Sergey Lavrovun Bakı səfəri ilə bağlı dörd məqam

post-img

Yeganə HACIYEVA,
Politoloq

 

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfərini, ümumilikdə, dörd istiqamətdə şərh etməliyik. Birincisi, ikitərəfli Azərbaycan–Rusiya münasibətləri, ikincisi, üçtərəfli Azərbaycan–Rusiya–Ermənistan münasibətləri, üçüncüsü, 44 günlük Vətən müharibəsindən sonrakı reallıqda Rusiyanın Cənubi Qafqaz regionundakı mənafeyi, dördüncüsü isə Azərbaycanın Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı formalaşmış qlobal koalisiyadakı mövqeyi.

İkitərəfli xüsusdan danışırıqsa, Ru­siya Azərbaycanla müttəfiqlik münasi­bətlərinin dərinləşməsində maraqlıdır. Ümumən, qeyd edək ki, bu münasibətləri müharibədən sonrakı vəziyyətə adekvat olaraq, yəni pozitiv məcrada saxlamaq Rusiya tərəfindən çoxlu səylərin göstə­rilməsini tələb edir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imza­lanması ilə müharibənin bitmə şərtlərinin həyata keçməsində, Moskvanın qarant durduğu öhdəliklərə Ermənistan tərəfin­dən məsuliyyətsiz yanaşma halları var. Bu hallar ikitərəfli münasibətlərin ahən­ginə təsirsiz ötüşmür. Yəni, istər-istəməz, müəyyən mənfi təmayüllər üzə çıxır. 

Bir məqamı da xüsusi vurğulayaq ki, Azərbaycan Qafqazda davamlı sülhün bərqərar olması üçün Rusiyanın fəal səylərinə ümid etsə də, əsasən də son iki ildə Şimal qonşumuzun ənənəvi müttəfiqi sayılan İranın və Avropada Rusiyanın sözcüsu qismində çıxış edən Fransanın Ermənistanla müştərək fəaliyyətindəki rolunun olmamasına inanmır.

Səfərin üçtərəfli, Azərbaycan–Ru­siya–Ermənistan münasibətləri gündə­minə gəldikdə, Bakı hesab edir ki, möv­cud gündəliyin həyata keçirilməsində də Moskva səylərini artırmalıdır. Bu səylər isə Ermənistan–Azərbaycan nizamlan­masının üç əsas prioriteti üzrə – kom­munikasiyaların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin im­zalanması istiqamətində olmalıdır.

Qeyd edim ki, Lavrovun Bakıya səfəri öncəsi Azərbaycan, Rusiya və Ermənis­tan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyəti­nin aktivləşdirilməsini razılaşdırılıb ki, bunu Rusiya XİN rəhbərinin ölkəmizə gəlişi müstəvisindəki pozitiv məqam kimi dəyərləndirməliyik.

Rusiyanın Xarici İşlər naziri Bakıda elan etdi ki, Moskva sülh sazişinin im­zalanmasına kömək etməyə, sərhədlə­rin delimitasiyası və demarkasiyası üzrə komissiyalar vasitəsilə tərəflərə məs­ləhət verməyə hazırdır. Ancaq bunlar 10 noyabr üçtərəfli Bəyanatının imza­lanmasından sonra Moskvanın həmişə səsləndirdiyi fikirlərdir. Nəzərə alaq ki, əslində, Rusiyanın, lap əvvəldən, öz öhdəlik və məsuliyyətinə yetərincə əməl etməməsi, regionda kənar oyunçuların yerləşməsi üçün münbit zəmin forma­laşdırıb.

Lavrovun Bakı səfərində delimitasi­yası ilə bağlı Azərbaycan–Ermənistan ikitərəfli formatında görülən işlər, sər­hədlərin açılması ilə bağlı isə Rusiya–Azərbaycan–Ermənistan üçtərəfli formatı müzakirə olundu. Bu, şübhəsiz ki, Ermə­nistanın Qərb vasitəçilərinin köməyi ilə regionda sülh və sabitlik formalaşdırmaq cəhdlərinə cavab mahiyyəti daşıyır. 

