Ermənistan yenə öz ampluasındadır. Rəsmi İrəvan mayın 14-da Brüsseldə iki ölkənin rəhbər şəxslərinin gözlənilən görüşü ərəfəsində Azərbaycanla şərti sərhəddə hərbi təxribat törədib. Ona görə öz ampluasındadır yazırıq ki, qarşı tərəf hər dəfə mühüm danışıqlar ərəfəsində bu cür hərəkətlərə yol verir. Məqsəd aydındır: güc tətbiq etməklə danışıqlar prosesini pozmaq və bununla da Azərbaycana təzyiq göstərmək. Hayların bu taktikadan istifadəsinin az qala 25 yaşı var. 1999-cu il noyabrın 18-19-da İstanbulda ATƏT-in Sammiti keçirilib. Bu sammit ərəfəsində Azərbaycanla Ermənistan sülhə çox yaxın olublar. Ancaq həmin ilin oktyabrın 27-də hayların parlamentində terror aktı törədildi və razılaşma əldə etmək mümkün olmadı. Bu faktı Hayastanın ilk prezidenti Levon Ter-Petrosyan 2011-ci ilin aprelin 15-də BBC-nin rus xidmətinə müsahibəsi zamanı da etiraf etmişdi.
Ter-Petrosyandan sonra Ermənistana rəhbərlək edən şəxslər danışıqlar prosesinin nəticəsiz olmasını təmin etmək üçün bütün oyunlara baş vurdular. Bu mənada, gözlənilən yüksək səviyyəli görüş ərəfəsində Ermənistanın sülhdən qaçmaq üçün yeni təxribat törətməsi bizim üçün təəccüblü olmamalıdır. Çünki Ermənistanda rejimlər dəyişsə də, hayların xisləti dəyişmir.
Nə baş verib?
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub. Belə ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər. Qarşı tərəfin atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
MN qəsdən törədilən bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.
Dünən gün ərzində nazirlik bir neçə dəfə açıqlama yayıb. Qeyd edilib ki, mayın 11-i səhər saatlarından etibarən qarşı tərəf vəziyyəti daha da gərginləşdirərək Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirlərinin görüldüyü bildirilib.
Yayılan növbəti açıqlamada qarşı tərəfin təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam etdiyi vurğulanır.
Qarşı tərəfin dezinformasiyası
Səhər saatlarında Ermənistan tərəfi onlara məxsus tibb maşınının atəşə tutulması barədə məlumat yayıb. Bu məlumat MN tərəfindən dərhal təkzib edilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Hərbçimiz şəhid oldu
Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olub. Əməliyyat şəraitinin bölmələrimizin nəzarəti altında olduğu qeyd olunub.
“İrəvanın əməlləri ciddi şəkildə qınanılmalıdır”
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistanın sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatları artırdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın təxribatlarının hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də, liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi şəkildə beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ombudsman: Ermənistanın hərbi təxribatını kəskin şəkildə pisləyirik
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın yaydığı müraciətdə Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistanın insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməsi təəssüflə qeyd olunur: “Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hərbi təxribatını kəskin şəkildə pisləyirik. Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulmasını, regionda sülhün bərpası üçün qəti tədbirlərin görülməsini tələb edirik”.
Danışıqlar Ermənistana eskalasiya üçün lazımdır
Şübhəsiz ki, Ermənistanın bu təxribatçı hərəkəti mayın 1-dən 4-dək ABŞ-da aparılan danışıqlarda qeydə alınan irəliləyişi ləğv etmək məqsədini daşıyır. Qarşı tərəf bazar günü Brüsseldə üçtərəfli formatda, iyunun 1-də Kişineuda beştərəfli formatda keçirilməsi nəzərdə tutulan danışıqları pozmaq niyyətindədir. Təcrübə göstərir ki, danışıqlar prosesi Ermənistana yalnız eskalasiya və müharibə üçün lazımdır. Eskalasiya isə danışıqlar zamanı əldə olunan hansısa irəliləyişi ləğv etmək üçün istifadə olunur.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Ermənistanın siyasi subyekt kimi nə çəkisi, nə də rolu var. Biz Ermənistanla danışıqlar aparırıq, ancaq bu ölkə öz sözünə heç vaxt sadiq qalmır. Biz baş verən hadisələrdə üçüncü tərəflərin roluna nəzər yetirməliyik. Etiraf etməliyik ki, istər Vaşinqton danışıqları, istərsə də Brüssel formatında keçirilən görüşlər Rusiyanın maraqları ilə toqquşur. Rusiya Ermənistanın güc strukturlarında, orduda olan “beşinci kolon”undan, yəni, öz adamlarından hər dəfə çox məharətlə istifadə edir. Nəticədə mayın 10-u axşamdan başlayan və mayın 11-də davam edən təxribata bənzər hadisələr olur. Məqsəd odur ki, ya Qərbin təşəbbüsü olan danışıqlar prosesi reallaşmasın, ya da neqativ fonda keçirilsin. Bu dəfə də həmin ssenari icra olunur. Brüsseldə gözlənilən danışıqlar fonunda sərhəddə ənənəvi təxribat törədildi. Nikol Paşinyan mayın 14-dəki danışıqlara qatılacağını bildirsə də, hər halda, tərəflərin görüşü üçün neqativ fon yarandı.
Səxavət HƏMİD, “Xalq qəzeti”