Təxribatın ssenari müəllifi “Dağlıq Qarabağ” ifadəsini yazanın özüdür

post-img

Əgər müharibədən iki il dörd ay sonra Qarabağda silahlı dığalar gəzirsə, 10 noyabr Bəyanatının 4-cü bəndini icra etməli olan “sülhyaratma kontingenti” ermənilərin həmin “qırmızı xətti” mütəmadi və saymazcasına keçməsinə şərait yaradırsa, onda sülhdən qaçanla danışmağın bir yolu qalıb – QİSAS!


...Üstündən bir ay, bir həftə deyil, cəmi iki gün keçəndən sonra eyni yolda oxşar təxribatın şahidi olduq. Azərbaycan Müdafiə Nazirliyinin martın 7-də ermənilərin Rusiya “sülhməramlıları” ilə əlbir törətdikləri növbəti təxribatla bağlı açıqlamasından: 
“Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır!”.
Rusiya Müdafiə Nazirliyinın təşkilatçı rolunda çıxış etdiyi aşkar görünən bu təxribata başqa don geyindirməyə çalışması bir yana, açıqlamasında iki yerdə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ hüquq-mühafizə orqanlarının əməkdaşları” ifradələrini işlətməsi “xoruzun quyruğu”nun haradan göründüyünü ortaya qoyur. Nazirlik hətta bununla da kifayətlənmir, bir az da irəli gedərək  erməni təxribatına görə məsuliyyəti öz ərazisində nəzarəti həyata keçirən Azərbaycanın boynuna atmağa çalışır. RF Müdafiə Nazirliyinin açıqlamasında onun qərəzli, ermənipərəst mövqeyi o dərəcədə aşkardır ki, bu gün Qarabağımızda törədilən bütün təxribatların arxasında məhz Moskvanın dayandığına şübhə yeri qoymur.    

 

Ümid edirəm, vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı öz şansını itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq fürsətini əldən verib, başqa ölkələrin müstəmləkəsinə çevrilib və müstəqil olmaq, gələcəyini qurmaq şansını əldən buraxıblar. 

Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda çıxışından

 


Bu kontekstdən yanaşanda Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan ordusunun tör-töküntülərinin ərazimizdən çıxarılmasını tələb etməsi, əks halda, qətiyyətli addımların atılacağı ilə bağlı son bəyanatını yeni “Qisas” əməliyyatının anonsu kimi dəyərləndirmək olar:
“Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.
Hər şeydən göründüyü kimi, Rusiyanın sülhməramlı kontingenti və erməni separatçıları bölgədə yeni müharibə şəraitini körükləməkdə davam edirlər. Artıq Kremlin Qarabağda ikibaşlı oyununun bütün detalları üzə çıxmaqdadır. Bəli, Kreml bölgədə silahlı təxribatların törədilməsində birbaşa maraqlı tərəflərdən biri kimi görünür. Yəni, Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlamaq üçün erməni separatçı-terrorçuların təxribatlarından yararlanmağa çalışır. Təbii ki, bütün bunları nəzərə aldıqda Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin erməni silahlı quldur dəstələrinə himayədarlıq etməsi təəccüb doğurmamalıdır. Həmin Laçın yolu ilə Ermənistandan silah-sursatın daşınması, separatçıların bölgədə səngər qazması onların yeni müharibəyə hazırlaşmasının təkzibolunmaz sübutudur. Sülhməramlı kontingent isə gözünün qabağında cərəyan edən təxribatların qarşısını almaq, hərbi cinayətkarları tərksilah etmək istiqamətində nəinki heç bir addım atmır, əksinə, erməni terrorçuları silah-sursatla təmin edir.
Azərbaycanın Müdafiə Nazirliyi son erməni təxribatına yönəlik açıqlamasında Rusiya sülhməramlı qüvvələrinin komandanlığını yalan məlumatlar yaymaqda suçlayıb. Digər tərəfdən, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqlərinin qurulması və Azərbaycanın Qarabağ regionundan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılması məsələsində mövqeyini həm qətiləşdirib, həm də sərtləşdirib:
“Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”.
Yazdığımızı təkrar edirik: bütün kartların üzü çevrilib, oyunçuların əllərində hansı “kozırların” olduğu da hamıya məlumdur. Daha kart düzüb aldatmağın, “xox gedişlər” etməyin zamanı deyil. Pərdə qaldırılıb, oyun açıq müstəvidə gedir.  

 

Tofiq Zülfüqarov,
politoloq:

Biz başa düşməliyik ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi separatizm, təbii olaraq, Rusiyanın ona təqdim etdiyi mövqeyə söykənirdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı bu məsələ ilə Rusiyanın bütöv idarə və institutları məşğul olurdu. Müdafiə, Maliyyə nazirlikləri, eləcə də digər iqtisadi qurumlar ermənilərə zəruri yardımları göstərirdi. Məlum idi ki, həmin yardımların böyük qismi işğal olunmuş ərazilərimizə yönəldilirdi. Burada agentura şəbəkəsinə qədər qurulmuş və Moskvadakı konkret kuratorlardan təlimatlar alınırdı. Yəni, Ermənistanın bütün strukturları məhz Kremldən idarə olunurdu. Bunu ona görə deyirəm ki, Azərbaycan üçün son 30 il ərzində formalaşmış və işlək bu sistemi demantaj etmək kifayət qədər çətin məsələdir. İndi biz Laçın yolundan danışanda, şəxsən mənim analizlərim o qənaətə gətirir ki, Rusiya sanki Bakının burada yük daşımalarına nəzarət etməsi ilə razılaşıb. Bütövlükdə, Rusiya Müdafiə Nazirliyində başa düşürlər ki, artıq bu zonada hansısa hərbi ssenari üzrə oyun düzüb-qoşmaq mümkün deyil. Çünki 2020-ci ilin noyabrından sonra burada hərbi balansın kəskin şəkildə dəyişməsi hərbi əməliyyatlara imkan vermir. Mahiyyət etibarı ilə Rusiya Müdafiə Nazirliyi bu prosesdən kənarlaşdırılıb.          


İmran BƏDİRXANLI, 
“Xalq qəzeti”



Siyasət