Ekologiyanı qorumaq nə vaxtdan “blokada” olub?

post-img

Laçın–Xankəndi yolundakı aksiya beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda, bu etirazlar Azərbaycan xalqının milli maraqlarının ifadəsidir. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekofəalların, gənc könüllülərin davam etdirdiyi aksiya haqlı tələblərə söykənir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Həmin ərazidə təbii sərvətlərimiz talan edilirdi. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istehsalı Azərbaycan qanunvericiliyi əsasında aparılmalıdır.


Bəzi erməni havadarları, o cümlədən, “beynəlxalq” statuslu təşkilatlar isə bu aksiyaları “blokada” kimi və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu, mümkün olmadı. Hətta, Fransanın timsalında ermənipərəst ölkələr aksiya ilə bağlı məsələni BMT TŞ-yə çıxarmağa çalışsalar da, uğursuzluqla üzləşdilər. Məqsədli şəkildə bu aksiyaya qarşı qarayaxma kampaniyaları aparıldı – amma, fakt ortadadır. Bu etiraz aksiyası “blokada” sayıla bilməz. Üç ay ərzində Xankəndiyə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQKX) və Rusiya sülhməramlılarının  maşınları yoldan sərbəst istifadə edirlər. Təbii ki, həmin ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməlidir. 
Yeri gəlmişkən, ilin əvvəllərində ­Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulamışdı ki, ölkəmizin haqlı tələbləri var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılmasını tələb edir və buna nail olacağıq. Bu, bizim qanuni haqqımızdır. Beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Erməni separatçılarının bu aksiya üzərindən şou düzəltmək istəkləri isə fiaskoya məhkumdur.
Ekofəallar 96 gündür Laçın–Xankəndi yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Etirazçılar havanın kəskin dəyişməsinə, soyumasına baxmayaraq, tələblərində qəti olduqlarını nümayiş etdirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən dəyişməz olaraq qalır. Eyni zamanda, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya keçirilən ərazidə humanitar təyinatlı nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsi təmin olunub. Avtomobillərdə erməniəsilli şəxslər də olub. Ümumiyyətlə, son günlər erməniəsilli şəxslərin Ermənistana və Xankəndiyə gediş-gəlişi intensiv hal alıb. Bu, bir daha göstərir ki, humanitar yüklərin keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın–Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

 

Əhməd Qəşəmoğlu, 
sosioloq:

– Aksiyanı, orada iştirak edən gənclərin vətənpərvər mövqeyini müsbət qiymətləndirirəm.  Etirazlar zərurətdən başlandı. Vətəndaşlarımızın siyasi proseslərdə iştirakı təqdirəlayiq olmaqla yanaşı, onların qanuni haqqıdır. Bu tip aksiyalar Avropa ölkələrində sivil mübarizə forması kimi qəbul olunur, insanlar haqlarını tələb edə bilər. 
Bu, həm də onu göstərir ki, Azərbaycan vətəndaşı torpağına, sərvətinə etinasız yanaşa, özbaşınalığa göz yuma bilməz. Davam edən etirazlar, müəyyən mənada, öz müsbət nəticələrini verib. Məsələn, həm ölkə daxilində, həm ermənilərin münasibətində, həm də beynəlxalq aləmdə danışıqların tərzi dəyişib. Qarabağda yaşayan erməni sakinlərinin də proseslərə ayıq gözlə baxmaq şansları yaranıb. Ərazimizə Laçın yolu vasitəsilə hərbi vasitələrin daşınması dayandırılıb. Ən əsası isə ictimai rəyin düzgün konteksdə formalaşması yönünüdə faydalı addımlar atılır...
Cənab Prezidentimiz çıxışlarında, görüşlərində də Laçın–Xankəndi yolunda keçirilən aksiyaya dəfələrlə aydınlıq gətirib, orada iştirak edən könüllü gənclərin təşəbbüsünü müsbət qiymətləndirib. Bütün bunlar onu göstərir ki, aksiyanın keçirilməsi vacib idi və bu addımı gənclər atdı. Nəzərə alaq ki, dünya ictimaiyyəti də etirazın müharibə yox, sivil formasının tərəfdarıdır. Bu da aksiyanın sivil və dinc formasıdır.

 


Rizvan Fikrətoğlu, 
“Xalq qəzeti”

Siyasət