İslamofobiyanı körükləyən terror yuvası

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, xaçpərəst Anna Akopyanın İran məscidində çadra örtməsi ilə qərbli radikalların islamofobiyanı əllərində bayraq tutması arasında niyyət eyniliyi var. Sivilizasiyalararası, dinlərarası ədavət orta əsrlərdə də olub, amma islamofobiyanın son 25-30 ildə intişar etməsi bu məkrli təmayülün bünövrəsindən siyasi məqsədlər üçün ortaya atıldığı artıq XXI əsrin işığında aydın görünür. Mahiyyəti etibarilə islamofobiya müsəlmanlara nifrət təbliğatı zəminində Qərbin sıravi adamında formalaşdırılan daxili və irrasional qorxudur, – desək yanılmarıq. 


Sivilizasiyaların fərqləri və fəsadları


Məqsədyönlü şəkildə ictimai rəyə təlqin edilən islamofobiyanın, eyni zamanda, həm qərblilərdən, həm də müsəlmanların özlərindən qaynaqlanan səbəbləri var. Bunların arasında siyasi, iqtisadi, teoloji səbəblərlə yanaşı, terror faktoru da yer alır. Sonuncu amilə keçməzdən əvvəl tarixə ötəri nəzər yetirməyimiz yerinə düşər. Çünki burada islamofobiyanı tamamilə inkar edən kodlar, milli-mənəvi, bəşəri dəyərlərə söykənən inanclı şərqlinin irfani düşüncəsi gizlənib. Yəni, iman və əxlaq sahibi olan əməlisaleh müsəlman xristian Avropasının sakini kimi Varfolomey gecəsini yaşamayıb, qladiator döyüşləri təşkil etməyib, insanların bir-birini öldürməsindən zövq almayıb. 
Zəmanəmizdə isə İspaniyada “təmtəraqlı şouya” çevirdikləri buğa festivalında Tanrının yaratdığı heyvana əziyyət verməyi günah sayır. O, müharibə edəndə də kişi kimi döyüşüb, "səlib yürüşləri"ndəki qəddarlığı əxlaqına sığışdırmayıb. Amma burada bir istisna var. Bu, 44 ildir İslamın yaşıl bayrağı altında həm daxildə, həm də xaricdə çeşidli cinayətlərə imza atan, terroru özünün siyasi təsir alətinə çevirən və bununla da müsəlman dünyasının ağrımayan başına “islamofobiya dəsmalı”nı bağlayan məhz İranın müstəbid fars-molla rejimidir. 
Tehran beynəlxalq terrorizmin sponsorudur
Dünyada islamofobiyanı “çiçəkləndirən”, İslamın adından və bayrağından şovinist məqsədlər, terror aktları üçün istifadə edən İran hakimiyyəti bu yarışda liderdir. Beynəlxalq analitik mərkəzlərin hesablamalarına görə, 1979-cu ildə Fevral inqilabı nəticəsində hakimiyyətə gələn qılaflı islamçılar dünyanın 5 qitəsində, 20-dən çox ölkəsində sui-qəsdlər təşkil edib, terror aktları həyata keçiriblər. Tehranın bu qanlı fəaliyyətinin coğrafiyası Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyanı əhatə edir. Artıq İrandakı cinayətkar rejimin beynəlxalq terrorizmə yaxından dəstək verməsi dünya ölkələrinin qlobal problemi kimi xarakterizə olunur. Məhz Tehranın maliyyə və maddi-texniki yardımları sayəsində “Hizbullah” terror qruplaşması “Şiəliyi müdafiə” şüarı altında xüsusi silahlı qruplar hazırlayaraq, onları Suriya, İraq, Əfqanıstan və Pakistana göndərir, təlim görmüş terrorçular isə bu ölkələrin daxilində qırğınlar törədirlər. Onlara praktiki dəstəyi isə SEPAH (İran İnqilab Keşikçiləri Ordusu) verir. Fəqət bu da danılmaz həqiqətdir ki, həmin terror aktları İranın ən yüksək siyasi eşalonu, mərkəzi dövlət qurumları ilə əlaqəli şəkildə hazırlanır və həyata keçirilir. Rəsmi məlumatlara əsasən, İranın rəsmi adı İnformasiya Nazirliyi olan Ettalaat, əslində, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi missiyasını yerinə yetirir. İranda “Ettalaat” adında çap olunan qəzetin əməkdaşları “jurnalist” kimi dünyanın müxtəlif ölkələrinə ezam olunur, orada təxribatlarda iştirak edirlər. Xarici ölkələrdə həyata keçirilən terror aktlarının böyük əksəriyyətinin müəllifi sayılan SEPAH isə digər terror təşkilatlarının fəaliyyətini istiqamətləndirir, onları təlimatlandırır və qarşılarına konkret “vəzifələr” qoyur. İnqilab Keşikçiləri Ordusunun xüsusi təyinatlı “Qüds Qüvvələri” dünyada terror aktlarını təşkil etməkdə “peşəkarlaşan” Livanda “Hizbullah”, Fələstində “İslami Cihad”, Bəhreyndə “Əl-Əştər briqadaları”, İraqda “Kataib Hizbullah” kimi silahlı qruplaşmaların xidmətindən istifadə edir. Terrorçu yuvasına çevrilmiş cinayətkar fars-molla rejimi təxribatları “modern texnologiyalar”la həyata keçirmələri üçün terror qruplarına hər il 16 milyard dollar vəsait xərcləyir. Və bütün bunlar İranın timsalında dünyada islamofobiya xofunun daha geniş yayılmasına rəvac verir. 


