Azərbaycan Ordusu 44 günlük müharibə dövründəkindən daha güclüdür

post-img

Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkin­ci Qarabağ müharibəsində düş­mənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermə­nistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu ya­ratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordu­lardan biri olsun. 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti

Bu sətirləri qələmə alarkən ordu quruculuğu ilə bağlı köhnə yazılarımdan bir neçəsinə nəzər saldım. Ancaq sitat kimi seçdiyim məqam ordu ilə deyil, təhsillə bağlı hazırladığım yazı oldu. 2009-cu ildə hazırladığım həmin yazıda dövlət başçımızdan bir sitat gətirmişdim. Orada deyilirdi ki, bu gün bizim dövlət büdcəsindən təhsilə ayırdığımız vəsaitin məbləği ordu quruculuğuna ayrılan vəsaitdən sonra ikinci yerdədir. Maraqlıdır ki, sonrakı illərdə də bu tendensiya dəyişməyib. Birinci yerdə ordu quruculuğu, ikinci yerdə isə təhsildir. 

Bu, belə də olmalı idi. Çünki ərazilə­rimizin 20 faizi düşmən tapdağında idi. Düşmənin isə havadarları da, dəstək­verənləri də çox idi. Ona görə də Azər­baycan beynəlxalq aləmdə davam edən ikili standartlara və erməni qəsbkarlığına qarşı təkbaşına mübarizə aparmalı idi. Odur ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxladılar və “məğlub” adı yapışdırılmış xalqımız nəticədə QALİB XALQ oldu. 

Heç kəsin yadından çıxmayıb, 44 günlük İkinci Qarabağ müharibəsi günlə­rində Azərbaycana dost olan ölkələrdən də, bizim haqq işimizə kölgə salmağa çalışan dövlətlərdən də çoxsaylı KİV təmsilçiləri Bakıya gəlir, Prezident İlham Əliyevdən müsahibə götürürdülər. Döv­lət başçımız həmin müsahibələrin ha­mısında deyirdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifənin öh­dəsindən gəlməyə qadirdir. Ermənilərin məğlubiyyət sənədini imzalamasından sonra isə Prezident İlham Əliyev bir neçə dəfə xatırlatmışdı ki, dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın 44 günlük müharibədəki təcrübəsi öyrənilir. 

Prezidentin fikrincə, ordunun qələ­bəyə qadir olmasını təmin etmək üşün təkcə lazımi qədər vəsait ayrılması ki­fayət etmir. Bu məsələ kompleks şəkildə həll edilməlidir. Vahid mərkəzdən idarəet­mə təmin olunmalı, Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirilməli, arsenal müasirləşdirilməli, şəxsi heyətin peşəkarlığı artırılmalı, əsgər və zabitlə­rin sosial-məişət problemləri yüksək sə­viyyədə diqqət mərkəzində saxlanılmalı, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi günün tələbləri səviyyəsində qurulmalı­dır. Yəni, bu vəzifələrin hansısa yarımçıq şəkildə yerinə yetirilsəydi, biz qələbədən danışa bilməzdik. 

Məhz həmin kompleks tədbirlərin nəticəsidir ki, İkinci Qarabağ müharibə­sində düşmən diz çökdürüldü, şəhər və kəndlərimiz bir-birinin ardınca işğaldan azad edildi, düşmən silah və hərbi texni­kasını meydanda qoyaraq qaçdı. Üstəlik, Azərbaycan Ordusunun bir hərbçisi belə fərarilik etmədi. Ermənistanın birinci xa­nımının etirafına görə isə işğalçı ordunun əsgərlərinin 25 faizi (bəli, Anna Akopyan 11 min fərarinin döyüşən ordunun 25 faizi olduğunu dilə gətirmişdi) fərarilik etmiş və hətta ölkədən qaçanlar da çox olmuşdu. 

Prezident İlham Əliyevin siyasətinin nəticəsidir ki, azərbaycanlı gənclər hə­min 44 günlük müharibə dövründə ordu­ya yazılmaq üçün növbəyə dayanırdılar. Ermənilər isə həbsxanalardakı, xəstəxa­nalardakı əli silah tuta biləcək kişiləri məcburən orduya cəlb edəndən sonra “könüllü qadınlar”dan ibarət dəstələr for­malaşdırırdılar. 

Dövlət başçımız şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən tədbirlərdən birində demişdi ki, mənim əsgərlərim (Yeri gəlmişkən, bizim ordu­muz düşməni necə qorxudubsa, Ermə­nistan mətbuatında Azərbaycan Ordusu ifadəsinə az-az rast gəlirik. Onlar daha çox Əliyevin əsgərləri ifadəsindən isti­fadə edirlər) aslanlar kimi döyüşdülər. Şuşanın sıldırım qayalarına dırmaşaraq çıxan hərbçilərimiz oradakı düşmən qüv­vələrini yüngül siahlarla, bir çox hallarda isə əlbəyaxa döyüşlərdə məğlub edərək tarix yazdılar. Bu, həmin günlər idi ki, erməni ordusunun zabitləri öz əsgərlə­rini səngərdə zəncirləyirdilər ki, silahı buraxıb geriyə qaça bilməsin. Bütün bu faktları və ordular arasındakı fərqləri bilə-bilə yenidən revanş haqqında danışan kəslər– sadəcə olaraq, erməni xalqına düşmənçilik edirlər. 

Dövlət başçımız bu yaxınlarda Sal­yanda Azərbaycan Televiziyasına verdiyi müsahibədə xatırlatmışdır ki, bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücü­müzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhu­nu göstərdik, eyni zamanda, hərbçilərimi­zin peşəkarlığını, öz hərbi potensialımızı göstərdik. Ancaq bundan sonra ordumuz daha güclü olmalıdır və olacaq. 

Dünya hərbçilərinin və ekspertlərin gözünün qabağında olan faktdır ki, 44 günlük müharibədən sonrakı iki il yarım ərzində də Azərbaycanda ordu quru­culuğu məsələlərinə çox böyük diqqət göstərilib. Biz bu faktı heç zaman gizlət­məmişik. Prezident əminliklə deyir ki, bu­günkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış Azərbaycan Ordusundan qat-qat güclüdür: “Ancaq, eyni zaman­da, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir... Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcə­yik, lazım olan digər xərclər də aparıla­caq”. 

Bu qeydlərimi Prezident İlham Əliyevin Laçında dövlət bayrağımızı qal­dırarkən səsləndirdiyi fikirlərlə tamamla­yıram: “Biz müharibə istəmirik, istəmir­dik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq... Ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Ancaq əgər düşmən bizə qar­şı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikir­ləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağ­lamasınlar. Biz şəhidlərimizlə, Ordumuz­la, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir!”

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Siyasət