Mayın 11-də Milli Məclisin Sədri Sahibə Qafarova Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüb. O, səfiri Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
S.Qafarova ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini və bu müddət ərzində diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb. O, həmçinin, tərəflər arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, mədəniyyət, təhsil sahələrində müsbət əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd olunub ki, çoxsaylı yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərimizdə mühüm rol oynayıb. S.Qafarova Prezident İlham Əliyevin Fransaya 13, Fransa prezidentlərinin ölkəmizə 3 dəfə səfər etdiyini xatırladıb. O, həmçinin Heydər Əliyev Fondunun Fransadakı fəaliyyətindən də söhbət açıb.
Parlamentin Sədri ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini dəstəkləyən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladıb. Bu kimi təxribatçı bəyanatların ikitərəfli münasibətlərimizə mənfi təsir göstərdiyini qeyd edən S.Qafarova, bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. O xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini pisləyən bəyanat qəbul edilib və parlamentarilərimiz Fransanın rayon və şəhərlərinin nümayəndələrinin, Milli Assambleya və Senat üzvlərinin təxribat xarakterli fəaliyyətinə və bəyanatlarına öz narazılıqlarını bildiriblər.
S. Qafarova Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddiaları da qəbuledilməz adlandırıb. Onun fikrincə, bu kimi qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir. Hamıya aydın olmalıdır ki, Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və ölkəmizin ayrılmaz hissəsidir.
Görüşə yaradılan şəraitə görə, minnətdarlığını bildirən səfir Ann Buayon Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra keçirdiyi görüşlər barədə məlumat verib. Səfir iki ölkə arasında münasibətlərdə qanunvericilik orqanlarının mühüm rolunu qeyd edib, parlamentarilərin qarşılıqlı əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, Fransa parlamentində qəbul olunan sözügedən qətnamələrin hökumət tərəfindən dəstəklənmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”