“Bərabərlik” nəqliyyatda “ədalətsizlik” buxovuna çevriləndə...

post-img

Sərnişin niyə getmədiyi yol üçün ödəniş etməlidir?

Son illər paytaxtımızın nəqliyyat sistemində ardıcıl islahatlar həyata keçirilir, şəhərin müasir avtobus parkı yenilənir, metronun yeni stansiyalarının tikintisi uğurla davam etdirilir, ödəniş sistemləri isə rəqəmsal transformasiyaya əsaslanan tariflərlə gerçəkləşdirilir. Xüsusilə metroda NFC dəstəkli bank kartları, ödənişlərin “Apple Pay” və “Google Pay” vasitəsilə aparılmasını Bakı sakinləri yüksək qiymətləndirirlər.

Lakin paytaxt sərnişinlərinin avtobus və metro ilə qət etdikləri məsafədən asılı olmayaraq eyni məbləğdə gediş haqqı ödəmələri texnoloji yeniliklər fonunda ictimai narazılığın əsas səbəblərindən biri kimi diqqət çəkir. Bu, ədalət prinsipinin pozulmasına gətirib çıxarır və ictimai nəqliyyatın səmərəli istifadəsini məhdudlaşdırır. Ekspertlərin fikrincə, narazılıq sosial-iqtisadi amillərlə bağlıdır. Çünki sərnişindaşımada tətbiq olunan indiki tarif siyasəti nə sərnişin cəlbinə xidmət edir, nə də daşıyıcıların real xərclərini şərtləndirir.

Hazırda metro və avtobuslarda tətbiq edilən ənənəvi gediş haqqı modelinin üstünlükləri olduğu kimi, çatışmazlıqları da aydın nəzərə çarpır. Üstünlüklərinə gəldikdə isə əvvəlcə xatırladaq ki, bu tarif sistemi daha çox sadəliyi ilə diqqət çəkir. Çünki ödəniş mexanizmi həm texniki, həm də təşkilati baxımdan asandır. Sərnişinlər üçün xərci əvvəlcədən planlaşdırmaq mümkündür. Lakin sürətlə inkişaf edərək genişlənən Bakıda bu tarif sadəliyi, deyildiyi kimi, bəzən ədalət prinsipinə mane olur və problemlər yaradır. Məsələn, avtobusla qısa yol gedənlər sistemə daha çox pul ödəyir, uzun məsafə qət edən istifadəçilərin maliyyə yükü isə də onların üzərinə düşür. Eyni zamanda, şəhər mərkəzində əlavə sərnişin yükü yaranır, qısa məsafələr üçün avtobus və metro seçimə çevrilmir.

Narazılıq doğuran belə tarif prinsipi ilə bağlı sakinlər tərəfindən tez-tez belə bir sual verilir: Niyə bir dayanacağa, eləcə də bütün şəhər boyu yol qət edilməsinə eyni məbləğ ödənilir? Bu məsələdə beynəlxalq təcrübəyə – məsafə əsaslı tarif sisteminin tətbiqinə niyə əhəmiyyət verilmir? Axı, Avropa ölkələrinin əksər böyük şəhərlərində məsafəyə əsaslanan tarif modeli bir qayda olaraq üstünlük təşkil edir. Bu, sadəcə tarif dəyişilməsi deyil, eyni zamanda, nəqliyyat strukturunun optimallaşdırılması deməkdir.

Ekspertlərin fikrincə, ölkəmiz üçün məsafə əsaslı tarifin iqtisadi əhəmiyyəti daha böyükdür. Belə ki, bu modelin tətbiqi təkcə ədalətlilik baxımından deyil, həm də iqtisadi cəhətdən daha ciddi önəm daşıyır. Bu hal daşıyıcıların maliyyə sabitliyinin güclənməsində özünü qabarıq büruzə verir. Çünki uzun xətlər daha çox vəsait tələb edir, lakin sabit tarifin tətbiqində bu, nəzərə alınmır.

Sərnişin nəqliyyatında ən səmərəli tarif siyasəti sosial ədalət prinsipinə söykənir. Bu isə resursların daha səmərəli idarə olunmasına imkan yaradır, sərnişin axınını müəyyənləşdirir, pik saatlarda tıxacları azaldır, xətt yükünü balanslaşdırır. Nəqliyyat ekspertlərinin sözlərinə görə, ədalətli tarif, real xərc, səmərəli bölüşdürmə kimi formullar dövlət büdcəsinə düşən yükü də azaltmağa kömək edir. Belə halda isə şübhəsiz ki, qısa məsafə istifadəçiləri yenidən ictimai nəqliyyata üstünlük verirlər. Bu isə məsafə əsaslı tarifin tətbiqinin zəruriliyini diktə edir.

