Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar yürüş təşkil edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirak etdiyi yürüş şəhərin Heydər Əliyev prospektində həyata keçirilib. İştirakçılar prospektlə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayına qədər yürüş ediblər.
***
Xüsusi təyinatlılar isə ümummilli liderin yubiley münasibətilə Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş ediblər.
Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3 min 905 metr olan Qapıcıq zirvəsinə qalxan hərbi qulluqçularımız ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıblar və Dövlət Himnimizi səsləndiriblər.
Xüsusi təyinatlılar ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini şərəfinə lövhəni qaya üzərinə bərkidiblər.
***
Mayın 10-da axşam saatlarında Naxçıvan şəhər stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasını 100 illiyi münasibətilə yubiley atəşfəşanlığı təşkil olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökümət nümayəndələri, o cümlədən, on minlərlə muxtar respublika sakini şənlikdə iştirak ediblər.
Atəşfəşanlıqda tanınmış incəsənət ustalarının çıxışları ilə bərabər, ulu öndərin səmada möhtəşəm portreti yaradılıb, ölkəmizdə tarix yaratmış imzası nümayiş etdirilib.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”