Prezident İlham Əliyevin təklifi və ya Ankarada Şuşa ruhu

post-img

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının dünən keçirilmiş fövqəladə Zirvə görüşü ölkəmizdə, daha dəqiq desək, Şuşada təşkil olunmalı idi. Lakin Azərbaycan Prezidentinin təşəbbüsü ilə mühüm əhəmiyyət daşıyan bu toplantı Ankarada düzənləndi. 


Əlbəttə, Şuşanın belə bir mötəbər tədbirə evsahibliyinin çox böyük rəmzi məna daşıyacağı sözsüz idi. Çünki şəhər yalnız Azərbaycanın deyil, bütövlükdə, türk dünyasının incisidir. Digər tərəfdən, qlobal inteqrasiyanın türk modeli sayılan TDT çərçivəsindəki mühüm mesajların Şuşadan səslənməsi də adi məsələ sayıla bilməzdi. Daha bir siyasi anlam odur ki, iki il dörd ay öncə işğaldan azad edilmiş Şuşa hazırda həm də türk dünyasının bütövlük, mübarizlik simvoludur. 
Əlbəttə, TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsinin əhəmiyyətini vurğulayan xeyli məqamlardan söz açmaq mümkün olardı. Heç şübhəsiz, tarixi şəhərimiz gələcəkdə türk dünyasının möhkəmlənməsini rəhbər tutan neçə-neçə nüfuzlu tədbirlərə, hadisələrə şahidlik edəcəkdir, evsahibliyini gerçəkləşdirəcəkdir. Lakin nəzərə alaq ki, indiki məqamda Azərbaycan Prezidentinin Ankara təşəbbüsü qardaşlıq, birlik, bərabərlik jestidir. Deməli, Şuşanın rəmzi anlamını vurğulayan jestin ifadə meydanının Türkiyə dövlətinin paytaxtı seçilməsində məntiqi qanunauyğunluq var. 
Dövlətimizin başçısının Şuşanın Ankara ilə əvəzlənməsi təşəbbüsü Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlıdır. Əlbəttə, dünyanın bir çox ölkələrindən qardaş ölkəyə çoxsaylı başsağlığı diləkləri çatdırıldı, yardımlar göstərildi. Azərbaycan yardım göstərən ölkələrin ön sıralarında oldu. Zəlzələ ilə əlaqədar Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil etdi. Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım, 22 milyon 776 min 400 manat (13 milyon 397 min 883 dollar) məbləğində isə birbaşa maliyyə yardımı göstərildi. Bu gün də Azərbaycan zəlzələ nəticəsində qardaş ölkəyə dəymiş ziyanın aradan qaldırılması işində fəallıq göstərməkdədir. 
Qeyd edək ki, Prezident İlham Əliyev martın 10-da Türkiyədə işgüzar səfərdə oldu, Azərbaycanın hər zaman qardaş xalqın yanında olduğunu göstərdi. Lakin qlobal hədəflər önəmlidir. Buna görə dövlətimizin başçısı türk dövlətlərinin müştərək şəkildə dar gündə birlik mesajını verməsini vacib saydı.  Həm də ona görə vacib saydı ki, cənab İlham Əliyevin də bildirdiyi kimi, “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir”. 
Çıxışlarında türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığının dərinləşməsinin zəruriliyini əsaslandırmış Azərbaycan Prezidentinin TDT-nin mühüm toplantısının Ankarada təşkili təşəbbüsü özündə, eyni zamanda, fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusunun aktuallığından qaynaqlanır. Deməli, Azərbaycanın dövlət başçısı türk dövlətlərinin dar gündə bir-biri ilə yardımlaşmasının institusional əsaslarının formalaşmasına ciddi önəm verməkdədir. Fövqəladə Zirvə görüşünün Ankara bəyannaməsində də bildirildiyi kimi, TDY-yə üzv dövlətlər zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər, fəlakətdən sonra həyata keçirilən fədakar axtarış və xilasetmə əməliyyatlarını alqışladılar, aramsız səyləri ilə bir çox insanın həyatını qurtaran dəstələrə minnətdarlıqlarını çatdırdılar, milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın artırılmasına yönələn fəaliyyətlərdə iştiraka hazır olduqlarını bildirdilər, zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə hazırlıqlarını ifadə etdilər, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həlli üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər. 
Təbii ki, TDT-nin Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsü kimi, Ankara bəyannaməsi də Prezident İlham Əliyevin dərin düşüncəsinin məhsuludur. Belə düşüncə sahiblik, yalnız, əsl liderə xas keyfiyyətdir. Dövlətimizin başçısı da türk dünyasının lider şəxsiyyətidir. Bu düşüncə, həmçinin, Şuşanın türk dünyası üçün mənəvi obrazının aşılanmasıdır. Deməli, Ankara, obrazlı desək, həm də Şuşa ruhunun təntənə meydanıdır. 
Bəli, Ankara zirvəsi türk dünyasının fəlakətlərlə mübarizədə TDT daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkdi, regiondakı mövcud çağırışlara adekvat münasibətlərin ortaya qoyuldu. Axı, heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu sammitin də məqsədi həm qeyd edilən sahədə praktiki əməkdaşlığın müzakirəsi, həm də baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Türkiyəyə dəstəyin nümayişi idi. Heç şübhəsiz, “Təbii fəlakət - fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirəyə çıxarıldığı platformadır. Belə bir humanist platformanın təşəbbüskarı olmaq da İlham Əliyev liderliyinin mahiyyətindən, fəlsəfəsindən irəli gələn məziyyətdir. Bu məziyyətdə türk dövlətlərinin üzləşdikləri çətin durumlara müstəqil şəkildə reaksiya vermələrini görmək əzminin nümayişi də var. 
Bəli, İlham Əliyev TDT-ni tam müstəqil orqanizm kimi görür. Elə buna görə dövlətimizin başçısı 2014-cü ilin iyununda Bodrumda keçirilən IV Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüs təşkilat səviyyəsindəki əməkdaşlığa əlavə, son dərəcə ciddi praktiki məzmun vermək anlamına söykənir. Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın qəbulu, konkret desək, mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması Azərbaycan liderinin praktiki məzmunu dərinləşdirmək əzminin bariz göstəricisidir. Bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyevin səsləndirdiyi hər bir fikrin həyatda fiksasiyası var, onun hər bir sözünün arxasında real iş istiqamətləri dayanır. 
Böyük alman filosofu və iqtisadçısı Ferdinand Lassal deyirdi ki, məqsədə yalnız o zaman çatmaq olar ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun. Bəli, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın ucalıq məqsədinə təbiət qazandırmaq motivini rəhbər tutur. Türk dünyasının möhkəmlənməsi də ölkəmizin uca zirvələr fəthinə hesablanmış məqsədindəki vasitədir. Ancaq liderlik həm də bölüşmək bacarığıdır. Dövlətimizin başçısı özünün təşəbbüsləri ilə Türk dünyası üçün də zirvələr müəyyənləşdirir. Yəni, ideyasını bölüşür. Bu baxımdan qətiyyətlə demək mümkündür ki, Türk Dövlətləri Təşkilatı qlobal dünyada böyük söz sahibinə çevrilmə yolunda inamla addımlamaqdadır. Bunu Ankara bəyannaməsinin dünyaya inteqrasiyanı ifadə edən ayrı-ayrı müddəalarından da görmək mümkündür. 


Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət