Fransanın üzqarası – islamofobiya

post-img

Sivil dünyada qatı millətçiləri, şovinistləri cəmiyyətin “üzqarası” sayırlar. Mətbuat onlardan mümkün qədər uzaq durmağa çalışır. Humanist, bəşəri dəyərlərə önəm verilən cəmiyyətlərdə nifrət və ikrah doğurur. Ən azı, faşizmin bəşəriyyətə hansı fəlakətlər gətirdiyi hər birimizə bəllidir. 


Təəssüf ki, islamofobiya Fransanın üzqarasına çevrilib. Bu ölkədə son illər qatı millətçilər, şovinistlər at oynadırlar. Fransalı millətçilərin hədəfinə tuş gələnlər isə, ilk növbədə, biçarə müsəlmanlardır. Onları aşağılayır, ikinci növ vətəndaş hesab edirlər. Reallıq budur ki, islamofobiya bu ölkədə adi həyat tərzinə çevrilib. 
Bəlkə, Prezident Makronun öz ölkəsində islamofobiyanın acınacaqlı duruma çatdığından xəbəri yoxdur? Xeyr, var! Hər şey Yelisey sarayından idarə olunur. Bu siyasət hazırkı iqtidarın və onun arxasında duran yırtıcı imperialist dairələrin işinə yarayır. İri kapitalın acgözlüyündən, kəskin sosial haqsızlıqlar və ədalətsizliklərdən narazı qalan ölkə əhalisinin başını qatmağın bundan yaxşı yolu nə ola bilərdi ki? 
Fransada millətçiləri müsəlman ölkələrindən olan mühacirləri özlərinin mənsub olduqları cəmiyyət üçün “yad ünsürlər” hesab edirlər. Onlar İslam dininin daşıyıcılarına qarşı aşağılayıcı, hətta təxribat xarakterli çıxış və bəyanatlar səsləndirməkdən belə çəkinmirlər. Burada vaxtaşırı İslam peyğəmbərinə belə şər və böhtanlar yağdırmağı özlərinə rəva görürlər. 
Fransalı siyasətçilər pafoslu, bəlağətli söz və ifadələr işlətməyi sevdikləri kimi, nifrət etdikləri dəyərlərə qarşı da “originallıqları” ilə seçilməyi xoşlayırlar. Bu yaxınlarda “xoruzlar ölkəsi”ndəki şovinist siyasətçilərdən biri müsəlman miqrantlarını “sivil Fransa cəmiyyətinin tikanları” adlandırıb. Həmin acı ifadə artıq məişət səviyyəsində də geniş yayılıb və hətta “dillər əzbəri” olub. 
Həmin üzdəniraq siyasətçi “trendə” çevrilən çıxışına şərh verməyi də unutmayıb. Onun sözlərinə görə, gözəllik rəmzi olan qızılgülün tikanlarının olması təbiidir, amma təbiətdən fərqli olaraq, “azad, mədəni Fransa cəmiyyətin”də “tikanlar” olmamalıdır. Bu, utancvericidir! Bu, sözün bitdiyi yerdir! 
Məhz, prezident Makronun uğursuz idarəçiliyi ilə Fransa kin və küdurət ölkəsinə çevrilib. Bu rüsvayçı deformasiya necə baş verib? Axı, Fransa bəşəriyyətə azadlığı, bərabərliyi, qardaşlığı təqdir və təbliğ edən Möntöskyo, Volter, Didro və sair kimi böyük filosoflar verib. Onların sadəcə adlarını çəkəndə belə hər birimiz qürur hissi duyuruq. 
Siz təzada baxın ki, Fransanın İtaliyadan, təxminən, 259 il əvvəl “qopardığı” Korsika adasında yerli əhaliyə öz dillərində təhsil almağa icazə verilmir. Bu, dahi qələm ustadları Balzakın, Hüqonun, Stendalın, Floberin vətənində baş verir. Bu, 1789-cu ildə Bastiliyaya hücum edib mütləqiyyəti məğlub edən, şərəfli azadlıq bayrağını başının üzərinə qaldıran bir millətin vətənində baş verir! 
Bir neçə həftə əvvəl guya Azərbaycanın mümkün hucumundan qorumaq üçün “dostu” Ermənistana jandarmlar göndərən Fransa hökuməti 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində Əlcəzairdə suverenlik tələb edən milyon yarım vətənpərvəri qətlə yetirdiyini hələ də danır. Amma həmin Fransa hələ 1998-ci ildə saxta “erməni soyqırımı”nı tanıyıb və bu ölkədə bu gün sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır. 
Əlcəzair xalqı başına gətirilən qanlı zorakılıqlara görə Fransadan “ədalət” umur. Ancaq fransalı parlamentarilər bunu müzakirə etməyi belə özlərinə sığışdırmırlar. Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransadan kim haqq-hesab tələb edəcək? Zaman gələcək, Fransa Əlcəzairdə axıtdığı günahsız qanlara görə cavab verməli olacaq! Unutmasınlar ki, “Dünya beşdən böyükdür!”
