Ermənistan Azərbaycanla yeni müharibəyə can atarsa...

post-img

Həm Ermənistan–Azərbaycan sərhədində, həm də Qarabağda yeni hərbi toqquşma ehtimalı kifayət qədər yüksəkdir. Bu fikir Azərbaycan cəmiyyətində də aktualdır, Ermənistanın ictimai rəyində də. Ancaq paralel olaraq sülh gündəliyi ilə bağlı müzakirələr də artıb. Belə nəticəyə gəlmək mümkündür ki, yaxın vaxtlarda sülh müqaviləsi imzalanmasa, müharibə qaçılmazdır. 


Bakı üçün gücə əl atmaq iki ildən artıq gözlədiklərini ala bilməməkdən irəli gəlir. Nəzərə alaq ki, Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlıları var. Halbuki onlar, 10 noyabr üçtərəfli Bəyanatına əsasən bölgədən çıxarılmalı idilər. Çıxarılmadılar və hazırda silahlıların sayının, hətta, 10 min nəfər olduğu bildirilir. Bu rəqəm təhlükə kimi qiymətləndirilməsi baxımından kifayət qədər böyükdür... 
Ermənistan üçün hərbi əməliyyatlar ritorikasını qabartmaq, dünyanın diqqətini üzərinə götürdüyü öhdəliklərdən yayındırmaq üsuludur. Bu yolla İrəvan Azərbaycanın, həm də guya, təcavüzkar mahiyyətini göstərməyə çalışır. İstəyir ki, beynəlxalq miqyasda Bakıya münasibətdə total antipatiya formalaşsın. Bu ideyanın ən böyük təbliğatçısı isə Ermənistanın baş naziri Nikol Paşinyandır. 
N.Paşinyan bir müddət öncə Almaniyada olarkən, Cənubi Qafqazda hərbi əməliyyatların başlana biləcəyini bildirmişdi. O, martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında da məsələnin üzərinə gəldi: “Həm Ermənistan sərhədində, həm də Qarabağda eskalasiya ehtimalı çox yüksəkdir. Mənim gəldiyim qənaət Azərbaycanın getdikcə artan aqressiv ritorikasına əsaslanır, təbii ki, başqa məlumatlar da var”.
Əlbəttə, sülh danışıqlarını, faktiki olaraq, dalana salmış, yeni şərtlər irəli sürməyə cəhd göstərən Ermənistan bıçağın sümüyə dirəndiyinin fərqindədir. Buna görə müharibəni düşünür. Nəzərə alaq ki, hazırkı situasiyada müharibə avantürist erməni hakimiyyətinin Azərbaycanın bölgədə yaratdığı reallıqlara qarşı çıxmasının tək yoludur. 
İrəvanda Bakının hərbi baxımdan çox güclü olduğunu bilirlər. Sadəcə, ümüd edirlər ki, savaş qarışıqlığı yeni oyun qaydaları formalaşdıracaqdır. Ötən iki il ərzində apardıqları xarici siyasətin Qarabağ məsələsinə beynəlxalq diqqəti artırdığı, ermənipərəst duyğuları, təəssübkeşliyi gücləndirdiyi qənaətindədirlər. Hesab edirlər ki, bu durumda Azərbaycan savaşa başlasa, dünya ictimaiyyəti ona qarşı cəbhə açacaq. Buna görə müharibə fikrini tirajlayırlar. Erməni hakimiyyətinə yaxın teleqram kanalları Azərbaycanın Ermənistanla sərhəddə əlavə qoşun yığdığına dair məlumatlar paylaşırlar. 
“Müdafiə Nazirliyi Qarabağ ətrafındakı vəziyyətlə bağlı mütəmadi açıqlamalar verir. Rusiya sülhməramlıları da bölgədəki duruma dair gündəlik hesabatlar yayırlar. Ermənistan Respublikasının sərhədlərinə gəlincə, hazırda (Azərbaycanın) heç bir qoşun çəmləşməsi qeydə alınmayıb, lakin bu, qətiyyən o demək deyil ki, biz sayıqlığımızı itirməliyik”. Bu fikirləri Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə müsahibəsində bildirib.
Ümumən, bir sıra beynəlxalq siyasi dairələr də İkinci Qarabağ müharibəsindən ötən iki ildə Ermənistanın və Azərbaycanın üçüncü müharibəyə başlamaq ərəfəsində olduqlarını vurğulayırlar. Onlar, xüsusən, son bir ildə hər iki tərəfin diplomatiya və hərbi qarşıdurma arasında qaldığını deyirlər. Mövcud xüsusda o da diqqətə çatdırılır ki, 2022-ci ildə vasitəçilər hərtərəfli sülh razılaşması əldə etməyə çalışsalar da, üç böyük hərbi əməliyyat vəziyyətin nə qədər təhlükəli olduğunu sübuta yetirir. 


