Xalq – iqtidar birliyi bizi bütün sınaqlardan çıxarır

post-img

İşğalçıya layiq olduğu yeri göstərən 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra da şəhər, rayon və kəndlərimizə şəhid tabutları gətirilir. Çünki düşmənlərimiz inanılmaz dərəcədə xain, qaniçən, kəmfürsət və  simasız, onların havadarları məkrli və anti-Azərbaygan zehniyyətlidir. Azərbaycan xalqı və dövləti isə on illər boyu sərgilədiyi  ədalətli mövqeyindən bir addım da olsa geri çəkilmək fikrində deyil. Bəli, biz xalq – iqtidar birliyinə əsaslanaraq, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə qadirik və bunu edirik.  


Son günlər ürəyimizdə qürur və iftixar hissi yaradan bir sıra məqamların şahidi oluruq. Əslində.  bu hissləri 2020-ci ilin  iyulunda – ermənilərin Tovuz təxribatından sonra da yaşamışdıq. O zaman gənclərimiz hamılıqla  cəbhəyə getmək, qaniçən düşməndən ali rütbəli zabitlərimizin qisasını almaq istəyirdi. İndi isə vətənpərvər gənclərimiz Qarabağ iqtisadi rayonunun təbii sərvətlərini talan edən ermənilərin və onların havadarlarının qarşısını kəsmək üçün Xankəndi – Laçın yoluna getmək, ekofəallara dəstək olmaq istəyirlər. Orada çox adamın iştirakına ehtiyac olmadığı bildiriləndə isə  iş bacaran, peşəsi, ixtisası olan gənclər işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etməyə çalışırlar. 
Yəni xalq–iqtidar birliyi müasir Azərbaycanın ən üzdə olan reallıqlarındandır. Biz bu həmrəyliyi təkcə ərazilərimizin düşmən tapdağından təmizlənməsi zamanı görmədik. Biz kapitulyasiya aktına imza atmış Ermənistan rəhbərliyinin öz üzərinə düşən vəzifələrdən qaçmasının qarşısının alınmasında da xalqın Prezidentin yanında olduğunu gördük – Nikol Paşinyanın  danışıqlar masasına qaytarılmasında da, anti-Azərbaycan qüvvələrin Ruben Vardanyan planının pozulmasında da xalq dövlət başçısının siyasətini möhtəşəm bir mütəşəkkilliklə dəstəklədi, ölkəmizin  Tehrandakı səfirliyinə qarşı İran dövlətinin  hazırlayıb həyata keçirdiyi terror aktının bütün dünyada ifşa edilməsi prosesində də. 
Azərbaycan xalqı Qoşulmama Hərəkatının ölkəmizdə keçirilən möhtəşəm tədbirlərinin gülər üzlə, bayram şəklində qarşılanması zamanı da Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi, qardaş Türkiyədəki dəhşətli zəlzələnin fəsadlarından zərərdidə olmuş qan və din qardaşlarımızın faciəsinə şərik olanda da. Yəni,  dövlət başçımızın elə bir addımı olmur ki, xalq onu yekdilliklə dəstəkləməsin. Bu faktlar bir tərəfdən xalqın müdrikliyini göstərirsə, digər tərəfdən də, Prezidentin ədalətli, obyektiv, xalqın maraqlarına, milli dövlətçiliyimizin mənafelərinə cavab verən qərarlar qəbul etməsinin bariz nümunəsidir.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, qazanılmış möhtəşəm uğurlarda ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərinin payı vardır. Dövlət başçımız ötən ilin noyabrında Şuşada – Zəfər günü münasibətilə keçirilən tədbirdə demişdi ki, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə də , ağır günlərdə də bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. 
Dövlət başçımız xatırladır: “Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük  – birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq”. 
Dövlət başçımızın fikrincə, Azərbaycanın bu gün bütün beynəlxalq tribunalardan öz sözünü açıq deməsinin, öz mövqeyini qətiyyətlə ortaya qoymasının iki səbəbi var. Xalq – iqtidar birliyi və həmin birlik nəticəsində qazandığımış şanlı Qələbə: “Həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”.
Bəli, bizim şanlı Qələbəmizi gözü götürməyənlər hələ  də var. Elə ona görə də ocaqlarımıza şəhid tabutları gətirilir. Amma zaman dəfələrdə sübut etmişdir ki, türkü yolundan döndərmək mümkün deyil. Biz Zəngəzur dəhlizini də açacağıq, sərhədlərimizin  delimitasiya və demarkasiyasına da nail olacağıq, Cənubi Qafqaza sülh gətirilməsinə də.  Çünki artıq Azərbaycan da ermənilərin 30 il qabaq gördüyü Azərbaycan deyil, Türk dünyası da artıq başqa cür düşünür. Elə dünyanın özü də artıq erməni fitnə-fəsadlarına uymaqdan bezib. İndi hamı öz gələcək nəsillərinin qayğısına qalmağa çalışır. Həmin qayğının isə bir mənbəyi var – Sülh! Çox təəssüf ki, Ermənistan rəhbərliyi hələ bu həqiqətləri dərk edə bilmir. Ancaq dərk edəcək. 


İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti”

Siyasət