“Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu”

post-img

Mayın 11-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Məclisdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əh­mədov ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsin­də bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də əhəmiyyətli dəyişikliklər baş verdiyini vurğulayıb. Qeyd edib ki, həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazır­lanması dahi strateq Heydər Əliyevin sayəsində mümkün olub. O vaxtdan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticələrinin dünya ic­timaiyyətinə çatdırılması və ölkəmizin haqlı tələblərinin yerinə yetirilməsi xa­rici siyasət kursumuzda əsas yerlərdən birini tutmağa başlayıb. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, həmçinin BMT ilə əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırmaqla yanaşı, iqtisadi potensialımızı daha da gücləndirib, in­kişafa töhfə verib. Azərbaycanın sürətli inkişaf dinamikası isə əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov müasir Azərbaycan dövlətçiliyinin ba­nisi Heydər Əliyevin ölkəmizdə siyasi institutların formalaşmasında, sosial-iq­tisadi inkişafda misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, məhz Heydər Əliyevin liderlik məharəti, strateji qə­rarları sayəsində ölkəmizdə güclü və müstəqil dövlət, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı cəmiyyət formala­şıb. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə ulu öndər tərəfindən daim diqqət yetirilib. Ölkəmizdə Minilliyin İnkişaf Məqsədlə­rinə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən dövlət proqramla­rının uğurla həyata keçirilməsi nəticə­sində Azərbaycan bir çox hədəflər üzrə mühüm nailiyyətlər əldə edib. Ölkəmiz yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olub, 2010-cu ildə “orta insan inki­şafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqo­riyasına daxil olub. Bildirilib ki, BMT-nin Minilliyin Bəyannaməsinin davamı ola­raq respublikamız “Dünyamızın trans­formasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. DİM-in icrası ölkədə uğurla davam etdirilir, bu istiqamət­də dünyada 10 ölkədən biri, regionda ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Foru­muna 3 hesabat təqdim edilib, növbəti hesabatın isə gələn il təqdim olunması nəzərdə tutulub.

BMT-nin Qaçqınlar üzrə Ali Komis­sarının Azərbaycandakı Nümayəndəli­yinin rəhbəri Bik Lum Heydər Əliyevin Azərbaycan–BMT münasibətlərinin inkişafında, ölkəmizin sosial-iqtisadi sferada əsas hədəflərinə nail olunma­sında mühüm xidmətlərini vurğulayıb, BMT–Azərbaycan tərəfdaşlığının 30 ildən artıq müddətdə uğurla davam et­diyini bildirib. Qeyd olunub ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasına böyük töhfə verən Heydər Əliyevin başladığı təşəbbüslər nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enmiş, ölkənin İnsan İnkişafı İndeksin­də göstəriciləri isə 30 faiz artmışdı. Bik Lum, həmçinin bildirib ki, hazırkı əmək­daşlıq çərçivəsini icra etmək və Daya­nıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT Azərbaycanın bütün səylərini dəstəkləyəcək.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputatlar Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Döv­lət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, BMT Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fə­rid Babayev ulu öndərin zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycan­da iqtisadi tərəqqinin, bazar iqtisadiy­yatı prinsiplərinin bərqərar olması, qey­ri-neft sektorunun, sənayenin, sosial infrastrukturun, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, insan hüquqla­rının, gender bərabərliyinin təşviqi is­tiqamətində həyata keçirdiyi uğurlu isla­hatlardan söz açıblar.

Tədbirdə ulu öndərin Azərbaycanın beynəlxalq münasibətlərinin formalaş­ması, Azərbaycan–BMT əlaqələrinin inkişafı ilə bağlı gördüyü işlər, təşkilatın Baş Assambleyasında çıxışları və yük­sək səviyyəli görüşlərini əks etdirən film nümayiş olunub.

“Xalq qəzeti”



Sosial həyat