***


Maraqlıdır ki, Ermənistan və Rusiya ekspertləri də bu mövzudan söz açır və Azərbaycanın danışıqlarda irəliləyişin tempindən narazı olduğunu bildirirlər. Onlar əlavə edirlər ki, Bakı 44 günlük müharibə ilə qazandığı hərbi uğurlarının kağız üzərində rəsmiləşməsinə tələsir. Bu, həqiqətən də, belədir və ölkəmiz iki ildən artıqdır gözləyir. 
Onu da bir daha vurğulayırıq ki, Ermənistan hazırda hərbi gərginlikdə maraqlıdır. Baxın, hayların siyasi dairələri ölkə iqtidarının istəklərini Azərbaycanın uğurlarını rəsmiləşdirmək üçün tələsməsi məntiqinə kökləyərək, Bakını potensial təcavüzkar kimi qələmə verməyə başlayıblar. Məsələn, erməni politoloq David Arutyunov bildirir ki, Bakı indiyədək danışıqlar prosesi çərçivəsində erməni tərəfinin müəyyən güzəştlərə nail olmaq üçün hərbi təzyiq taktikasından istifadə edib və çox güman ki, indi də oxşar vəziyyət yarana bilər: “Maraqlıdır ki, son həftələr Azərbaycan danışıqlarda irəliləyişin sürətindən və erməni tərəfinin mövqeyindən narazılığını vurğulayır”.
Arutyunovun fikrincə, yeni eskalasiyanın mümkünlüyünü vəziyyətin Bakı tərəfindən aparılan təbliğat komponenti də göstərir: “Azərbaycan analoji aksiyalarından əvvəl informasiya kampaniyası keçirir. İndiki vəziyyət də istisna deyil. Bakı Ermənistanla sərhəddə və Qarabağın təmas xəttində baş verən insidentlər barədə fəal məlumat verir, həmçinin, Ermənistan tərəfini Qarabağda, guya, hərbi transferlər aparmaqda ittiham edir”.
Göründüyü kimi, erməni siyasiləri ölkənin müharibə istəklərini Azərbaycanın savaş arzusunda olması kimi dəyərləndirmək yolu tuturlar. Bu, Paşinyan ­administrasiyası tərəfindən ortaya atılmış tezisdir. Azərbaycanın hərbi müdaxiləsinin baş verə biləcəyi fikrini qabardan erməni siyasilərin bir qismi isə vəziyyətin belə şəkil alacağı təqdirdə ona hansı təsir imkanlarının ola biləcəyindən söz açır. Onlar həm Ermənistanın hazırkı siyasi rəhbərliyinin, həm də ona dəstək olan Qərb dairələrinin Bakını saxlamaq gücündə olmadığını söyləyirlər. Mövcud xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı populyarlığını, ölkəmizin Qərbin enerji siyasətində mühüm aktora çevrilməsini önə çəkir və bildirirlər ki, dünya ictimaiyyəti öz maraqlarına görə heç bir halda Bakıya “dur!” deməyəcəkdir. 
Əlbəttə, bu kimi fikirlərdə müəyyən haqlı tərəflər var. O anlamda ki, nəinki Ermənistan, ümumən, dünya erməniliyi geosiyasi müstəvidə məğlub durumdadır. Başlıca məsələ belə mülahizələrin nə üçün gündəmə gəlməsi ilə bağlıdır. Cavab sadədir. Çünki az əvvəl diqqətə çatdırdığımız fikirləri irəli sürənlər yalnız Rusiyanın duruma təsir imkanlarının mövcudluğunu qabardırlar. 
