Rəsmi Bakı zəfərimizlə bitmiş 44 günlük müharibədən sonra ən yüksək səviyyədə bəyan etdi ki, artıq ATƏT-in Minsk qrupu adlı həmsədrlik institutu mövcud deyil və tarixin arxivinə göndərilib. Azərbaycan Prezidenti İlham Əliyev bu mövqeyi istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlərdə keçmiş həmsədr dövlətlərin və dünyanın nəzərinə dəfələrlə və birmənalı şəkildə çatdırdı. Üstəlik, dövlət başçısı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı bu qrupun fəaliyyətinin yarıtmazlığı barədə tutarlı arqumentlərə və dəmir məntiqə söykənən münasibətini də bildirdi. Yəni, bu siyasi müstəvidə əməkdaşlığın faydasızlığı açıq formada deyildi və bizin üçün bu məsələ bağlandı.
Amma zəfərdən sonrakı iki il altı ay müddətində İrəvan ara-sıra Bakının artıq arxivləşdirdiyi bu həmsədrlik institutunu “dirildərək” gündəmə gətirmək, onun “xidmətlərindən” yenə faydalanmaq üçün cəhdlər edib. İntəhası, hər dəfə rəsmi Bakının sərt mövqeyi və qəti etirazı ilə üşləşib. Bu qrupun “yeyib-içmək, turizm” diplomatiyasından kənarda heç bir səmərəli fəalliyyətə baş vurmaq istəmədiyinə tam əmin olanda işğal altındakı torpaqlarımızı beynəlxalq hüquqa uyğun şəkildə özümüz azad etdik. Təkcə Qarabağda deyil, bütün Cənubi Qafqazda geosiyasi durumu, qüvvələr nisbətini və coğrafiyanı dəyişən qurtuluş savaşımız təbii olaraq artıq İrəvanla danışıqların forma və məzmununa ciddi korrektələr etdi.
2020-ci il noyabrın 10-dan sonra ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri Bakıya hansı statusda təşrif buyurduqlarına özləri aydınlıq gətirməyə çətinlik çəkəndə Prezident İlham Əliyev onların turist kimi qəbul ediləcəyini hamının diqqətinə çatdırdı. Həmin qəbul və Prezident İlham Əliyevin çağırılmamış qonaqlarla, daha doğrusu, həmqonaqlarla layiq olduqları yarıciddi, yarıironik söhbəti yəqin oxucumuz unutmayıb. Və bu, həmsədrlərin zəfərdən sonra Azərbaycana birinci və sonuncu səfəri oldu.
Hayların 19 may görüşünə “hazırlıqları”
Aydın görünən o idi ki, Kreml Azərbaycan və Ermənistan XİN başçılarının pozitiv notlara və qarşıdakı dövrdə ümidlərə köklənən dördgünlük Vaşinqton sülh danışıqlarını belə rahatlıqla həzm etməyəcək. Paşınyanın parad bəhanəsi ilə gerçəkləşən Moskva səfərindən sonra regionda hadisələrin məhz sabitliyin pozulması məcrasına yönəlməsi bunun əyani sübutu sayıla bilər.
Ermənitan XİN-in bir gün əvvəlki rəsmi məlumatı: “Baş nazir Nikol Paşinyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədri (?), Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələləri müzakirə edib”. Yenə həmsədrlər mövzusu, yenə Rusiya XİN-in xüsusi elçisinin İrəvana səfəri və bunların arxasından boylanan “Dağlıq Qarabağın statusu” nağılı. Belə təxribatçı cəhdlərlə heç nəyə nail ola bilməyəcəyini bilə-bilə sınıq valı səsləndirməyə çalışan İrəvanın əsl məqsədi nədir?
