Erməni media maqnatı Nikolu “cılız” və “qorxaq” adlandırdı

post-img

Məlum olduğu kimi, erməni əsilli tanınmış rusiyalı media maqnatı, “News Media” holdinqinin rəhbəri Aram Qabrelyanov Ermənistana buraxılmayıb. O Qabrelyanov ki, 44 günlük müharibə zamanı Azərbaycana qarşı hədyanlar yağdırması ilə gündəm olan “WarGonzo” hərbi layihəsinin rəhbəri Semyon Peqovu öyrədib üstümüzə salmışdı. Erməni maqnat müharibə dövründə və ondan sonra Ermənistan iqtidarını hədəfə alması, onu sərt şəkildə tənqid etməsi, hətta təhqirləri ilə də gündəmdə olmuşdu.

Qeyd edək ki, Aram Paşinyan administrasiyası tərəfindən ölkəyə girişi yasaqlanmış ilk rusiyalı media təmsilçisi deyil. Ondan öncə Rusiyanın dövlət televiziyasının erməni əsilli baş redaktoru, aparıcı, “marqo” ləqəbli Marqarita Simonyanın da Ermənistana gəlişinə imkan verilməmişdi. Bununla bağlı məsələyə münasibət bildirən ölkə parlamentinin spikeri Alen Simonyan Marqaritanı “erməni qanı daşıyan manqurt” adlandırmışdı. 
Bəli, erməni spikerin təbirincə desək, daha bir “manqurt” A.Qabrelyanov Ermənistana buraxılmayıb və o, məsələyə özünün facebook səhifəsində münasibət bildirib. Qabrelyanov yazıb ki, Ermənistan hakimiyyəti ondan ciddi şəkildə qorxur. “Əslində, bir ermənini, xüsusən də Ermənistan vətəndaşlığını daşıyan bir şəxsi ölkəyə buraxmamaq, sadəcə olaraq, adamın ağlına sığmır. Əlbəttə, bilirdim ki, Paşinyan Betmen deyil, amma onun cılız və qorxaq olacağını gözləmirdim. Ermənistan Türkiyəyə isti münasibəti qarşısındakı xəyanətinin pası ilə korlanıb. Rusiya və rus xalqı ilə qardaşlıq münasibətlərini pozmağa cəhd edir. Əbəs yerə deyil ki, hətta təhlükəsizlik qüvvələri də ona “türk Nikol” deyirlər.
A.Qabrelyanov erməniləri N.Paşinyanı devirməyə və onun Türkiyə ilə yaxınlaşmasının qarşısını almağa çağırıb. “Amma siz təslim olmamalısınız. Hələ şans olacaq. Türkiyədə zəlzələnin olacağını kim biləydi? Əsas odur ki, əsl ermənilər vətən uğrunda mübarizəni davam etdirirlər”, – deyən media maqnatı Ermənistan hökumətini məhkəməyə verdiyini deyib. O, əlavə edib ki, Paşinyan administrasiyasını onu Ermənistana buraxmağa məcbur edəcək: “Bilmirəm, Paşinyan ulu babasının kim olduğunu bilir, ya bilmir, amma mənim ulu babam Nikolay Tatevdəki kilsənin rəhbəri olub. Tüfeylilər məni atamın Vətənindən məhrum etməsinlər”.


R.AMİN

Siyasət