“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

post-img

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra iki gün əvvəl açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi olub.

Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirdiyini deyən dirijor təəssüratlarını bizimlə bölüşüb: “Bildiyiniz kimi, bu günlərdə Şuşa möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Hazırkı konsert proqramı da “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olundu. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı. Bu malikanənin yüksək səviyyədə təmir-bərpasına görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Malikanədə bütün işlər zövqlə, bütün incəliklə işlənilib. Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar – mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni zamanda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq”.

Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqs”i, Tofiq Quliyevin “Laylay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından fraqmentlər və xalq mahnısı “Sarı gəlin” səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

Mədəniyyət