Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Kubaya səfər edib.
Kuba Kommunist Partiyasının dəvəti əsasında baş tutan səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Azərbaycan ilə Kuba arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunaraq ümummilli lider Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun bu istiqamətdə müstəsna xidmətləri vurğulanıb. Azərbaycan-Kuba münasibətlərində YAP və Kuba Kommunist Partiyasının önəmli rolu qeyd edilib.
Nümayəndə heyətinin Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes ilə də görüşü keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev və Prezident Miqel Dias-Kanelin iki ölkə arasındakı münasibətlərə xüsusi önəm verdikləri, siyasi partiyalar və parlamentlərarası əlaqələrin əməkdaşlığın inkişafında vacib rol oynadığı qeyd olunub.
KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz və Kuba xarici işlər nazirinin birinci müavini Herardo Penyalver Portal ilə görüşlər zamanı isə YAP nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmi vurğulanaraq, qarşılıqlı fikir mübadiləsinin əlaqələrin mövcud vəziyyəti və gələcək imkanların müzakirəsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.
Səfər çərçivəsində YAP ilə KKP arasında Əməkdaşlıq Sazişi də imzalanıb.
XQ


