Ukrayna NATO-ya üzvlüyə ümid bəsləyir

post-img

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı bütün şiddəti ilə davam edir. Dünən RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, rus ordusu bir neçə istiqamətdə hücum əməliyyatları həyata keçirib, bəzi hissələrdə uğurlar mövcuddur. Məlumatı “İnterfaks.ru” verib. 

Onun sözlərinə görə, Baxmut (ruslar Artyomovsk deyirlər) istiqamətində dö­yüşləri “Vaqner”in hücum dəstələri həya­ta keçirir, onlara Hərbi Hava Qüvvələrinin aviasiyası dəstək verir. Hava qüvvələri Ukrayna hərbçilərinin döyüş zonasına hərbi sursat gətirməsinin qarşını alır. 

Bununla yanaşı, dünən “Vaqner” hər­bi qrupunun rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti onun yeni məlumatını yayıb. UNİAN-ın verdiyi məlumatda bil­dirilir ki, Proqojin Rusiya hakimiyyətinə xüsusi hərbi əməliyyatı dayandırmağı və işğal olunmuş ərazilərdə möhkəmlənmə­yi məsləhət görüb: “İdeal variant mühari­bənin başa çatdığını elan etmək, hamıya xüsusi hərbi əməliyyatda Rusiyanın plan­laşdırdığı nəticələrin əldə olunduğunu açıqlamaqdan ibarətdir. Ukraynanın xeyli döyüşçüsünü öldürdük və əməliyyat tap­şırığının tamamlandığını söyləyə bilərik”, - deyə Priqojin bildirib.

Ukrayna tərəfinin məlumatında isə bildirilir ki, dünən axşam saatlarında Uk­raynanın Slavyansk şəhərinə Rusiyanın “S-300” zenit-raket kompleksi vasitəsilə hücum həyata keçirilib. Ukrayna DİN-in məlumatına görə, yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb. Ərazidə xilasetmə əməliyyatı aparılıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qə­rargahının məlumatına görə, ötən sutka ərzində rəqibin müxtəlif istiqamətlərdə 56 hücumunun qarşısı alınıb. Hücum­lar əsasən Baxmut, Liman, Avdeyevka və Marinck istiqamətində olub. Baxmut şəhəri uğrunda şiddətli göyüşlər gedir. 

Dünən, eyni zamanda Ukrayna Pre­zidenti Volodimir Zelenski ilə Böyük Bri­taniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub. Zelenski bildirib ki, Sunakla cəbhədəki vəziyyəti ətraflı müzakirə edib. Tərəflər həm də Rusiya­ya qarşı birgə mübarizə və Ukraynaya dəstəklə bağlı fikir mübadiləsi aparıblar.

Ukrayna xarici işlər naziri Dmitri Kule­ba isə ölkəsinin NATO-ya qarşı tələbləri­ni səsləndirib. Onun fikrincə, NATO-nun Vilnüs sammitində Ukraynanın alyansa tamhüquqlu üzv kimi daxil olması ilə bağ­lı dəvətdən başqa heç bir qərar Kiyevi qane etməyəcək.

Kuleba deyib: “Əgər onlar bizə NATO ilə əməkdaşlığı dərinləşdirmək üçün bəzi müsbət şeylər təklif etməyə çalışırlarsa, eyni zamanda Vilnüsdə Ukraynanın NA­TO-ya üzv olması istiqamətində heç bir addım atmırlarsa, bu, bizim üçün qəbule­dilməzdir. Vilnüsdə NATO Kiyevin üzvlü­yünə doğru addım atmalı və təhlükəsizlik zəmanətləri baxımından nə baş verəcə­yinə qərar verməlidir”.

Bütün bunlarla yanaşı, bəzi Avropa liderləri son günlərin hərbi məlumatlarına əsaslanaraq Ukraynanın əks-hücumun­dan irəliləyiş gözləmədiklərini bəyan edir­lər. Daha real nəticə kimi onlar Ukrayna ordusunun 30 km irəliləyə biləcəyini göz­ləyirlər. Çünki ruslar artıq əllərində olan əraziləridə kifayət qədər möhkəmlənə bi­liblər. Bu barədə “Bloomberg” yazıb.

Ukraynadakı vəziyyətin təhlil olundu­ğu yazıda qeyd edilir ki, Qərb rəsmiləri müharibədə hazırkı durumun Kiyevin 2022-ci ilin sonunda uğurlu əks-hücuma keçərək xeyli ərazini geri qaytardığı və­ziyyətdən xeyli fərqli olduğunu düşünür­lər. O vaxt Ukrayna özünün uğurları ilə Rusiyanı və müttəfiqlərini təəccübləndirə bilmişdi: “Bu, Ukrayna qüvvələrinin 2023-cü ildə müharibəni Ukraynanın xeyrinə çevirəcək yeni irəliləyişlər edə biləcəyinə ümidləri artırmışdı”.

İndi isə Kiyevin müttəfiqləri 2024-cü ilə qədər intensiv döyüşlər aparılmasının vacibliyini düşünürlər”, – deyə məqalədə qeyd olunur.

Amma müttəfiq ölkələr Ukraynaya maliyyə və hərbi yardımları dayandırmaq haqda düşünmürlər. ABŞ da Kiyevə bu il 4,9 milyard dollar əlavə büdcə yardımı göstərəcəyini bəyan edib. Dövlət De­partamentinin məlumatına görə, proses Dünya Bankının mexanizmləri vasitəsilə həyata keçiriləcək. 

“Əlavə 4,9 milyard dollar bu ilin sent­yabrında ödəniləcək. Avropa İttifaqı, Bey­nəlxalq Valyuta Fondu və digər təşkilat­ların dəstəyi ilə yanaşı, bu maliyyələşmə də Ukrayna hökumətinin ölkə əhalisinə vacib xidmətləri göstərməsinə imkan verəcək”, - Dövlət Departamentinin mə­lumatında bildirilir.

Məlumatda o da qeyd olunur ki, Va­şinqton indiyədək Kiyevə 18 milyard dollar vəsait ayırıb, amma Ukraynanın bərpası üçün lazım olan maliyyəni “yal­nız özəl sektorla sıx əməkdaşlıq yolu ilə” təmin etmək olar. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət