Ermənistan sülh istəmir. Bunu ölkənin baş naziri Nikol Paşinyanın dünənki çıxışından bir daha görmək olur. Əvvəla, bildirək ki, Paşinyan 5 mart təxribatında Azərbaycanı təqsirkar sayıb və bir qədər də irəli gedərək hadisəni Bakının reallaşdırdığı “terror aktı” adlandırıb.
Əlbəttə, Nikolun yarımçıq məntiqi üçün qanlı olayı belə qiymətləndirmək çətin deyil. Amma reallıq budur ki, hadisə Azərbaycan ərazisində baş verib. Əgər, bu, terror aktıdırsa, məsələyə ilk növbədə, o prizmadan yanaşaq ki, əli silahlı şəxslər ölkəmizin ərazisində nə gəzirdilər? Hər halda silahı onlara biz verməmişdik...
Digər tərəfdən, Nikolun məntiqi ilə hadisə terror aktıdırsa, o zaman ona hazırlıq görülməli idi. Hazırlıq görülsəydi, ölkəmizin iki hərbi qulluqçusu həyatını itirməzdi. Deməli, hərbçilərimizin silah-sursat daşıyan avtomobilə yanaşması onu saxlamaq və baxış keçirmək məqsədi daşıyıb. Maşındakılar atəş açıblar. Təbii, cavab tədbiri olmalı idi və olub da. Yəni, reallıq belə sadə qənaətdə ifadə olunur.
İkinci məqama diqqət yetirək. N.Paşinyan aşkar şəkildə həyasızlıq edir. O bildirir ki, martın 5-də həyatını itirmiş ermənilərin, daha doğrusu, polis kimi təqdim etdiyi şəxslərin hər üçü Qarabağda doğulub. Bu məqamın yada salınması Azərbaycanın, guya, bölgə əhalisini qətlə yetirdiyinə dair görüntü yaratmaq istəyinə hesablanıb. Axı, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışında bildirmişdi ki, Bakı bölgədə doğulmuş, yaşamış, həyatı ora ilə bağlı olan ermənilərlə təmaslara hazırdır. Nikol, öz aləmində, dövlət başçımızın bu sözünün əhəmiyyətini heçə endirmək istəyir. Əslində, balaca uşaq məntiqi ilə davranır. Elə danışır ki, sanki, Azərbaycan hərbçiləri avtomobili saxlayıb və içindəki insanları qətlə yetiriblər. Məsələnin bu tərzdə qoyuluşu aşkar spekulyasiyadır. Ən azı, ona görə ki, Azərbaycan tərəfdən də itki var.
Üçüncüsü, Paşinyan 5 mart təxribatının Rusiya sülhməramlı kontingentinin komandanlığının himayəsi altında keçirilən görüşdən dörd gün sonra baş verməsinə diqqət çəkib. Deməli, Nikol, həmişəki kimi, vurğunu həm də Rusiyanın effektiv olmadığı fikrinin üzərinə qoyur. Eyni zamanda, Azərbaycan nümayəndələrinin Qarabağ erməniləri ilə təmasının faydasızlığı qənaətinə gəlir.
Dördüncü məqam. Qeyd edək ki, Ermənistanın baş naziri çıxışında Azərbaycanın, guya, 5 mart təxribatını törətməklə güddüyü məqsədləri təsnifatlandırıb. Diqqət yetirək, Paşinyan Azərbaycan nümayəndələrinin Qarabağ erməniləri ilə təmaslarının səmərəsizliyini qabartması fonunda gələcək danışıqlar üçün beynəlxalq mexanizmlərin yaradılmasından söz açır. Yəni, İrəvan, faktiki olaraq, məsələni lokallıqdan çıxarıb beynəlxalq müstəviyə daşımaq cəhdi göstərir. Bununla Azərbaycanın Qarabağ erməniləri ilə münasibətinə dair irəli sürdüyü platformanı heçə saymaq yolu tutur. Başqa sözlə desək, o, Bakının öz vətəndaşları ilə münasibətin qurulması paradiqmasına əhəmiyyətsiz yanaşır. Bu yol, eyni zamanda, birbaşa olmasa da, dolayısı ilə Qarabağa status məsələsinin qabardılmasıdır. Hazırda bölgədəki separatçı rejimin dediyi də elə budur.