Fransada təkcə müsəlman ölkələrindən olan miqrantlara qarşı deyil, hətta illər boyu bu ölkədə yaşayan, onun “halal” vətəndaşı sayılan, lakin müsəlman inanclı insanlara (“qızılgülün tikanları”nı yadına salın-müəllif) qarşı bütün səviyyələrdə ayrı-seçkiliklər adi hala çevrilib. Onlarla polisdə qaba davranırlar, məhkəmələrdə saymırlar. 
Ən son məlumatlara görə, Fransada altı milyona yaxın müsəlman mühacir məskunlaşıb ki, onların çoxu tez-tez etnik və dini zəmində təhdid və zorakılıqlarla üzləşirlər. “Dünyanın ən azad ölkəsi”nin müsəlman vətəndaşları indi özlərinin və övladlarının bugünkü və sabahkı talelərindən ciddi narahatdırlar. 
Məşhur “Əl-Cəzirə” telekanalı əslən Mərakeşdən olan Anasse Kazib adlı ərəb əsilli bir nəfərdən müsahibə alıb. Həmin şəxs ötənilki prezident seçilərində iştirak etmək xəyalına düşmüşdü və namizədliyini irəli sürmək üçün tələb olunan 50 min seçici imzasını toplamaq istəyəndə adlarının çəkilməsini istəməyən bəzi dairələrdən ona bildiriblər ki, bu sövdadan əl çəksin, çünki Fransada demokratiyanın fasadı bir başqa, həqiqi üzü bambaşqadır. 
Sözügedən mərakeşli siyasətçinin məqsədi isə bu olub ki, namizədliyi qeydə alınsın ki, o, Fransadakı şovinist siyasətçilərin iç üzlərini açıb göstərsin və bu kökündən yanlış, zərərli siyasətin ölkənin imicinə böyük zərbə vurduğunu qeyd etsin. A.Kazib bunu prezidentliyə namizəd statusunda teleekrandan demək istəyirdi. Arzusu ürəyində qaldı. 
Yeri gəlmişkən, ərəb siyasətçini seçkilərə yaxın buraxmasalar da, yaxşı tanıdığınız qatı milətçi Marin Li Pen özünün seçkiqabağı kampaniyasında dəfələrlə bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə bütün müsəlmanları ucdantutma ölkədən qovacaq. Bəzi siyasətçilər hətta ara xəlvət olanda “Koronavirus təhlükəli deyil. “Quran” daha təhlükəlidir” deməkdən belə çəkinmirlər. 
Fransada yaranmış belə bir aşağılayıcı mühitdə müsəlmanlara qarşı cinayətlərin sayı durmadan artır. 2021-ci ildə müsəlmanları əleyhinə törədilən cinayətlərin sayında Fransa Qərb ölkələri arasında “lider” olub. Başqa bir problem isə budur ki, Fransa məhkəmələri suçları oldu-olmadı, ərəb mühacirləri cəzalandırmağı “sevirlər”. Miqrantlar “Əl-Cəzirə” telekanılının müxbirlərinə Fransa məhkəmələrinin onlara qarşı daha sərt davrandıqları barədə faktlar göstəriblər. 
Dünya birliyi Fransada islamofobiyanın kəskin güclənməsinin fərqindədir. Bu il martın 15-16-da Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi İsmət Cahan Avropanın bir çox ölkələrində, o cümlədən, Fransada islamofiya təzahürlərinin güclənməsindən narahatlığını dilə gətirib. 
Yazını başa çatdıranda tez-tez dinlədiyim “Ay ana, mən qəribəm” mahnısı yadıma düşdü. Bir müddət Fransada məskunlaşan həmyerlimiz, populyar müğənni Vaqif Abbasov yad ölkədə yaşamağın möhnətini öz taleyində yaşayıb. Vaqif müəllim televiziyada bir jurnalistin sualını cavablandırarkın dedi ki, Abşeron torpağının bir qarışını nəinki Fransaya, bütün Avropaya dəyişməz. 
Gəlin hər kəsə doğma yurdunda, torpağında yaşamağı, qurub-yaratmağı arzulayaq. Elə bir gün olsun ki, afrikalı müsəlmanlar da öz məmləkətlərində yaşamağa üstünlük versinlər, bir tikə çörək dalınca onları aşağılayan Fransa kimi “sivil, demokratik” ölkələrə qədəm basmasınlar! Həqiqətən, bu gün dünyanın haqqa, insafa, ədalətə ehtiyacı var! 


Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

Siyasət