Sanksiyaların effekti olacaqmı?


ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi işçi qrupu Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların onun terrorizmi maliyyələşdirməsi fəaliyyətinin zəifləməsinə hesablandığını və bu üsulun təsirinin hiss olunduğunu açıqlayıb. Konqresin dinləmələr toplantısında qrup rəhbəri bəyan edib ki, sanksiyalar nəticəsində İranın “Hizbullah” və “Həmas” kimi terror qruplaşmalarına göstərdiyi maliyyə və hərbi yardımlarının həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu məsələ ilə bağlı Konqresdəki dinləmələrdə bir fakt da nəzərə çatdırılıb ki, Tehran rejimi Yəməndə baş verən vətəndaş müharibəsində husiləri dəstəkləməklə, yerli xalqın olduqca acınacaqlı vəziyyətə düşməsinin baiskarı olub. 
ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla əlaqəli ölkələrə dair Hesabat”da (Country Reports on Terrorism) İranın terror fəaliyyəti barədə açıqlanan faktlarla dünyada törədilən ən qanlı cinayətlərdə məhz fars-molla rejiminin dəst-xəttinin olduğu sübuta yetirilib.
Ən yeni fakt üçün uzağa getməyə ehtiyac yoxdur. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinin binasında törətdiyi qanlı terror fars-molla rejiminin beynəlxalq səviyyədə terrorizmi dəstəkləyən dövlətə çevrildiyinin əyani sübutu oldu. Buradan belə bir məntiqi nəticə hasil olur: Nə qədər ki, despotizmin hökm sürdüyü, bəşəri və demokratik dəyərlərin ayaqlar altına atıldığı, azad düşüncəli insanlara inkivizisiya cəzalarının verildiyi, terrorun siyasi alətə çevrildiyi molla rejimi ayaq üstədir, İslam dünyası islamofobiyadan hələ çox əziyyət çəkəcək. 
Altbaşlıqda apardığımız müqayisə skeptiklərə qüsurlu görünə bilər, amma saxta çadranın və xaçın altında dünyanın ən məkrli planını “islamofobiya” adı ilə reallaşdırmağın mümkünlüyü heç kəsdə şübhə doğurmamalıdır. 


İmran BƏDİRXANLI, “Xalq qəzeti” 

iran-terror-2.jpg

Siyasət