Politoloq Yeganə Hacıyeva hesab edir ki, Ermənistanın bütün bu cəhdlərinin bir izahı var: “Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfəri ilə şərti sərhəddə təxribatların üst-üstə düşməsi ondan xəbər verir ki, onların hansısa layihəsi var. Bu, məsələyə ATƏT-in baxışıdır. Ermənistanın yanaşması isə məlumdur. Ümumiyyətlə, 44 günlük müharibədən sonra İrəvanın xarici siyasəti, eləcə də sülh danışıqlarındakı mövqeyi bir nöqtəyə fokuslanıb: Hamı ilə hamıya qarşı. Yəni, bu formatda oynamaq hazırda Ermənistanın xarici siyasətinin prioritetidir. Onların xarici diplomatiyasının digər vacib elementi isə dezinformasiya, reallığı və faktları təhrif etməklə proseslərin gedişatını təqdim etməkdir”.
Adı var, fəaliyyəti yoxdur
Hayların hökumətə yaxın xəbər saytları bir qədər əvvəl Ermənistan XİN rəsmisinin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Qilmora telefon zəngi, söhbətin mövzusunun İrəvan və Bakı arasında sülh danışıqlarının mümkün nəticələri, “Dağlıq Qarabağ” ermənilərinin aqibəti ətrafında fikir mübadiləsi olduğu barədə məlumat yayıb. Bu isə qətiyyən təsadüfi sayıla bilməz. Rəsmi İrəvanın kimin buyruğu ilə münaqişənin nizamlanmasında həmsədrlik institutunu diriltməyə çalışması məlumdur. Hayların baş nazirinin quyruğu qapı arasında qalanda iki stulda oturmağa cəhd göstərməsini isə birinci dəfə deyil ki, müşahidə edirik. Rəsmi Bakı üçün ATƏT-in Minsk qrupu iki il yarım bundan əvvəl dəfn edilib, fatihəsi də oxunub. Amma görünür üç həmsədrdən ən azı ikisi – Rusiya və Fransa İrəvanı buna təhrik etməkdə maraqlıdır.
Politoloq Fərhad Məmədova görə, ATƏT-in Minsk qrupu yalnız kağız üzərində mövcuddur: “ATƏT-in Minsk qrupu indi də mövcuddur, amma fəaliyyəti yoxdur. ABŞ, Fransa və Rusiyada bizim regionla məşğul olmaq üçün konkret diplomatlar təyin edilib. O adamlara əlavə vəzifə və tapşırıqlar verilib. Düzdür, indi onları həmsədr yox, başqa adla çağırırlar. Lui Bono Ağ Evin Cənubi Qafqaz üzrə baş müşaviridir, Fransada Bris Rokfeyl üçün isə vasitəçi kimi yeni vəzifə təqdim edilib. Həmçinin rusiyalı İqor Xovayev. Bəli, hər dəfə İrəvana gələndə ermənilər onları məhz Minsk qrupunun həmsədrləri kimi təqdim edirlər. Guya, onlar regiona həm də bu simada səfərə gəliblər. Yəni, ATƏT-in Minsk qrupunun nə vaxtsa öz fəaliyyətini bərpa etməsi sadəcə hayların arzusudur. Çünki, onların fikrincə, bu qrupun əsas fəaliyyəti Qarabağın statusu ilə bağlı olub. Biz isə hətta, Moskvanın etirafından öncə bu həmsədr üçlüyünü arxivə yollamışdıq. Bəli, belə bir qrup indi də mövcuddur, lakin fəaliyyəti yoxdur”.
Bəli, mövcud olmayanı reallıq kimi qələmə vermək, feyk xəbərlərlə, ilk növbədə, özlərini aldatmaq hay xislətinə xas cəhətlərdəndir. İndiki məqamda rəsmi İrəvanın Moskvanın çaldığı mahnıya oynamaqda məqsədi hakimiyyətini qoruyub saxlamaq, Kremlin siyasəti isə Ermənistan rəhbərliyinin hələlik xətrinə dəyməmək və regional maraqlarında ondan Qərbə qarşı istifadə etməkdir. Bu konteksdə siyasi şərhçi Yeganə Hacıyeva ilə razılaşmamaq mümkün deyil: “Paşinyan məhz Moskvadan qayıtdıqdan sonra şərti sərhəddə vəziyyətin gərginləşməsi təsadüf sayıla bilməz”.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”