Martın 9-da Bakıda ildən-ilə daha çox əhəmiyyət kəsb edən X Qlobal Forumu öz işinə başladı. Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün bir növ unikal platforma adlandırılır və bu, dünya səviyyəli ictimai-siyasi xadimlərin Prezident İlham Əliyevin təşəbbüsü ətrafında cəmləşməsi sayəsində baş verir. Prezident İlham Əliyev X Qlobal Forumunun açılışında qeyd etdi ki, “İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir”. Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı bildirdi ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq. Buna görə də, ötən dəfə olduğu kimi, indiki Bakı Forumunda da aparılan müzakirələr və fikir mübadiləsi dünya gündəmində olan ən mühüm problemlərin öyrənilməsinə və həllinə öz töhfəsini verəcək.
Qlobal Bakı Forumu ̶ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumdur. 2013-cü ildən indiyədək on forum keçirilmişdir. 2013-cü ilin 7–8 may tarixində keçirilmiş Cənubi Qafqaz Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdilər. Həmin forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdu. İki gün davam edən foruma İordaniya kraliçası xanım Nur, BMT Baş katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə, dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdı. Sonrakı illərdə keçirilən forumlarda da iştirakçı sayı artmış və müzakirə olunan mövzuların əhatə dairəsi genişlənmişdi.
X Qlobal Bakı Forumu planet üçün çətin bir zamanda keçirilir. Bir tərəfdən, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması məsələləri, digər tərəfdən, Avropada gedən müharibə dünya ölkələrini bəşəriyyətin qarşısında dayanan qlobal çağırışları müzakirə etmələrinə zəmin yaradır. Mütəxəssislərin fikrincə, Qlobal Bakı Forumunun özəlliyi ondadır ki, bu gün bəşəriyyətin üzləşdiyi problemlərə kompleks yanaşır, bu problemlərin səbəblərini ortaya qoyur. Məsələn, 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı xarici siyasət və təhlükəsizlik məsələlərinə həsr olunur. Bu beynəlxalq tədbirin 1993-cü ilə qədər “Hərbi konfrans” adlandırılması da Münxen Təhlükəsizlik Konfransının prioritetlərini əks etdirir.
1971-ci ildə yaradılmış Davos Dünya İqtisadi Forumunun fəaliyyəti də müəyyən sahələri əhatə edir. Davos Forumunda, bir qayda olaraq, iqtisadi və qismən sosial məsələlər, o cümlədən səhiyyə və ətraf mühit məsələləri müzakirə olunur. Hazırda dünyada 50-dən çox müxtəlif istiqamətlərdə nüfuzlu beynəlxalq forum və konfranslar təşkil olunur. Onların arasında müntəzəm keçirilənlər də, konkret problemlərdən irəli gələn tapşırıqlar əsasında təşkil olunanlar da var.
Lakin Qlobal Bakı Forumunu digər konfrans və forumlardan fərqləndirən cəhət ondan ibarətdir ki, burada dünya qarşısında duran çağırışlara kompleks yanaşılır və bu çağırışlar bir-biri ilə bağlı olur, hansı sahəni əhatə etməsindən asılı olmayaraq, ən xırda detallara qədər, eləcə də reallıqlara uyğun həll yollarının tapılması üçün ciddi təhlillər aparılır.
Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir. Martın 12-dək davam edən forum çərçivəsində mühüm məsələlər, yeni dünya düzəninin formalaşması aspektləri, eləcə də qlobal təhlükəsizlik perspektivləri və qarşıda duran çağırışlar ətrafında müzakirələr və panel müzakirələri aparılacaq. Siyasi analitiklərin fikrincə, Bakıda keçirilən Qlobal Forum yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə rahat və nüfuzlu platforma kimi özünü təsdiqləyir.
Politoloqlar bunu Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırırlar. Çünki Azərbaycan lideri ilk növbədə milli maraqları güdərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir. Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqe fərqlərinə baxmayaraq, hər zamankından daha çox fəaliyyət birliyinə ehtiyac duyur. Ukraynada baş verən hadisələr fonunda bəşəriyyətin üzləşdiyi problemlər, o cümlədən ərzaq təhlükəsizliyi problemlərinin getdikcə daha təhlükəli ola biləcəyi ehtimalı siyasi, iqtisadi, sosial, ekoloji və digər təhdidlərin qarşılıqlı əlaqəsini təsdiqləyir.
Müharibələr iqtisadiyyata, ətraf mühitə, ərzaq və enerji təhlükəsizliyinə təhlükə yaradır və ya əksinə, iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişələr və müharibələr üçün münbit zəmin yaradır. Dünyada baş verən proseslərə rəsmi Bakının nöqteyi-nəzərini ifadə edən Qlobal Bakı Forumu məhz bu kontekstdə unikal və ən əsası obyektiv və qərəzsizdir. Bu mənada forumun ən mühüm xüsusiyyətlərindən biri də burada yeni yanaşmalara üstünlük verilməsidir. Forumda dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT-nin beş qurumunun rəhbərlikləri, iyirmi beş sabiq prezident, iyirmi bir sabiq baş nazir, iyirmi üç ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə, 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Xüsusilə qeyd etmək lazımdır ki, X Qlobal Forumunun mövzusu təkcə bu gün bütün dünyada siyasi elitanı və ekspertləri narahat edənləri deyil, həm də Azərbaycanın bu çağırışlarla mübarizədə unikal təcrübəsini ortaya qoyur. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Avropada enerji böhranının nəticələrinin yumşaldılmasında rolu getdikcə artır. Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Avropaya ən azı 11,6 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır.
Ötən ilin iyulunda imzalanmış əməkdaşlıq memorandumu əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü 2027-ci ilə qədər iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə saziş var. Bu, Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın vurulmasına imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub. Azərbaycandan əlavə qaz tədarükü Avropa bazarında rəqabəti təmin edir və bununla da istehlakçılar üçün qiymətləri aşağı salmağa şərait yaradır. Bunun yaxşı nümunəsi Yunanıstan-Bolqarıstan interkonnektorudur ki, onun işə salınması ilə 2022-ci ilin oktyabr ayından ölkədə qiymətlərin 34 faiz ucuzlaşdığı bildirilir.
Bu gün dünyada ciddi problemlərdən biri sayılan ərzaq böhranıdır. Təxminən, 830 milyon insan qida baxımından problem yaşayır və 3 milyarddan çox insan sağlam qida ilə təmin olunmur. Bu çətinliklər xərclərin artması, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da ağırlaşır. Bunun fonunda tədarük üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır. Bu mənada Avropa ilə Asiya arasında strateji mərkəz mövqeyi tutan və inkişaf etmiş aviaparka, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik olan Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması şəraitində yeni aparıcı logistika mərkəzinə çevrilir. Ona görə də ölkəmiz ərzaq məhsullarının tədarükü ilə bağlı çətinliklərin aradan qaldırılmasına böyük töhfə verə bilər.
“Xalq qəzeti”