Xalqına sevgisi, Vətəninə xidməti ilə əbədiyyət qazanmış lider

post-img

Xalqımızın ümummilli lideri, Yeni Azərbaycanın memarı, zəmanəmizin böyük siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə son 65 ildə qazanılmış uğurlara ümumxalq baxışına, ulu öndərin bilavasitə rəhbərliyi ilə əldə edilmiş hərtərəfli tərəqqinin tarixi hesabatına çevrilib. 

Müdiriklərdən biri deyib: “İnsan­lar dünyasını dəyişəndən sonra yaşa­yan xatirələri onların ikinci həyatıdır”. Bu hikmətdən çıxış etsək ulu öndər Heydər Əliyevin çağdaş Azərbaycanın tarixində və taleyində oynadığı müstəsna rol, həyatın bütün sahələrində yaratdığı əsaslı dəyişiklik, həyatımızda qoyduğu silinməz izlər bu nəhəg insana da ikinci ömür, həm də əbədiyyət qazandırıb. 

Unudulmaz lider Azərbaycana rəh­bərliyinin hər iki dövründə Azərbaycanı qarış-qarış gəzib, ayağı dəyən yerlər gülüstana çevrilib, keçirdiyi görüşlər hə­min bölgələrdə dastanlaşıb, buna görə də xatirələri daim sevgi-sayğılarla yad edilir. Tarixdə hər insana nəsib olma­yan millət atası, ümummilli lider titulla­rını qazanmış Heydər Əliyev bu ululuğa xalqına çoxillik təmənnasız və misilsiz xidməti ilə yüksəlib.

Ulu öndər respublikamıza rəhbər­liyinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyinin zəruri əsaslarını yaradıb. Müstəqil Azərbaycanın me­marı və qurucusu olmuş böyük rəhbər 10 illik prezidentliyi dövründə isə ölkə­nin hərtərəfli inkişafı və çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırıl­ması, demokratik dövlət, qüdrətli ordu quruculuğu, gənc müstəqil respublika­mızın dünya birliyinə qovuşması, bey­nəlxalq aləmdə geniş tanıdılması yolun­da müstəsna xidmətlər göstərib, tarixi uğurlara imza atıb. 

Xalqımız haqlı olaraq müstəqilliyi­mizin banisinin qoyub getdiyi irsi, daxili və xarici siyasətini, ölkəmizin bütövliyi, tərəqqisi naminə bütün uğurlarını qo­ruyub davam etdirir. Heydər Əliyevin özünün dediyi kimi: “Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mər­hələsi xalqın səlnaməsi, həyat yoludur”. Bu müdrik sözləri elə Heydər Əliyevin özünün də tükənməz fəaliyyətinə şa­mil etmək olar. Məhz ümummilli liderin apardığı ardıcıl və uzaqgörən siyasə­tin nəticəsidir ki, bu gün onun yaratdığı sənət əsəri – müasir və müstəqil Azər­baycan dünyanın ən qabaqcıl və inki­şaf edən ölkələrindən biridir. Müstəqil dövlətimizi bu şərəfli və mötəbər mərtə­bəyə Heydər Əliyevim dərin zəkası, ti­tanik xidmətləri, müəyyən etdiyi dövlət siyasəti çatdırıb.

Ulu öndər Azərbaycanı xilas, dirçə­liş və tərəqqi yoluna hədsiz çətinliklərə sinə gərərək, gərgin səyər göstərərək çıxarıb. Müstəqilliyin ilk illərində naşı siyasi qüvvələrin və rəhbərliyi zor gü­cünə ələ keçirmiş bacarıqsız insanların məsuliyyətsizliyi üzündən 1993-cü ilin iyun ayında ölkəmiz artıq vətəndaş mü­haribəsi həddinə çatmışdı. Azərbaycan hakimiyyət böhranı ilə üz-üzə qalmışdı. Xalqımızın müstəqilliyini istəməyən xa­rici güclərin dəstək verdiyi silahlı birləş­mələr hakimiyyətin zəifliyindən istifadə edib ölkəni xaosa sürükləmişdilər. 

Belə bir çətin şəraitdə xalqın tə­kidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev antiazərbaycan qüvvələ­rin planlarını alt-üst edərək ölkəni böyük bir fəlakətdən qorudu. Böyük siyasət nəhəngi olan ümummilli lider müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçərək sabitliyin, sosial-iqtisadi inkişa­fın və tərəqqinin qarantına çevrildi.

Azərbaycanın ağır günlərini yaşa­dığı bir vaxtda yenidən hakimiyyətə gələn və dövlət müstəqilliyimizin daya­nıqlığına nail olmaq üçün səylərini, ilk növbədə, ölkə daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən ulu öndər paralel olaraq strateji əhəmiyyət daşı­yan bir sıra iqtisadi layihələrin gerçək­ləşməsinə də öz töhfəsini vermişdir. Bu layihələrdən ən mötəbəri isə Heydər Əliyevin dəmir iradəsi və siyasi nüfuzu sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan Əsrin müqaviləsi oldu. Bu müqavilə həm iqtisadi, həm də siyasi əhəmiyyət kəsb edir.

