XİN: Ermənistan sərhəddə vəziyyəti qəsdən gərginləşdirir

post-img

Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır. Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məluma­ta əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod is­tiqamətində yerləşən mövqelə­rindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticə­sində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.

Ermənistan tərəfinə təx­ribatlarına son qoyulması və qəsdən vəziyyəti gərginləş­dirməməsi barədə xəbərdar­lıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silah­lı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaa­tanlardan atəşə tutub, təxribat­lar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.

Ermənistanın təxribatla­rının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənis­tanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənista­nın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qı­nanılmalıdır.

Ermənistanın təxribatları­nın qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür.

Vəziyyətin qəsdən gərgin­ləşdirilməsinə görə bütün mə­suliyyət Ermənistanın hərbi-si­yasi rəhbərliyinin üzərinə düşür.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət