Azərbaycan–Ermənistan: Brüssel raundundan gözlənti varmı?

post-img

Azərbaycan–Ermənistan şərti sərhədində dünən baş vermiş hərbi toqquşmanın fonunda hər iki ölkə arasında sülh gündəliyi ilə əlaqədar diskussiyalar da davam etməkdədir. Tərəflərin ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin vasitəçiliyi ilə gerçəkləşmiş Vaşinqton raundundan sonra bir sıra pozitiv mesajlar səslənsə də, istər Bakının, istərsə də İrəvanın rəsmi dairələrindən gələn açıqlamalar heç də hər şeyin asan olmadığını söyləməyə əsas verməkdədir. Mövcud xüsusda tərəflərin növbəti Brüssel raundunun hansı nəticələr verə biləcəyinə dair fikirlər də yayılmaqdadır. Bu yerdə Rusiyanın öz vasitəçilik missiyasını aktivləşdirməsi amilini də nəzərdən qaçırmamalıyıq.

Bəli, Avropa İttifaqı Şurasının prezi­denti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar apa­rılacaq. Təxminən, iki həftədən sonra iki dövlətin liderləri Moldovada keçiriləcək Avropa Şurası ölkələrinin sammiti çərçi­vəsində yenidən görüşəcəklər. Onların Moldovada, həmçinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla (ayrıca və ya birgə) təmasları da planlaşdırılır. 

Nəzərə alsaq ki, Vaşinqton və Brüs­sel sülh səylərini əlaqələndirirlər, hazırkı durumda Kreml, praktiki olaraq, proses­dən kənarda qalıb. Ancaq N.Paşinyanın Moskvaya səfərini də yaddan çıxarmaq olmaz. Erməni baş nazir Rusiya pay­taxtına yollanacağını Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Vaşinq­tonda danışıqlar apararkən açıqlamışdı. Bir sıra siyasi ekspertlər bunu İrəvanın sülh prosesindən yayınmaq istiqamətin­də patronajlıq axtarması kimi qiymətlən­dirmiş və belə rəyə gələrkən, Kremlin ni­zamlama prosesinə Vaşinqtondan fərqli yanaşdığını əsas götürmüşdülər. Siyasi analitiklərin digər qismi isə bu fikirdədir ki, Paşinyanın Brüssel danışıqları ərəfə­sində Moskvaya səfər etməkdə məqsədi Rusiya Prezidenti Vladimir Putini inandır­maq istəyinə köklənib. Təxminən, belə: Qərbin vasitəçilik təşəbbüsləri Rusiyanın regiondakı maraqlarını təhdid etmir. 

Əlbəttə, Moskvanın İrəvanın “göz yaşlarına” inandığını söyləmək olmaz. Diqqət yetirək, ölkənin xarici işlər nazirli­yinin rəsmi nümayəndəsi Mariya Zaxaro­va ötən həftə keçirdiyi ənənəvi brifinqin­də yenə, necə deyərlər, köhnə havaları yada salıb: 1. Qərbin sülh təşəbbüsləri­nin səmərəsizliyi. 2. Kollektiv Təhlükəsiz­lik Müqaviləsi Təşkilatına məxsus missi­yanın Ermənistana göndərilməsi. 

İkinci məsələdə Kremlin inad etdiyi aşkardır. Belə görünür, Moskva kifayət qədər konkretdir – Ermənistan təhlükəsiz yaşamaq istəyirsə, KTMT regiona gəlmə­lidir. Bu məqsəd isə artıq vasitəçilik deyil, öz maraq və mənafeləri naminə qətiyyətli davranışdır. Çünki sözügedən qurumun Azərbaycan-Ermənistan münaqişəsinə heç bir aidiyyatı yoxdur və bu mövqe, hətta, KTMT-yə üzv dövlətlərin liderlə­ri tərəfindən də dəfələrlə səslənib. Belə nəticə hasil olur ki, Rusiya məsələyə yalnız Bakı–İrəvan ziddiyyətləri konteks­tində deyil, Cənubi Qafqazda öz varlığı­nı davam etdirmək baxımından yanaşır. Əlbəttə, münaqişə də ölkə üçün yaxşı tutacaq yeridir. 

Bu yerdə onu da bildirək ki, Krem­lin Ermənistanın siyasi rəhbərliyinin sözlərinə etibar etmədiyi bir şəraitdə, öz məqsədləri üçün bölgədəki vəziy­yəti gərginləşdirmək yolları axtaracağı şübhəsizdir. Nəzərə alsaq ki, Rusiyanın Ermənistanın ayrı-ayrı strukturlarına, o cümlədən, orduya təsir gücü qalmaqda­dır, dünən baş vermiş erməni təxribatının da izlərini Moskvada axtarmaq mümkün­dür. Brüssel raundu öncəsi belə təxri­batlar görüşdə ehtimal olunan müsbət nəticələri şübhə altına alır. Eyni zaman­da, Vaşinqton raundunun də pozitiv mən­zərəsinə, A.Blinkenin nikbin bəyanatına xələl gətirir... 

