Peskovluq heç nə yoxdur

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanı və Ermənistanı təmkinli olmağa, gərginliyin artmasına səbəb yaradacaq hər hansı addım atmamağa çağırıb. Peskov, həmçinin, Moskvanın üçtərəfli Bəyanatlar çərçivəsində üzərinə düşən bütün işləri gördüyünü bildirib. Əlbəttə, o, hazırda Rusiyanın konkret hansı addımlar atdığını deməyib. Nə desin, axı?! Danışıqların Rusiya fazasında tam sakitlikdir. Əvəzində, Azərbaycan və Ermənistanın dövlət sərhəddində eskalasiya mühiti hökm sürməkdədir. Bu mühitdə bir alovlanma dünən yaşandı. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı xəbərdə Ermənistandan, hətta, artilleriya atəşləri açıldığı bildirilib. Təbii, ordumuz duruma səssiz qalmayıb, bu, öz yerində. Ancaq... 

Peskov, daha dəqiq desək, Rusiya tərəfləri sakitliyə çağırmaqda haqlıdır­mı? Haqlıdır, o anlamda ki, prezident sözçüsünün bildirdiklərində pis heç nə yoxdur. Amma, onun söylədikləri, yal­nız, iki dava edən uşağa “dalaşmayın” deməyə bənzəyir. Eyni sözü 44 gün­lük müharibənin gedişində ABŞ-ın o zamankı Prezidenti Donald Tramp da dilə gətirmişdi. Hazırda sabiq olan döv­lət başçısı jurnalistin Cənubi Qafqazda müharibə ilə bağlı sualına, kifayət qə­dər, maraqlı, maraqlı olduğu qədər də biganə cavab vermişdi. Təxminən, belə: bəli, müharibədən xəbərimiz var. Azər­baycanla Ermənistan vuruşur. İkisi də bizim üçün vacib ölkələrdir, dostlarımız­dır, yaxşı olar ki, silahı yerə qoysunlar, dalaşmasınlar. 

Nəzərə alaq ki, 44 günlük mühari­bə müddətində ABŞ administrasiyası Cənubi Qafqaz geosiyasi labirintindən uzaq düşmüşdü. Doğrudur, ölkə bir neçə dəfə, guya, tərəfləri barışığa gəti­rirmiş kimi təşəbbüslər irəli sürmüşdü. Ancaq bunlar nəinki heç bir fayda ver­məmiş, üstəlik, elə təəssürat yaranmışdı ki, Birləşmiş Ştatlar, ümumiyyətlə, pro­seslərdə yoxdur. Bəli, sadəcə yoxdur. 

Hazırda Rusiya da, belə demək mümkünsə, qınına çəkilib. Ölkənin, Xa­rici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqlərdə səsləndirdiyi iddialı fikirlərinin sabun kö­püyü effektindən başqa, regionda han­sısa gerçək aktivliyi yoxdur. Zaxarovaya gəldikdə isə, o, sanki, daha çox ABŞ-ın timsalında Qərbin nizamlama missiya­sına təkbaşına cəbhə açmaqdadır. Xa­nım sözçünün müəyyən şablonları da var, onları təkrarlamaqdan başqa heç nə etmir. Hər dəfə də atmacalı, ikibaşlı fikir səsləndirir – Qərb bölgədə gərginlik yaradır və s. İndi necə başa düşək, ha­zırda şərti sərhəddəki gərginlik Qərbin işidir? ABŞ, yaxud Avropa Ermənistanı öyrədib ki, Azərbaycana qarşı təxribata başla? Bəlkə də öyrədirlər, ancaq nə ol­sun? Rusiyanın anti-Qərb məntiqindəki kəsər yalnız danışmaqdırmı?.. 

