Biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq... Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan – Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 may 2023-cü il tarixli xalqa müraciətindən
Dövlət başçımızın ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan səsləndirdiyi müraciəti xalq və ulu öndərin ruhu qarşısında hesabat kimi qəbul edilməklə yanaşı, həm də müasir Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Bundan başqa, dövlət başçısı Şuşa səfəri çərçivəsində çoxsaylı təməlqoyma və açılış mərasimlərində də iştirak etdi ki, bu da işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərin miqyası barədə dünya ictimaiyyətində mükəmməl təsəvvür yaradırdı. Eyni zamanda, həmin səfərlər barədə materiallarla tanış olanlar Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirak edən Heydər Əliyev Fondunun layihələri ilə də tanış olduılar.
Xatırladaq ki, ərazilər işğal altında olanda barbar qonşularımız 65 məscidimizi dağıtmış, qalanlarını isə təhqir etmişdilər. Mayın 10-da keçirilən tədbirlər isə Cənubi Qafqazda kimin kim olduğunu sübut etmək baxımından da xüsusi əhəmiyyət kəsb edirdi. Yəni biz sübut etdik ki, ermənilər tarixdə yırtıcı, dağıdıcı, barbar kimi qalacaqlar. Azərbaycanlılar isə bütün maddi və mənəvi dəyərləri qoruyan, inkişaf etdirən, qurucu xalq kimi tanınırlar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər ağa məscidinin əsaslı yenidənqurma və bərpadan sonra açılışında iştirak ediblər. Dövlət başçımıza məlumat verilib ki, Yuxarı Gövhər ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Əlavə edilib ki, Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.
Dövlət başçımızın Şuşadan səsləndirdiyi müraciətin elə məqamları var ki, onlar Azərbaycandan çox Ermənistanda şərh olunur, nəinki hər cümlənin, hətta hər sözün təhlili aparılır, “İlham Əliyev bu cümlə ilə hansı sətiraltı fikirləri çatdırır?” – sualına cavab axtarılır.
Prezident dostlarımıza xatırlatdı, bədxahlarımıza isə mesaj göndərdi ki, Azərbaycan demokratik ölkədir və burada insanlar azad yaşayırlar. Yəni “Qarabağdakı ermənilər azərbaycanlılarla bir yerdə yaşaya bilməzlər” – tezisini tutuquşu kimi təkrarlayan işğalçı ölkənin ideoloqları dünyanı aldatmağa çalışmasınlar. Çünki dünyada hamı görür ki, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Hətta bizdəki tolerantlığı dünya üçün nümunə adlandıranlar da az deyil.
Prezident dedi ki, indi durduğumuz Şuşa şəhərini Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına düşmən işğalından azad etmişik? Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir: “Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir. Elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir”. Bu, bizim həyat tərzimizdir və eyni zamanda, bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik”.
Dövlət başçımızın Azərbaycana qarşı yeni təhdidlərlə çıxış edənlərə və revanşizm xülyaları ilə yaşayanlara göndərdiyi növbəti mesaj ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzu, hörməti barədə idi. Xatırladaq ki, biz artıq dörd ilə yaxındır ki, Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik: “Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik”.
Başqa bir məqamı da yada salaq. Cənab Prezident bütün tədbirlərdə və müsahibələrində olduğu kimi. Şuşadan səsləndirdiyi müraciətində də ordu quruculuğu məsələsini xüsusilə qabartdı. Qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra biz ordunun maddi-texniki bazasının müasirləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində fəaliyyətimizi davam etdirdik: “Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən”.
Bu gün dünyada gedən çoxsaylı ictimai-siyasi proseslərin yaratdığı informasiya bolluğu Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsi və yaradılmış yeni reallıqlar haqqında məlumatları ikinci plana ötürə bilmir. Hətta ekspertlər yazırlar ki, bu zəfər Azərbaycan durduqca qalacaq. Prezidentin fikrincə, bu, qəhrəmanlıq dastanıdır: “Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdilər ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi”.
Xatırladaq ki, cənab Prezident təkcə Şuşadan səsləndirdiyi tarixi müraciətində deyil, ümumiyyətlə, bütün çıxış, nitq və müsahibələrində dönə-dönə xatırladır ki, kiminsə bizim daxili işlərimizə qarışmasına imkan verməmişik və verməyəcəyik. Məsələn, ötən ay Salyanda AzTV-yə verdiyi müsahibədə demişdi ki, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”