Mütəxəssislər bildirirlər ki, Bakı Metropolitenində məsafə əsaslı tarif sistemi araşdırılsa da, hələlik onun tətbiqinin prioritet olmadığı deyilir. Eyni zamanda, bu addımın genişmiqyaslı hazırlıq tələb etdiyi, metro stansiyalarında giriş və çıxış terminallarının modernləşdirilməsinin zəruriliyi vurğulanır. Hazırda metroda yalnız girişdə kart oxudulur. Məsafə əsaslı tarifdə isə həm giriş, həm də çıxış oxuyucuları tələb edilir.

Respublikamızda məsafə əsaslı tarif sisteminə keçidin əsas şərtlərindən biri də real vaxtda məlumat mübadiləsi sisteminin qurulmasıdır. Bu, sərnişin axınının ani olaraq emal edilməsini və ödənişin avtomatik hesablanmasını şərtləndirir. Bir sözlə, vahid rəqəmsal ödəniş platformasının yaradılması avtobus, metro, taksi və digər nəqliyyat növləri arasında inteqrasiyanı gerçəkləşdirən vahid sistemi əhatə edir.

İctimai Nəqliyyat Fondunun yaradılması – dönüş nöqtəsi

Prezident İlham Əliyevin bu il sentyabrın 19-da imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, bu sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin reallaşdırılması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla ictimai nəqliyyat daşıyıcılarının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunın yaradılması qərara alınıb. Bununla da sərnişin daşımalarının keyfiyyətini artırmaq, müasir standartlara uyğunlaşdırmaq və bu sahəni daha səmərəli idarə etmək məqsədi qarşıya mühüm vəzifə kimi qoyulub. Eyni zamanda, sərnişindaşımada qeyri-leqal fəaliyyətə qarşı mübarizə, tariflərin optimallaşdırılması və vahid nəqliyyat kartı sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində saxlanılıb.

Nəqliyyat eksperti Arif Həsənovun sözlərinə görə, adıçəkilən fond dövlətlə daşıyıcılar arasında şəffaf müqavilə mexanizmini təmin edəcək, hər xətt üzrə xidmətin real dəyərini hesablamağa imkan yaradacaq, məsafə əsaslı tarif modelinin tətbiqi üçün iqtisadi baza formalaşdıracaq. Bir sözlə, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu paytaxt Bakı üçün yeni idarəetmə fəlsəfəsinin əsasını qoyacaq, resursların səmərəli yönləndirilməsini şərtləndirəcək, eyni zamanda, nəqliyyat xidmətinin keyfiyyətini və sərnişin məmnunluğunu artırmağı gerçəkləşdirəcək.

Bütün bu sadalanan məsələlərin reallaşdırılması nəticəsində məsafə əsaslı tarif sistemi layihəsi müxtəlif sosial qruplara müxtəlif şəkildə təsir göstərəcək, bundan isə əsasən qısa məsafə istifadəçiləri qazanacaq. Məsələn, Nərimanov – Gənclik, Nizami – Elmlər Akademiyası metro stansiyaları arasındakı məsafəni qət edən şəxs daha az məbləğ ödəyəcək. Uzun məsafə istifadəçiləri üçün isə ödəniş, şübhəsiz ki, artacaq. Başqa sözlə, Həzi Aslanov – Dərnəgül metro stansiyaları arasında sərnişin daha çox məsafə qət etdiyinə görə əlavə ödəniş edəcək.

Məsafə əsaslı tarif sistemi layihəsinin ortamüddətli perspektivdə həll ediləcəyinin gözlənildiyi bildirilir. Amma vacib olan odur ki, artıq bu istiqamətdə araşdırmalar gedir və beynəlxalq təcrübə dərindən öyrənilir. Bakı sərnişin nəqliyyatında məsafə əsaslı tarif modelinin tətbiqi həm ictimai tələbat, həm də iqtisadi zərurətdir. Dünyanın böyük şəhərlərinin təcrübəsi göstərir ki, belə bir model sosial ədaləti gerçəkləşdirir, mobilliyi artırır, nəqliyyat sistemini daha dayanıqlı edir, şəhər yükünü tənzimləyir. Texnoloji transformasiya, rəqəmsal ödənişlərin artması və idarəetmə islahatları bu keçidi mümkün edir. Çətinliklər var, lakin istiqamət doğrudur. Bakının gələcəyin şəhərinə çevrilməsi prioritetdirsə, onun nəqliyyat sistemi də gələcəyin tələblərinə uyğun olmalıdır.