Bəs, gözlənti nədir? Əlbəttə, Cənu­bi Qafqazda, ümumən, sülh gözləntisi var. Ancaq bu gözləntidə Ermənistanın dizini qoyub aman diləməsindən real hər hansı perspektivə meydan yoxdur... Digər tərəfdən, son aylar bölgədə baş verən proseslərə, eləcə də həmin pro­seslərə münasibətdə Rusiyanın tutduğu mövqeyə nəzər salanda belə qənaətə gəlinir ki, sülhü ən az yaxın buraxan elə Moskvanın özüdür. Bunu söyləmək üçün ölkənin Qarabağın statusu məsələsini sonraya saxlamaq, yekun sülh müqa­viləsi üçün gözləmək, ay nə bilim, tərəf­lərin cəmiyyətlərini buna hazırlamaq yö­nümlü bəyanatları yada düşür. 

Sual olunur: bəs Rusiya nəyi gözlə­yir? Ortada beynəlxalq hüquq var. Rəs­mi Moskvanın da tanıdığı Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prin­sipini də bu sıraya əlavə edək. Ən əsası isə Azərbaycanın, heç bir halda, Qara­bağ məsələsinin, Qarabağ erməniləri ilə bağlı məsələnin danışıqlar müstəvisinə çıxarmağa razı olmayacağına dair qəti qərarı var. 

Elə isə nəyi... Bəlkə Rusiya hesab edir ki, tərəflər Ukraynadakı müharibə­nin bitməsini və Moskvanın özünə gəl­məsini gözləməlidirlər? Axı, müharibə bitənə oxşamır, üstəlik, böyük savaşdan Rusiyanın, loru dildə desək, salamat çıxıb çıxmayacağı da bilinmir. Başqa bir yandan, Ermənistan rəsmiləri Rusi­yadan zəhlələrinin getdiyini ifadə etmək üçün daha hansı cümlələr qurmalıdırlar? Bəlkə, Kreml gözləyir ki, bu cümlələr de­yilib bitsin, İrəvanın hakim dairələri ürək­lərini tam boşaltsınlar?! Yəni, ermənilər də Vaqnerin komandanı Priqojin kimi ağızlarını açıb gözlərini yummalıdırlar?

Bəli, hazırda Qərb Azərbaycan–Er­mənistan nizamlamasında təşəbbüsü öz əlinə alıb. Peskov isə bildirir ki, İrə­vanla Bakı arasında yeni gərginlik fo­nunda Rusiya Prezidenti Vladimir Putin­lə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşin­yan arasında təmaslar hələlik planlaş­dırılmır. Bəs nədir Moskvanın planlaş­dırdığı? Yəqin, tərəflərə “sakit durun” demək və Qərbi gərginlik yaratmaqda ittiham etmək üçün təzə sözlər tapmağı planlaşdırır ki, bu işin də öhdəsindən bir yandan Peskov, digər yandan Zaxaro­va bacardıqları qədər gəlirlər. Hərçənd, onların hər ikisi, obrazlı desək, köhnə patefonun toz basmış vallarını dəyiş­dirməkdən başqa heç nəyə yaramırlar. Musiqi köhnədir, həm də patefon bər­bad vəziyyətdə olduğundan, səsi çıxmır. Əvəzində, Brüssel Bethovenin 40-cı simfonuyasını sifariş edib... 

Mayın 14-də Azərbaycan və Ermə­nistan lidelərinin yeni görüşü olacaq. Əl­bəttə, həmin vaxtadək Peskov və Zaxa­rova oturub Qərbi gərginlik yaratmaqda ittiham edən yeni fikirlər mütləq tapacaq­lar. Vaxt var. Ancaq onların, ümumən, Rusiyanın hakim siyasi isteblişmentinin Cənubi Qafqazda sülh üçün hansısa real addımlar atdığını hiss edəcəyikmi? Halbuki, bu, çoxdan baş verməli idi. Ən azından, üçtərəfli Bəyanata görə. Pes­kov Rusiyanın həmin sənədlərə görə işlər gördüyünü deyirsə, Kreml buyurub Qarabağdakı erməni silahlılarını oradan çıxarsın. Hə xatırladıq, bu işlər Peskov­luq deyil...

R.AMİN

Siyasət