Ulu soydaşımız Heydər Əliyev Azər­baycanı – ümumi və bölünməz vətə­nimizi çox sevirdi. O, azərbaycanlı ol­ması ilə həmişə fəxr edirdi və deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.Bu yerdə keçmiş SSRİ-nin Dövlət Plan Komitəsinin sabiq sədri Nikolay Bayba­kovun sözünü xatırlamaq yerinə düşər: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Heydər Əliyevin müdrik si­yasət, tükənməz enerji, dərin inamla Vətən naminə gördüyü işlər tariximizə qızıl hərflərlə həkk olub və xalqımızın yaddaşında əbədi yaşayacaq. Eyni za­manda, Heydər Əliyev türk dünaysının qüdrətli lideri, dünya tarixində yeri olan böyük şəxsiyyətdir. BMT-nin keçmiş Baş katibi Butros Butros Qali demişdir: “Heydər Əliyev böyük şəxsiyyətdir. O mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır”.

Bütün Azərbaycan xalqı kimi ulu ön­dərimizi biz qarabağlılar, ilk növbədə, ağdamlılar da unutmur, qəlbimizdə ya­şadırıq. Yaxşı yadımdadır ki, bütün re­gionlarımızın inkişafını da daim diqqət mərkəzində saxlayan respublika rəhbə­ri sovet dövründə 4 dəfə – 1973, 1974, 1981, 1982-ci illərdə Ağdam rayonuna səfər etmiş, hər gəlişində rayonun so­sial-iqtisadi inkişafına yeni yön və stimul vermişdir. 

Mən rayon partiya komitəsində məsul vəzifədə və Ağdamda çıxan ra­yon qəzetinin redaktoru olduğum il­lərdə ulu öndərimizin keçirdiyi iclas və plenumlarda, fəallar yığıncaqlarında, zona müşavirələrində iştirak etmişəm. Bu yaxın müşahidələrim zamanı onun Vətənini, xalqını nə dərəcədə sevdiyi­nin, insanlara necə diqqət və qayğı ilə yanaşdığının, unikal yaddaşa və biliyə malik olduğunun şahidi olmuşam. 1977-ci ildə Azərbaycan KP MK-da təcrübədə və 1986-cı ildə Moskvada SSRİ jurna­listlərinin qurultayında olarkən ulu öndə­rimizlə təmasda olduğum anlar da indi unudulmaz tarixə çevrilmişdir. 

Azərbaycan rəhbəri birinci dəfə 1973-cü ildə Ağdamda səfərdə olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlər­də olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun”. O, rayonun kolxozlarında pambıqçılarla və mexa­nizatorlarla görüşmüş, onların əmək və güzaranı ilə maraqlanmışdı. Heydər Əliyev zarafatından qalmayaraq 9 uşa­ğı olan qadının 10 uşağı olan qadından niyə geri qaldığını soruşmuş və “ona çata bilərsənmi?”– demişdi. Ulu öndər bununla xalqımızın artıb - çoxalması­nın vacibliyini anlatmışdı. Heydər Əli­yevin rayon zəhmətkeşləri ilə görüşləri hər yerdə mehriban, səmimi və işgüzar şəraitdə keçmiş, 1981-ci ilin iyul ayının 10-da ölkə başçısının yenidən Ağdam rayonuna səfəri də əsl bayrama çevril­mişdi. Dahi rəhbərimiz 6 dəfə ümumit­tifaq sosializm yarışının qalibi olmuş, adı XTNS-nin şərəf kitabına yazılmış, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın başçılıq etdiyi kolxozun pambıqçıları, taxılçıları və mexanizator­ları tərəfindən də yüksək əhval-ruhiyyə ilə qarşılanmışdı. Heydər Əliyev Xındı­rıstan kəndində də böyük təmtəraqla qarşılanmışdı. Kolxozun mədəniyyət sarayında respublika partiya-təsərrüfat fəalları yığıncağı keçirilmişdi. 

Müstəqillik dövründə isə yenicə ha­kimiyyətə qayıtmış ulu öndər 1993-cü il Ağdam işğal olunduğu günlərdə rayona gəlməsi ilə yerdə qalan ərazinin qoru­nub saxlanmasını təmin etmişdir. Pre­zident Heydər Əliyev 1996-cı il avqust ayının 2-də Ağdam şəhəri və onun ətraf kəndlərinin Ermənistan silahlı qüvvələ­ri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə gö­rüşmüşdü. Mən bu görüşdə də iştirak etmişdim. Ümummilli lider bu dəfə Ağ­dam və onun insanları haqqında demiş­dir: “Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır... Ağdam qorunmalı idi, Ağdam saxlanıl­malı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi... Ağdam vuruşmuşdur, böyük itkilər vermişdir”. 

1998-ci ilin oktyabr ayında seçicilə­ri ilə görüşmək məqsədi ilə Ağdam rayo­nunun Quzanlı qəsəbəsində olmuşdur. Umumiyyətlə, böyük rəhbər hər dəfə rayonumuzda olarkən şəhər və kəndlə­rimizi gəzmiş, sakinlərlə görüşmüş, on­larla səmimi söhbət etmişdi. 

Azərbaycanın inkişaf tarixinin, təx­minən, son yarım əsrlik dönəminə diqqətlə nəzər salsaq, gələcəyə is­tiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün ri­fahına xidmət göstərən müdrik və uzaq­görən siyasətin nəticələrini görə bilərik. Bütün bunlar ulu öndər Heydər Əliyevin Vətən üçün sonsuz xidmətləri hesabı­na başa gəlib. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan iqtisa­di, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfin­dən uğurla davam etdirilir. Ümummilli liderin qalibiyyət strategiyası Azərbay­canı daim yüksəlişə aparır.

 

Bəbir HÜSEYNOV,
Əməkdar jurnalist

Sosial həyat