Deməli, Moskva Ermənistandakı, belə demək mümkünsə, politoloq agenturasının köməyi ilə rəy formalaşdırır ki, rəsmi İrəvanın Bakı ilə münasibətləri, tamamilə, dalana dirəyəcəyi təqdirdə onu çıxılmaz durumdan xilas edəcək tək qüvvə Rusiyadır. İndiki situasiyada söhbət heç də yalnız ondan getmir ki, Moskva İrəvana Azərbaycanla mübarizədə kömək əlini uzadır. Hərçənd, Qarabağdakı rus sülhməramlılarının erməni silahlıları üçün hamilik etdikləri aşkardır. Göründüyü kimi, ölkə Ermənistanın müharibəyə hazırlaşdığını hiss edir və çalışır ki, özünü ona, necə deyərlər, şirin satsın. Müvafiq olaraq, İrəvandakı ruspərəstlər də işə düşüb Rusiyanın bölgədəki rolunu, Azərbaycana, guya, söz keçirmək qabiliyyətini dəyərləndirməyə girişiblər. 
Bəli, Rusiya Ermənistanı öz orbitinə qaytarmaq üçün bütün şanslardan istifadə edir. Hətta, mümkün hərbi əməliyyatlarda uduzmasına və ikinci dəfə məhvə sürüklənməsinə də öz köməyini göstərir. Nəzərə alaq ki, eyni “köməyi” 44 günlük müharibə zamanı da göstərmişdi. O vaxt Moskvanın hakim rol oynadığı danışıqlar prosesini dalana dirəyən Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmaq Kreml üçün aktual olsa da, müharibə gedişində rus siyasi dairələri “bəlkə də qaytardılar” məntiqi ilə hərəkət edirdilər. İndi də Qarabağdakı, loru dildə desək, rus gətir-götürü buna xidmət edir. 
Ancaq, demək olmaz ki, Cənubi Qafqazda müharibə dalğasının baş qaldırması Rusiya üçün sərfəlidir. Qətiyyən belə deyil. Onun Ermənistana təsir imkanları yoxdur. İrəvan bütün oyun qaydalarını pozur. Bu halda belə, Moskvanın köməyindən istifadə edir və heç bir təminat vermir ki, buna qarşılıq onun mənafelərindən çıxış edəcək. Heç etməyəcək də. Sadəcə, İrəvan avantürist niyyətlərinin gerçəkləşməsi naminə köməkdən də imtina etmir. Görünür, bu köməyin heç bir öhdəlik yaratmadığını düşünür. Axı, Paşinyanın Qərb qarşısında öhdəliyi var. Yəni, həm Ermənistan, həm də Rusiya hazırda, necə deyərlər, öz əlinə oynayır. Rusiya bölgədə rusiyasızlığın mümkünsüzlüyünü, Ermənistan isə Azərbaycanın maraqlarının keçərsizliyini isbatlamağa qol çırmayıblar. Belə bir mürəkkəb siyasi labirintdə Azərbaycan hələ ki səbrlə davranmaqdadır. Əlbəttə, bu səbir də müəyyən yerə qədərdir. 


Ə.CAHANGİROĞLU, 
“Xalq” qəzeti

Siyasət