Beşincisi. N.Paşinyan çıxışında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı üzərində manipulyasiya edir. O bildirir ki, Azərbaycan, guya, Ermənistandan Qarabağa silah daşınmasına dünyanı inandırmaq istəyir. Əlbəttə, ölkəmiz buna çalışır. Həm də ona görə ki, ortada konkret faktlar var. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan minaların aşkarlanması həmin faktlardan yalnız biridir. İndiki məqamda əlavə sübutlar axtarmağa ehtiyac yoxdur. Hər şey ortadadır...
Digər tərəfdən, azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları nümayəndələrinin ötən ilin dekabrından başlanmış aksiyasından sonra Laçın yolundan silah-sursatın daşınmasının qarşısı alınıb. Təbii, Bakı bu reallığı da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. O cümlədən, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarverənlərinin nəzərinə. Məsələ olduqca vacibdir. Çünki Ermənistan məhkəmənin qərarında adı çəkilmiş Laçın yoluna humanitar deyil, hərbi məqsədləri gerçəkləşdirmək, separatçılığı dərinləşdirmək vasitəsi kimi yanaşır. Lakin indilik bunu reallaşdırmaq mümkünsüzdür. Çünki aksiya davam edir. Deməli, alternativ yol lazım idi. Azərbaycan həmin yolun qarşısını martın 5-də kəsdi...
Altıncısı. Paşinyan çıxışında Azərbaycanın, guya, Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirmək niyyətində olduğunu bildirir. Bunun bəyan edilməsi yenilik deyil. Məsələ 44 günlük müharibədən dərhal sonra Ermənistan siyasilərinin səsləndirdikləri anti-Azərbaycan “tezislərinin” tərkib hissəsidir. Nikol hazırda həmin “tezislərə”, bir növ, yeni rəng qatmaq yolu tutur. Nəticəyə gəlmək mümkündür ki, baş nazirə belə danışmaq üçün bəhanə lazım imiş. Bəhanəni isə 5 mart təxribatını törətməklə əldə edib.
Bəli, 5 mart təxribatı Ermənistana Qarabağ ermənilərinə qarşı soyqırımı və etnik təmizləmə siyasəti aparılacağına dair ənənəvi “təbliğatı” gücləndirmək üçün yeni bəhanə verir. Ölkə Bakının yerlilərlə təmasını pozmaq niyyəti də güdür. Paşinyan isə bunun anonsunu 5 mart təxribatından öncə – martın 3-də Almaniya Bundestaqının Xarici Əlaqələr Komissiyasının üzvləri ilə görüşündə vermişdi. O, həmin görüşdə dünən dediklərinin eynisini dilə gətirmişdi. Ardınca 5 mart təxribatı reallaşdı. Göründüyü kimi, Ermənistan hakimiyyəti Paşinyanın əvvəlcədən düşündüyünü həyata keçirdi.
Qeyd edək ki, erməni baş nazir sözügedən görüşdə Qarabağda, habelə, Ermənistan–Azərbaycan sərhədi boyunca hərbi toqquşmanın başlama ehtimalından da söz açmışdı. Deməli, növbədə budur - Azərbaycana qarşı müharibə. İrəvanın son zamanlar irəli sürdüyü barışmaz mövqedən əldə olunan qənaət budur ki, kimlərsə, hansı dairələrsə Paşinyan hakimiyyətini dəstəkləməyə çalışır. Buna görə hədyanları tirajlayır, Azərbaycanı güc nümayişinə təhrik edir, başqa sözlə “vur öldür!” deyir. Eynilə 44 günlük müharibədən əvvəl dediyi kimi.
R.ƏVƏZ, “Xalq qəzeti”