Bakıda 44 günlük Vətən müharibə­sindən sonrakı reallıqda Rusiyanın Cə­nubi Qafqaz regionundakı mövqeyi bir­başa diskussiya predmetinə çevrilməsə də, Ermənistan–Azərbaycan gündəliyinin hər üç əsas məsələsi üzrə – istər kom­munikasiyaların açılması, istər sərhədlə­rin delimitasiyası, istərsə də sülh müqa­viləsinin imzalanması istiqamətindəki müzakirələrdə Lavrovun başlıca mövqeyi kimi ifadə olunurdu. 

Müzakirələrdə Ermənistan tərəfi­nin son zamanlar dirçəltməyə çalışdığı ATƏT-in Minsk qrupu ilə bağlı ifadələr isə Azərbaycanın mövqeyini tam şəkildə ifa­də edirdi. Halbuki, Ermənistan məsələni stimullaşdırmağa çalışır, beləliklə yeni gündəm formalaşdırmaq niyyəti güdür. Deməli, mövcud xüsusda Ermənistana tutarlı cavab verildi. Söhbət Azərbay­canın mövqeyini əks etdirən cavabdan gedir. 

Rusiya XİN rəhbəri S.Lavrovun çıxı­şından aydın olur ki, kommunikasiyaların açılması məsələsində müəyyən irəliləyiş var, lakin bunun təfərrüatları aydın deyil. Çünki İrəvan hələ yolların çəkilişinə belə başlamayıb.

Görüşdə, həmçinin, İrəvanın Azər­baycan–Ermənistan sərhədinin delimita­siyası məsələsində vasitəçilərlə təmas­dan çıxa bilməyəcəyi anlamına gələn konkret mesajlar verildi. Lavrov bu danı­şıqlar üçün bütün şəraitin yaradılmasına, komissiyaların ikitərəfli formatına, lazimi xəritələrin təqdim edilməsinə dair fikirlər səsləndirdi. 

Ukraynadakı müharibəyə görə Rusi­yaya qarşı formalaşmış qlobal koalisiya­da Azərbaycanın mövqeyi haqqında ge­dən müzakirələrdən söz açmazdan öncə bildirmək lazımdır ki, Ermənistan və onun Qərbdəki havadarları Ukraynadakı mü­haribə kontekstində Rusiya–Azərbaycan yaxınlaması və 44 günlük müharibədə Ermənistanın Azərbaycana görə cəza­landırlması təbliğatını aparırlar. Lavrovun Bakıya səfəri günlərində isə sözügedən təbliğat pik həddə çatıb. İrəvanın əsas hədəfi həm Qarabağ, həm də sərhəd mövzusunu Ukraynadakı müharibə üzə­rindən hər gün kəskinləşən Qərb–Rusiya konfrantasiyasının tərkibinə daxil etmək­dir. Ancaq...

Maraqlıdır ki, Lavrovun Bakı səfəri ilə eyni vaxtda Ukrayna Ali Radasının Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Krey­denkonun rəhbərlik etdiyi nümayəndə heyəti də Bakıda olub. Nümayəndə heyə­ti ilə Xarici İşlər Naziriliyində görüş keçi­rilib. Həmin görüşdə söylənmiş fikirlər Qərb və Rusiya konfrantasiyasından fay­dalanmağa çalışan Ermənistanın və ha­vadarlarının təşəbbüslərini heçə endirdi. Belə ki, toplantıda ikitərəfli münasibətlə­rin və əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, o cümlədən, regional təhlükəsizlik məsələləri müza­kirəyə çıxarıldı. Ümumən, Azərbaycan–Ukrayna siyasi dialoqunda başlıca xətti beynəlxalq hüququn normalarının qorun­ması, o cümlədən, suverenlik, ərazi bü­tövlüyü və beynəlxalq sərhədlərin toxu­nulmazlığı prinsipləri əsasında əlaqələrin inkişafı təşkil etməkdədir. 

Görüşdə, həmçinin, regionda sülh gündəliyinin həyata keçirilməsi və Ermə­nistanla Azərbaycan arasında münasi­bətlərin normallaşdırılması istiqamətin­də Azərbaycan tərəfinin atdığı addımlar barədə ukraynalı nümayəndələrə ətraflı məlumat verildi. Ümumən, Ukrayna Azər­baycanın mövqeyinə və göstərdiyi huma­nitar yardıma görə Azərbaycan dövlə­tindən və Azərbaycan xalqından razıdır. Ukraynalı parlamentarilərin Bakı səfə­rində də bu razılıq kifayət qədər dolğun şəkildə ifadəsini tapdı.



Siyasət