Prezident İlham Əliyevin Şuşadan xalqa müraciətində ümummilli liderimiz Heydər Əliyevin bütün dövrlərdə doğma Azərbaycana sədaqətlə xidmət etməsi, respublikamızın iqtisadi potensialını formalaşdırması, eyni zamanda, dövlət müstəqilliyimizin qorunmasında misilsiz xidmətlər göstərməsi xüsusi vurğulanmaqla yanaşı, dahi şəxsiyyətin 100 illik yubileyinin Şuşada keçirilməsinin mədəniyyət paytaxtımızın tarixi qələbənin rəmzi, zəfərin tacı olmasından irəli gəldiyi bildirilib.
Dövlət başçısı daha sonra cari il başlayandan ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı bir sıra tədbirlər keçirildiyini, müzakirələr aparıldığını, mayın 2-dən indiyədək isə Qarabağ və Şərqi Zəngəzurda özünün iştirakı ilə 10 kəndin təməlinin qoyulduğunu, açılışlar həyata keçirildiyini vurğulayıb. Ölkə rəhbəri həmin səfər çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları və məscidlərin inşa edildiyini, yenidən qurulduğunu və ya təmir olunduğunu, həmçinin elektrik xətləri çəkildiyini, bütün bu quruculuq işlərinin təməlində isə Azərbaycan xalqının maraqları dayandığını söyləyib.
Azərbaycan lideri müraciətində bir daha xatırladıb ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi: “Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969–82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”.
Dövlətimizin başçısı müraciətində dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı dövrünü xatırladaraq, həmin vaxt respublikamızın gələcəyinin yalnız xarici sərmayə hesabına mümkün ola biləcəyini diqqətə çatdırıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin vurğuladığı kimi, o illərdə xəzinənin boş olması, inflyasiyanın min faizlərlə ölçülməsi, sənayenin, o cümlədən, neft-qaz sektorunun iflic vəziyyətə düşməsi xarici investorların ölkəyə gəlmələrinə, onların sərmayə yatırmalarına çətinliklər törədirdi. Buna görə də mövcud problemlərin həllində 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” növbəti bir dönüş nöqtəsi idi.
Həmin tarixi sazişin imzalanması və uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi hazırda ölkə iqtisadiyyatını gücləndirir.
Beləliklə, sözügedən müqavilə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı.
Dahi lider o illərdə nefti Azərbaycanın ən böyük sərvəti kimi dəyərləndirərək, “qara qızıl”ın xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsub olduğunu bildirirdi. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilk gündən etibarən neft gəlirlərinin xərclənməsində şəffaflığı yüksək səviyyədə gerçəkləşdirməyə başladı. Ümumilikdə, Dövlət Neft Fondunun fəaliyyətindən qısa müddət ötəndən sonra bu təşkilat beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirildi. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirdi, keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına önəmli təsir göstərdi. İlk qaçqın şəhərciyi məhz o vəsaitlə inşa edildi, fondun maliyyəsi ilə ordu quruculuğunda çox ciddi addımlar atıldı.
Prezident İlham Əliyev müraciətində ulu öndərin səyi, uzaqgörənliyi ilə o zaman Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm layihələr gerçəkləşdirildiyini, respublikada Avropa–Qafqaz–Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfransın reallaşdırıldığını da bildirib. Ölkə rəhbəri məhz o illərdə bu gün “Orta Dəhliz” deyilən layihənin bəzi maneələrə baxmayaraq, bünövrəsinin qoyulduğunu, bu dəhlizin Azərbaycan ərazisindən keçməsinin də o zaman şərtləndirildiyini vurğulayıb. Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) bu gün uğurla fəaliyyət göstərir. Hazırda dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 75 faizə çatır.
Yeri gəlmişkən, marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün dəhliz boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur. Prezident İlham Əliyev müraciətində Heydər Əliyevin neft strategiyasının hazırda Azərbaycanın inkişafını, Qarabağın, Zəngəzurun yenidən qurulmasını şərtləndirdiyini qeyd edərək deyib: “1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır. Bütün bu işlərin təməli o illərdə qoyulub...”.
Dövlətimizin başçısı müraciətində son 20 ildə Azərbaycanın iqtisadi inkişafı barədə də fikirlərini bölüşüb. İqtisadiyyatımızın 3 dəfədən çox artdığını, valyuta ehtiyatlarımızın 65 milyard dollara çatdığını, xarici borcun 6 milyard dollardan bir qədər yüksək olduğunu, valyuta ehtiyatlarının xarici borcu təxminən 10 dəfə üstələdiyini, ümumi daxili məhsulun isə cəmi 9-10 faizini təşkil etdiyini diqqətə çatdırıb.
Ölkə rəhbəri müraciətində işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq layihələrinin icra vəzəyyətindən də bəhs edib. Dövlətimizin başçısı müharibədən cəmi iki il yarım keçəndən sonra artıq köçkünlərin iki kəndə qaytarıldığını, 10 kəndin isə bünövrəsinin qoyulduğunu xatırladıb.
Bu gün Qarabağ, Zəngəzur dirçəlir, işğaldan azad edilən ərazilərdə bərpa missiyası uğurla icra edilir. Dövlətimizin başçısının müraciətində daha sonra deyilir: “Ulu öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, eləcə də mülki missiyamızı– bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.
Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”