Ulu öndərə həsr olunmuş konfrans

post-img

Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilmişdir. Tədbir öncəsi iştirakçılar və qonaqlar ulu öndərin Mərkəzin önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra nəzərdə tutulmuş proqrama uyğun olaraq, konfrans Mərkəzin akt zalında öz işinə başlamışdır. İştirakçılar ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər, Dövlət Himni səsləndirilmişdir. Ardınca “Heydər Əliyev müstəqil Azərbaycanın memarı” filmi nümayiş olunmuşdur.

Konfransda giriş sözü ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Heydər Əliyevin hakimiy­yətdə olduğu hər iki dönəmin ayrı-ayrı məqamlarına toxunmuş, Azərbaycanın aqrar bir respublikadan yüksək inki­şaf etmiş sənaye ölkəsinə çevrildiyini vurğulamış, ulu öndərin Azərbaycanın xilaskarı, qurucusu, memarı kimi tarixi xidmətlərini xatırlamışdır. 

Sonra məruzələr dinlənilmişdir. Mil­li Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə “Ulu öndər Heydər Əliyevin siyasi irsi müa­sir inkişafımızın bazasıdır”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının pro­fessoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Heydər Əliyev və Azərbay­canın milli maraqlara əsaslanan siyasə­ti”, həmin akademiyanın baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “44 günlük müharibədəki tarixi qələbənin siyasi ideoloji aspekt­ləri”, MDU-nun Təhsil fakültəsinin de­kan müavini, filologiya elmləri doktoru Flora Namazova “Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiy­yət” mövzusunda məruzələrlə çıxış et­mişlər. Məruzələr maraqla dinlənilmiş və alqışlarla qarşılanmışdır. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat