Rəşad da yaralandılar. Biri minadan, biri də elə mənim kimi snayper gülləsindən. Bizi neytral ərazidən çıxaranların ara­sında dostlarımdan Elməddin və Pərviz də vardı. İlk yaralarımıza müdaxilə elə həmin gecə Füzulidə oldu. Sonra bizi Bakı hospitalına göndərdilər. Onurğa sütunumdakı gülləni çıxardılar. İlk əmə­liyyatım o oldu. 2 günə yaxın komada qaldım. Ayılanda inanmırdım ki, həyatda­yam, sağam. Şuşanın azad olunması xə­bərini elə xəstəxanada olarkən eşitdim. Bu qələbə müjdəsini bizə həkimlərimiz verdilər. Həmin gün çox sevincliydim. Ali Baş Komandanımızın əmri, xalqımızın qələbə əzmi, ordumuzun rəşadəti ilə tor­paqlarımız azad olundu. Otuz illik həsrə­timizə son qoyuldu. Vətəndaş olaraq bu Vətənə az da olsa, borcumu qaytardığım üçün fəxr edirəm!” 

Altı aydan sonra qazimiz “YAŞAT” Fondu tərəfindən müayinə, müalicə və reabilitasiya prosesləri üçün qardaş Tür­kiyəyə göndərildi. Bu barədə dediklə­ri: “Məni Türkiyəyə təyyarədə uzanıqlı vəziyyətdə apardılar. Orada neçə-neçə əməliyyat keçirdim. Əməliyyatlardan, fiziki tedavilərdən sonra birtəhər otura bildim, səhhətimdə xeyli irəliləyiş oldu. Həkimlər yeriyə biləcəyimin ancaq zamanla, idman məşğələləri ilə düzələcəyini söylədilər. Türkiyədə müalicə aldığımız zaman, 9 Noyabr – Dövlət Bayrağı Günündə şəhid generalımız Polad Həşimovun anası və bacısı bizim yanımıza gəldilər, müqəddəs bayramımızı birlikdə qeyd etdik. Koman­dir heyətimiz də bizimlə əlaqə saxlayırdı. Hazırda da tez-tez zəng edir, danışırlar”.

Vahidin cəsurluğu ölkə başçısının diqqətindən kənarda qalmayıb. “Füzuli­nin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüş­çü” medalları ilə, eləcə də “Vətən müha­ribəsi iştirakçısı” medalı ilə təltif olunub.

...Vahid İmanlının Türkiyədən müa­licədən evinə qayıtması Yardımlıda əsl bayram olub. Şəhərin girişində o, ictima­iyyət nümayəndələri, qazilər, dostları və qohumları tərəfindən qarşılanıb. Daha sonra hamılıqla avtomobil karvanı ilə Şə­hidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban ver­miş şəhidlərimizi ziyarət ediblər. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Vahidi evində ziyarət edib, qazi­mizin şərəfinə qurban kəsilib.

Görüşdə 44 günlük Vətən mühari­bəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumu­zun şanlı qələbəsi xoş sözlərlə xatırlanıb. Müqəddəs Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında misilsiz qəhrəmanlıq göstərən qazilərimizə can­sağlığı arzuları çatdırılıb. 

Söhbət zamanı qazi olan hər bir əs­gərin ölkəmizin qəhrəmanlıq simvolu, Vətən uğrunda şəhid olmağı göz önünə alan igidlərin hər birinin şərəf nişanəsi olduğu və daim qəhrəman adını daşıya­cağı ifadə edilib.

Sərvər KAMRANLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

Sosial həyat