XİN: Azərbaycan Kişineu görüşündə iştirakı mümkün sayır

post-img

Ötən il Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabrda məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.

Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqı Şura­sının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənis­tan liderlərinin mayın 14-də Brüsseldə, iyunun 1-də isə Avropa Siyasi İcması­nın Kişineuda keçiriləcək növbəti gö­rüşündə Fransa Prezidenti Emmanu­el Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə görüşlərinin planlaş­dırılması barədə Avropa İttifaqının mə­lumatına dair yerli medianın sorğusunu cavablandırarkən bildirib.

Xarici İşlər Nazirliyinin nümayən­dəsi vurğulayıb ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İtti­faqı Şurasının Prezidenti Şarl Mi­şelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə ra­zılıq verib.

Eyni zamanda, Kişineuda Avropa Siyasi İcmasının növbəti iclası çərçi­vəsində Fransa Prezidenti və Alma­niya Kanslerinin iştirakı ilə Azərbay­can və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azər­baycan tərəfi öz növbəsində Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişineuda qey­ri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişineu görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil.

“Xalq qəzeti”

Siyasət