Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquq və ədalət adına rüsvayçılıqdır

post-img

Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Ölkəmizə qarşı yalan və böhtanlarla zəngin olan qətnamədə tarixi həqiqətlər təkzib edilib, inkaredilməz faktların üstündən sükutla keçilib. Qurum  zaman-zaman ölkəmizə qarşı belə qərəzli yanaşmalar ortaya qoysa da, budəfəki qətnamə öz ədalətsizliyi, qeyri-obyektivliyi ilə daha çox diqqəti cəlb edir.


Hitler Almaniyasının işğalçılıq siyasətinə haqq qazandırıldı


Anti-Azərbaycan ruhlu qətnamədə böhtan xarakterli iddialardan biri Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan torpaqlarını işğal etməsi ilə bağlıdır. 30 ildir ki, erməni işğalı altında qalan Azərbaycan torpaqlarının talanmasına, xalqımıza qarşı qorxunc soyqırımlarının gerçəkləşməsinə biganəliklə yanaşan Avropa Parlamenti, dövlətimizin bir qərinədən sonra öz haqqını bərpa etməsini beynəlxalq hüquq pozuntusu kimi dəyərləndirib. Avropa Parlamentinin qətnaməsindən belə anlaşılır ki, Azərbaycan Birinci Qarabağ müharibəsində itirdiyi torpaqları azad etməməli, bu torpaqları həmişəlik Ermənistana bağışlamalı idi. 
Öz torpağına sahib çıxmağı, işğal olunmuş yurdunu azad etməyi hüquq pozuntusu hesab edən Avropa Parlamentinin məntiqindən belə çıxır ki, İkinci Dünya müharibəsi zamanı Avropanı işğal edən Hitler Almaniyası tamamilə haqlı olub. Avropa dövlətləri isə anti-faşist mübarizəsi nəticəsində öz torpaqlarını azad etməklə cinayətə yol veriblər. 


AP BMT qətnamələrini ələ salır 


Azərbaycanın 44 günlük müharibədə Ermənistana təcavüz etdiyini bildirən Avropa Parlamenti, bununla BMT-nin Təhlükəsizlik Şurasının vaxtı ilə ölkəmizlə bağlı qəbul etdiyi 4 qətnaməni də ələ salır. Bu qətnamələrin qəbuluna imza atan dövlətlərin iradəsini təhqir edir. Qeyd edək ki, o qətnamələrdə Azərbaycanın torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu əksini tapıb və erməni ordusunun dərhal həmin ərazilərdən çıxmasının vacibliyi qeyd olunub. Ancaq indi Avropa Parlamentinin 44 günlük Vətən müharibəsini təcavüzkar müharibə kimi xarakterizə etməsi o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurası da zamanında Azərbaycanı təcavüzə məruz qalan tərəf kimi göstərməklə  siyasi səhvə yol verib.
Avropa Parlamentinin qətnaməsinin BMT qətnamələri ilə açıq ziddiyyət təşkil etməsinin özü anti-Azərbaycan qətnaməsinin erməni lobbisinin, eləcə də ermənipərəst dövlətlərin təhriki ilə hazırlandığını göstərir. Halbuki, ­BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsi fonunda Avropa Parlamentinin qəbul etdiyi qətnamə bu qurumun beynəlxalq hüquq və ədalət adına tarixi rüsvayçılığa imza atdığını göstərir. Onu da qeyd edək ki, bu günə qədər beynəlxalq aləmdə iki beynəlxalq qurumun eyni problemlə bağlı qəbul etdiyi qətnamələr arasında belə böyük ziddiyyət müşahidə edilməyib.


Terrorçu dövlət beynəlxalq ­qurumların himayəsi altında


Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi beynəlxalq ədalətsizlik nümunəsi olmaqla yanaşı, həm də yeni bir presedent formalaşdırdı. Sözügedən qətnamə sübut etdi ki, nə qədər inanılmaz görünsə də hazırda terrorçu Ermənistan Avropa Parlamenti kimi beynəlxalq qurumun bilavasitə himayəsi altındadır.  Bu fakt artıq müasir dünyamızda terror dövlətlərinin sadəcə özü kimi terrorçu dövlət və rejimlər tərəfindən deyil, həm də beynəlxalq qurumlar tərəfindən müdafiə olunduğunu göstərir. 
Avropa Parlamentinin Ermənistanı himayə etməklə formalaşdırdığı bu presedentin dünyadakı digər terror dövlətləri və təşkilatları üçün də ümid mənbəyi olacağı şübhəsizdir. Çox güman ki, yaxın gələcəkdə Ermənistanla eyni kateqoriyada yer alan bəzi terrorçu dövlətlərin beynəlxalq qurumların himayəsindən faydalanmaq, öz cinayətlərinə bu yolla haqq qazandırmaq səylərinin şahidi olacağıq.


“Blokada”ya qarşı şampan və kürü ilə mübarizə 


Qətnamədəki yalan iddialardan biri də, guya, Azərbaycanın Xankəndini “blokada”ya alması, Laçın yolunun istifadəyə bağlı olmasıdır. Avropa parlamentariləri bu məsələdə də ağ yalan danışır, bütün dünyanın gözü önündəki həqiqəti təkzib etməyə çalışırlar. 
Məlumdur ki, azərbaycanlı ekoloqların başlatdığı dinc aksiya yalnız təbii sərvətlərimizin və ekologiyanın məhv edilməsinin qarşısını almağa yönəlib.Burada heç bir blokadadan söhbət getmir. Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlılarının, erməni mülki avtomobillərinin Laçın–Xankəndi yolundan gecə-gündüz istifadə etməsi faktı deyilənlərin cəfəngiyyat olduğunu göstərir. 
Digər bir fakt Xankəndidəki erməni oliqarxlarının Yeni il və digər ­bayramları, özəl günlərini xüsusi dəbdəbə ilə – “şampan seli” və kürü ilə qeyd etməsidir. Sosial şəbəkələrdən tutmuş müxtəlif media orqanlarına qədər yol tapan bu cür fotofaktlar Xankəndi ilə bağlı hər hansı blokadanın yaşanmadığını göstərir.


AP-nin öz nüfuzuna ölümcül zərbəsi


Aydındır ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin ölkəmizə, onun apardığı haqq işinə hər hansı mənfi təsiri olmayacaq. Bu günə qədərki təcrübə onu göstərir ki, Azərbaycana təhdid və təzyiqlərlə qalib gəlmək mümkün deyil. Bu qətnamə ən böyük zərbəni elə Avropa Parlamentinin özünə vuracaq. Qəbul etdiyi qətnamə Avropa Parlamentinin bütün dünyadakı nüfuzunu ciddi zərbə altında qoyacaq. Hər kəs anlayacaq ki, bu quruma güvənmək, ondan  ədalət gözləmək mənasızdır. 


Seymur ƏLİYEV, 
“Xalq qəzeti”

Siyasət