Mayın 11-də Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
General-polkovnik Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq bildirib ki, bu gün Azərbaycan–Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.
Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən cənab H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.
Q.QASIMOV, “Xalq qəzeti”