Paytaxt nəqliyyatında məsafə əsaslı tarif modeli həm rasionallıq, həm də ədalət baxımından əhəmiyyətlidir. Texnoloji yeniliklər, rəqəmsal ödəniş imkanlarının genişlənməsi, nəqliyyat institutlarının yenidən formalaşması bu modellə bağlı ümidləri artırır. Lakin həm metro, həm avtobus infrastrukturu, həm də idarəetmə mexanizmləri uzunmüddətli hazırlıq tələb edir. Sərnişinlərin tələbi isə aydındır: ödəniş sistemi daha ədalətli olmalıdır. Beynəlxalq təcrübə bunun mümkün olduğunu təsdiqləyir. İndi əsas məsələ Bakının nəqliyyat sistemində planlaşdırılan islahatların vaxtında və ardıcıllıqla həyata keçirilməsidir.

Göründüyü kimi, məsafə əsaslı tarif daşıyıcıların maliyyə sabitliyini artırır, çünki bu model xidmətlərin dəyərini onların məsafəsinə görə təyin edir. Sabit tarifdən fərqli olaraq, məsafə əsaslı tarif uzun məsafələrə xidmət göstərmək üçün tələb edilən əlavə xərcləri nəzərə alır. Bu, daşıyıcıların xərclərini ədalətli şəkildə kompensasiya etməyə və eyni zamanda, maliyyə sabitliyini gücləndirməyə imkan verir.

Elməddin MURADLI,
nəqliyyat eksperti

Prezident İlham Əliyevin bu il sentyabrın 19-da imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, dövlət büdcəsinin tərkibində yaradılan “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu sərnişin daşımalarının keyfiyyətini artırmaq, müasir standartlara uyğunlaşdırmaq, eləcə də tarifləri optimallaşdırmaq və vahid nəqliyyat kartı sisteminin tətbiqini gerçəkləşdirmək kimi məsələlərin həllini nəzərdə tutur.

Xatırladım ki, adıçəkilən fərmanın reallaşdırılması ilə ölkəmizin ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Sənəddə 2026-cı ildən etibarən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni modelin – beynəlxalq təcrübədə “brutto müqavilə” adlanan sistemin 2028-ci ilə qədər tam şəkildə həyata keçiriləcəyi bildirilir.

Diferensial qiymətlərin tətbiqi zamanı ictimai nəqliyyatda müəyyən ödəniş artımlarının olub-olmayacağı diqqətçəkən məqamlardan biridir. Bu modelin gerçəkləşdirməsi zamanı gediş haqlarında müəyyən qədər artım və ya azalma ola bilər. İctimai nəqliyyatda qiymət artımı haqda qərarı isə müvafiq nazirlik verir. İndidən ictimai nəqliyyatda bu cür artımın baş verib-verməyəcəyi barədə qəti fikir bildirmək düz deyil. Onu da vurğulayım ki, diferensial qiymətlərin tətbiqi zamanı ictimai nəqliyyatda gediş haqqları müəyyən qədər arta və azala bilər.

Bu modelin müsbət tərəfləri var və onu da dəyərləndirmək lazımdır. Dünyanın bir sıra ölkələrində bu praktikadan istifadə olunur və yaxşı nəticə müşahidə edilir. Çünki hər bir sərnişin getdiyi məsafənin pulunu ödəyir, artıq ödəniş həyata keçirmir. Bu baxımdan diferensial qiymət siyasəti dünyada müsbət qiymətləndirilir. Bu prosesin reallaşdırılması üçün müəyyən sistemin qurulması zəruri sayılır. Ödənişin nağdsız, elektron qaydada həyata keçirilməsinə ehtiyac var.

Avtobuslarda bu modelin tətbiqinə müəyyən zaman tələb olunur. Çünki sərnişindaşıma parklarında nəqliyyatın müəyyən hissəsi köhnədir, onlarda variator quraşdırmaq çətindir. Bu baxımdan, avtobus parkı tam yenilənmədən məsələnin həlli – diferensial qiymət tətbiqi real görünmür.

Məsafə ilə bağlı qiymətlərin tətbiqi zamanı qarşıya çıxacaq çətinliklər də indidən müəyyən edilməli, narahatlıq doğuran problemlər operativ aradan qaldırılmalı, bütün məsələlərin həlli ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması ilə nəticələnməlidir. Belə şəraitdə isə Binə qəsəbəsində avtobusa minən şəxs Koroğlu metro stansiyası üzərindəki habda düşüb metroya daxil olur və artıq yenidən ödəniş etməyə ehtiyac qalmır. Qiymət siyasətində bu cür mexanizm insanları ictimai nəqliyyatdan istifadəyə daha çox həvəsləndirir. Bu çox səmərəli yanaşmadır. Yəni sərnişin bir ödənişlə bir neçə nəqliyyat növündən faydalana bilir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat