Bir millət, iki dövlətin ortaq iqtisadi hədəfləri

post-img

Azərbaycan–Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən dinamik inkişaf edib. Bu istiqamətdə ilk addım kimi  1992-ci il noyabrın 1-də Azərbaycan və Türkiyə arasında Ankarada imzalanan “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” mhüm önəm daşıyıb.  İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafını 1994-cü ildən başlayaraq sürətləndirən layihələrin icrası və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi qardaş ölkələri bir-birinə daha da yaxınlaşdırıb. 

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan dövlətlərdən biridir. 1995-2021-ci illər ərzində qardaş ölkədən respublikamıza cəlb edilən birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları təşkil edib. Bunun 10,4 milyard dolları neft sektoruna, 2,9 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. 
Hazırda türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə fəaliyyət göstərirlər.
Sərmayə qoyuluşu ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da inkişafına mühüm töhfələr verir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan da Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlərdən biridir və son zamanlar bu investisiyalarda mühüm artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. 1995-­2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcmi 20,3 milyard ABŞ dolları olub. Həmin investisiyanın 17,1 milyard ABŞ dolları neft-kimya sektoruna, 3,2 milyard ABŞ dolları isə qeyri-neft sektoruna yönəldilib. 
Buna misal olaraq SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını tamamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu qardaş ölkəyə birdəfəlik yatırılan ən böyük investisiya hesab olunur. Ümumilikdə, Türkiyədə investisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.
Ümumiyyətlə, indiyədək Azərbaycandan Türkiyəyə 21 milyard dollar, Türkiyədən Azərbaycana isə 13,7 milyard dollar investisiya yatırılıb. Respublikamızda qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə birinci yerdə qərarlaşır. Bu müsbət dinamika davam etməkdədir.
Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən mühüm tərəfdaşıdır. 2022-ci ildə qardaş ölkələr arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə tərəflər arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olub. 
Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac həyata keçirilib, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq məhsul idxal olunub. 
Türkiyə, eyni zamanda, ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. Belə ki, 3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən üçdəbiri qardaş dövlətin payına düşür.
Türkiyə və Azərbaycan arasındakı ticarət davamlı artmaqdadır. Qardaş ölkə Azərbaycanın həm idxalda, həm ixracda, həm də ikitərəfli dövriyyədə ikinci əsas ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4,661,85 milyon ABŞ dolları (12,06 faiz), o cümlədən idxalın həcmi 1,843,71 milyon ABŞ dolları (18 faiz), ixracın həcmi 2,818,14 milyon ABŞ dolları (8,48 faiz) təşkil edib. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 4797 Türkiyə şirkəti qeydiyyatdan keçib.   
Son illər Türkiyə ilə Azərbaycan arasında ticarətin asanlaşdırılması və  həcminin artırılması istiqamətində də vacib addımlar atılır. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalanıb, saziş çərçivəsində hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları razılaşdırılıb. Bu məhsullar üzrə idxal gömrük rüsumları illik tarif kvotaları çərçivəsində 0 faizə endirilib.   Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə minib.  
Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı ikitərəfli məsələlərlə yanaşı, regional iqtisadi əməkdaşlıq sahələrini də əhatə edir. İki dövlətin birgə həyata keçirdiyi  fəaliyyətin nəticə olaraq, beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr ərsəyə gəlib. Bakı–Tbilisi–Ceyhan neft kəməri (BTC), Bakı–Tbilisi–Ərzurum qaz kəməri (BTƏ), Trans–Anadolu təbii qaz boru xətti (TANAP), Trans–Adriatik boru xətti (TAP) və Bakı–Tbilisi–Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan diqqətçəkən nümunələrdir.
BTC layihəsinin reallaşması istiqamətində mühüm addım kimi 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında “Bakı–Tbilis–Ceyhan” Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı imzalanmış “Ankara Bəyannaməsi”, 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” imzalanmış Sazişi misal göstərmək olar. 2
Bakı–Tbilisi–Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanılıb. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirib.
İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli təşəbbüs Cənub Qaz Dəhlizinin  mühüm komponentlərindən olan TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılıb. Əvvəldə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alır) təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Dəhlizinin digər mühüm komponenti olan Trans–Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya çatdırılır.
Türkiyə şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də fəal şəkildə fəaliyyət göstərməkdədir. Hazırda həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə 107 layihə Türkiyə şirkətləri tərəfindən həyata keçirilməkdədir.


V.BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat