Heydər Əliyev milli hədəflərində Zəngəzur dəhlizi varisliyi

post-img

“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində bildirmişdi. 
Əlbəttə, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiqliyini təsdiqləyəcək xeyli fakt var. Dövlətimizin başçısı dahi şəxsiyyətin müəyyənləşdirdiyi kursu böyük ustalıqla icra etməkdə, ona müasir dövrün tələbləri baxımından yeni çalarlar qazandırmaqda, bu kursu ölkəmizin dünyadakı nüfuzunun mövcud platformasına çevirməkdədir. 
Bəli, qətiyyətlə söyləmək mümkündür ki, İlham Əliyev siyasi fenomeninə xas varislik prinsipi keçmişin təcrübəsinin müasirliklə vəhdətini rəhbər tutur, Azərbaycanı regional aktorluqdan qlobal aktorluğa qaldırır. Onu da əminliklə söyləmək mümkündür ki, ölkəmizin qlobal aktor obrazının məfkurəvi strukturunun təməli sabiq Sovetlər Birliyi dönəmindən qoyulmuşdu. Prosesə start verən də, məhz, Heydər Əliyev olmuşdu. 
Ulu öndər özünün müstəsna uzaqgörənlik qabiliyyəti və səriştəsi ilə Azərbaycanın gələcək müstəqilliyi üçün kadr potensialı hazırladığı kimi, Vətənimizin türk dünyasındakı mövqeyinin vacib olmasına da ciddi önəm vermişdi. Onun bu yanaşması Azərbaycanın, bütövlükdə, türk dünyasının birləşdirici statusunu əhatə edirdi. Təbii ki, bu, eyni zamanda, həmin məkanın siyasi, iqtisadi və coğrafi mövqeyinin beynəlxalq aləm tərəfindən dərki perspektivinin reallaşmasına hesablanmış düşüncə nəhəngliyi idi. Elə buna görə Heydər Əliyev yalnız Azərbaycanın yox, ümumilikdə, türk dünyasının dühasıdır, məfkurə qaynağıdır. “Xalq qəzeti”nin 7 mart 2023-cü il sayında dərc edilmiş “Mixail Qorbaçov: “Heydər Əliyeviç, Siz dəvət etdiniz deyə, Siyasi Büronun iclasını yarımçıq qoyub gəldim” sərlövhəli müsahibəyə diqqət yetirəndə də bu qənaətə gəlmək mümkündür. Müsahibə tanınmış ictimai-siyasi xadim, həm sovet Azərbaycanında, həm də müstəqillik dövründə mühüm dövlət vəzifələrində çalışmış, tarixçi və diplomat Həsən Həsənovdan götürülüb. 
Həsən müəllim Heydər Əliyevin respublikamıza istər birinci, istərsə də ikinci rəhbərliyinin yaxından şahididir desək, yanılmarıq. Buna görə onun qəzetimizdə yayımlanmaqda olan, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin dolğun təsvirlərindən ibarət silsilə müsahibələri oxucularımızda böyük maraq doğurmaqdadır. Heç şübhəsiz, Həsən müəllimin söylədikləri mühüm tarixi əhəmiyyət daşıyan bir dövrün salnaməsidir. Yazımızda vurğulamaq istədiyimiz məqam isə bu ­salnamədəki önəmli məqamdır. Heydər Əliyevin böyüklüyünün, İlham Əliyevin dövlət idarəçiliyindəki varislik prinsipinə sadiqliyinin növbəti təsdiq məqamı. Əvvəldə dövlət başçımızın Şuşa zəfəri ilə bağlı müraciətindəki məqamı buna görə xatırladıq. 
Məsələnin üzərində dayanmazdan öncə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirlərini yada salaq. Prezident İlham Əliyev AzTV-yə 23 iyul 2021-ci il tarixli müsahibəsində bildirmişdi: “Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu, reallıqdır”.
Bəli, Azərbaycan özünün yaratdığı böyük reallığın tam şəkildə həyata keçməsinə doğru inamla addımlamaqdadır. Bunun təsdiqi üçün dövlətimizin başçısının 44 günlük müharibədən sonra dilə gətirdiyi bir çox başqa fikirlərin mahiyyətinə varmaq da mümkündür. Məsələn, Prezident İlham Əliyev yerli televiziya kanallarına bu il yanvarın 10-da verdiyi müsahibədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına nəzərən Zəngəzur dəhlizi məsələsinin önəmini vurğulamışdı: “Düzdür, orada (üçtərəfli Bəyanat nəzərdə tutulur – red.) “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.
Dövlətimizin başçısı həmin müsahibəsində, həmçinin bildirmişdi ki, Ermənistanın destruktiv fəaliyyəti heç bir halda Zəngəzur dəhlizinin reallığa çevrilməsinə maneçilik törədə bilməz. Çünki “Zəngəzur dəhlizi” layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur".
Hörmətli Həsən Həsənovun müsahibəsindəki fikirlərə diqqət yetirəndə isə görmək olur ki, ulu öndər Heydər Əliyev də hazırda cənab İlham ­Əliyevin reallaşdırmağa çalışdığı böyük ideyanı həyata keçirmək niyyətində olub. Həsən müəllimin söylədiklərinə diqqət yetirək: “Daha bir məsələni sizə açıqlayım. İndi bütün dünya, xüsusilə Çin, Rusiya, Türkiyə və əlbəttə, elə Azərbaycan Zəngəzur nəqliyyat dəhlizindən, onun Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutu olmasından danışır. Heydər Əliyev Moskvada olanda, bəlkə də, elə bunu nəzərə alaraq Zəngəzur avtomobil yolunun tikintisi ilə bağlı qərar verdi. Əsas məqsədlərdən biri isə Naxçıvana avtomobil yolunun çəkilməsi idi. Biz o yolun inşasına başladıq. Mən də MK-nın tikinti üzrə katibi kimi bu tikintiyə rəhbərlik edirdim. Hətta bir neçə dəfə Ermənistan ərazisinə ezam olunmuşdum. Ancaq Heydər Əliyev Siyasi Bürodan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən ədalətsizliklə uzaqlaşdırılandan sonra Zəngəzur yolunun tikintisi dayandırıldı”.
Bəli, Heydər Əliyev şəxsiyyətinin keçmiş SSRİ-də siyasi hakimiyyətdən uzaqlaşdırılması Azərbaycanla bağlı bir çox mühüm proseslərin gerçəkləşməsinin qarşısını aldı. Elə üzləşdiyimiz bəlalar, o cümlədən torpaqlarımızın işğalı da bunun nəticəsi idi... 
Ancaq ulu öndərin ideyalarının Azərbaycan ruhu xalqımızın böyüklük təminatıdır. Tarix göstərdi ki, bu böyüklüyün təntənə anının yetişməsini ləngitmək olar, amma qarşısını kəsmək mümkünsüzdür. Həm də ona görə mümkünsüzdür ki, onun məfkurə xətti varislik prinsipinə əsaslanır. Şuşanın işğaldan azad olunması bu varisliyin mübarizə əzmi idisə, Zəngəzur dəhlizinin reallaşması onun qlobal düşüncə tərzinin zəfəri olacaqdır. Şuşa zəfərimiz varsa, Zəngəzur zəfərimiz də mütləqdir. 


Əflatun AMAŞOV, 
baş redaktor

Siyasət