Göründüyü kimi, hazırkı məqamda Azərbaycan–Ermənistan danışıqları Cə­nubi Qafqazda maraqlı olan qüvvələrin mənafe davasının pik həddindədir. Sanki bıçaq sümüyə dirənibmiş kimi təəssürat var. Bu davanı yaradan isə həm də Er­mənistandır. Yəni, əgər Qərb problemə Rusiyanı bölgədən çıxarmaq istəyi kimi yanaşırsa və müvafiq olaraq Rusiya da regionda qalmaq naminə cəhdlər göstə­rirsə, İrəvan hər iki tərəfin istəklərini öz avantüralarına alət edir. Beləliklə ölkə kompromisə gəlmək istəmir, Bakının sülh üçün təklif etdiyi beş prinsipdən uzaq durur, özü üçün sərfəli durum formalaş­dırmaq yolu tutur. Əlbəttə, indiki situa­siyada kollektiv Qərbin, ümumən, Azər­baycanın haqlı mövqeyi ilə hesablaşdığı tendensiyası da müşahidə olunmaqdadır ki, bu məqam da İrəvan üçün sərfəlidir. Hərçənd, Ermənistan hakimiyyətinin ye­kunda Qərbin təklifini qəbul edəcəyi də görünür. Təbii ki, Rusiya amili olmasa. 

Hələlik isə Paşinyan Qərbə də, Rusi­yaya da yaxın görünmək istəyir. O, ölkə­nin həm daxili auditoriyasına, həm də xaricə hesablanmış çıxışlarında özünün konstruktiv obrazını formalaşdırmağa cəhd göstərir. Bunu obyektiv reallıqlar ətrafında gəzişməklə, ara-sıra ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıyır­mış kimi bəyanatlar səsləndirməklə ger­çəkləşdirir. 

Şübhəsiz, Nikolun belə yanaşması sülh prosesini dalana dirəməyə hesab­lanıb. Bir qədər də konkret söyləsək, Paşinyan özündən əvvəlki Ermənistan hakimiyyətinin otuz ilə yaxın müddətdə işğalı saxlamaq naminə həyata keçirdiyi manipulyasiyaları, 44 günlük müharibə­dən sonrakı dövrə transformasiya edib vaxt udmaq və güclənmək niyyəti güdür. Bu dəst-xətt, ona həmçinin, öz hakimiy­yətinin müddətini uzatmaq şansı da verir. 

Əlbəttə, o da aşkar görünür ki, Pa­şinyan, heç cür, ölkəsindəki anti-Azər­baycan və anti-türk ab-havasını yenə bilmir. O, xəstə təfəkkürlü, başlıca olaraq ruspərəst medianın təzyiqi ilə şovinizmə və revanşizmə köklənmiş erməni cəmiy­yətinin iddialarına qarşı real addım at­maq imkanından uzaqdır. 

Qeyd etdiklərimizin fonunda bir vacib məqama da diqqət yetirək. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçiril­miş beynəlxalq konfransdakı çıxışında Bakı və İrəvan arasında vasitəçilərsiz danışıqlar təklifini irəli sürmüşdü. Nəzərə alaq ki, bu təklif tərəflərdən bir-birinə mü­nasibətdə səmimi davranmalarını, qətiy­yət və iradə göstərərək, münasibətlərin tənzimlənməsini beynəlxalq güclərin in­hisarından tamamilə çıxarmağı tələb et­məkdədir. 

Onu da bildirək ki, dövlətimizin baş­çısı bu fikrini Azərbaycanın və Ermə­nistanın xarici işlər nazirlərinin Vaşinq­tonda davam edən görüşü əsnasında dilə gətirmişdi. Bu, o demək idi ki, Azər­baycan lideri də Vaşinqton prosesindən böyük gözləntidə deyildi. Bunu bildirdi də. Hərçənd, cənab İlham Əliyev həmin konfransda ABŞ-ın vasitəçilik missiya­sına yüksək dəyər verdiyini də diqqətə çatdırdı, habelə Ağ Evin İrəvanı yola gətirmək rıçaqlarının mövcudluğuna ey­ham vurdu. Göründüyü kimi, həmin rı­çaqlar ehtimal edildiyi qədər də işlək sa­yıla bilməz. Yəni, onlar Blinkenin pozitiv açıqlama səsləndirməsi reallığını doğur­maqdan o tərəfə getmədi – Ermənistan Birləşmiş Ştatları eşitmək istəmədi. 

Sonda belə bir yekun nəticəyə gəl­mək olar ki, Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də keçiriləcək Brüs­sel görüşündən də Cənubi Qafqazda vəziyyətin normallaşması naminə pozitiv nəticələr gözləmək mümkünsüz görünür. Neqativliyin, obrazlı desək, ayaq səsləri isə artıq eşidildi. Azərbaycan dünən Er­mənistanın təxribatı nəticəsində şəhid verdi. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət