Ruben Vardanyanın Qarabağdakı separatçı rejimdə tutduğu “dövlət naziri” postundan uzaqlaşdırılmasından sonra onun nə edəcəyi ilə bağlı mülahizələr artmaqdadır. Bəzi siyasi ekspertlərin fikrincə, Ruben yenə Qarabağda qalacaq və aktiv müxalifətə keçəcək. Siyasi təhlilçilərin digər qrupu isə bu qənaətdədir ki, Vardanyan Ermənistana yollanıb, orada partiya yaradacaq və hakimiyyətə gəlməyə çalışacaq. Əslində, hər iki gedişatı mümkün saymaq olar.
Əvvəlcə, birinci üzərində dayanaq. Hesab edək ki, Vardanyan Qarabağda qalacaq və bölgənin müxalifət kimi təqdim edilən çürük əks-qütbünü təmərküzləşdirməyə çalışacaq. Lap düşünək ki, o, dünyanın müxtəlif yerlərində, o cümlədən, Rusiyada qazandığı çirkli pulları bu yolda xərcləyəcək. Hər bir halda uğur qazanacağı mümkün görünmür. Nəyəsə nail ola bilsəydi, “dövlət naziri” kimi bunu edərdi. Axı, administrativ “səlahiyyətlərindən” istifadə ona üstünlük verirdi.
Digər tərəfdən, Vardanyanın uğur qazanmayacağı əvvəldən bəlli idi. Onun barəsindəki “ölüm hökmü” ayağını bölgəyə qoyanda çıxarıldı. Azərbaycan Rubenin gəlişini Qarabağda separatçılıq üçün yeni dalğa kimi qiymətləndirdi və dərhal siyasi təzyiqi gücləndirdi. Yəni, prinsip etibarilə, ölkəmiz kimliyindən və tutacağı mövqedən asılı olmayaraq, Qarabağda ərazi bütövlüyümüzə təhdid anlamı verən istənilən meyli, necə deyərlər, süngü ilə qarşılayacağını ortaya qoydu və obrazlı desək, Ruben Qarabağa gələr-gəlməz, həmin süngüyə keçdi.
Çox güman ki, Vardanyanı Qarabağa göndərənlər Bakının onun varlığına loyal yanaşacağı ehtimalını əsas tutmuşdular. Hesab etmişdilər ki, Ruben gələcək, yerli “hakimiyyəti” sıradan çıxaracaq. Azərbaycan isə bölgədəki separatçılığın Rusiya maraqları üzərindəki oyununu sakit qarşılayacaq. Yəqin, Bakının “ənənəvi separatçılarla” deyil, məhz Vardanyanla danışıqlara gedəcəyinə ümid bəsləmişdilər. Hər halda, ikincinin açıqlamalarından Azərbaycanın onu tərəf kimi qəbul edəcəyini gözləməsi duyulurdu. Lakin, bu, baş vermədi. Başqa sözlə desək, Qarabağın statusu ilə bağlı danışıqları qeyri-müəyyən vaxta saxlamaq istəkləri iflasa uğradı...
Sonrakı müddətdə isə Vardanyan, sadəcə olaraq, nə edəcəyini bilmədi. Onun başqa yolu yox idi. Açıq oynadı, Qarabağdakı separatçı rejimin təmsilçilərindən də artıq aqressiv davrandı. Ruben, necə deyərlər, Roma papasından daha artıq katolik olmağa çalışdı. Elə bu ritorika onun ərazidən, ümumən oradakı ermənilərin durumundan məlumatsızlığını ortaya qoydu.
Məsələn, köhnə havalara köklənmiş Vardanyan anlaya bilmədi ki, 44 günlük müharibədəki məğlubiyyət yerlilərdə böyük ümidsizlik yaradıb. O, depressiv durumun aradan qalxması şanslarının öldüyünü nəzərə almadı. Guya iş görürmüş kimi, sərt fikirlərə üstünlük verdi, nəticədə vəziyyəti daha da gərginləşdirdi. Kənardakılar adamın siyasi cəhətdən naşılığını sezdilər. Yekunda Vardanyanın özünə tərəfdar yığmaq cəhdləri də boşa çıxdı.
Bunlara rəğmən, Rubenin Qarabağda fərdi siyasi karyera baxımından, kifayət qədər, uzun məsafə qət etdiyini söyləyə bilərik. Adam həmin vaxtadək biznesdə olmuş, müxtəlif saxtakarlıqlarda iştirak etmişdi. Belə bir mənfi reputasiyaya malik şəxs üçün qondarma da olsa, hansısa idarəçilik formasında vəzifə tutmaq adi məsələ sayıla bilməzdi...
***
Qarabağdan fərqli olaraq, Ermənistan anti-Azərbaycan, anti-türk aqressiv ritorikasının “çiçəklənməsi” üçün kifayət qədər münbit yerdir. Nəzərə alaq ki, Ruben başqa cür hakimiyyətə iddialı ola bilməz. Çünki Ermənistanın oturuşmuş Qərb yönümü artıq var. Bu cinah iqtidardadır. Yerdə qalır anti-iqtidar cəbhəsini cəmləşdirmək, habelə, ölkədəki digər siyasi-ideoloji elementləri oraya qatmaq.
Bəli, Ermənistanın özündə Rubenin pul gücünə ələ ala biləcəyi daha böyük kütlə var. Üstəlik, o kütlənin müəyyən seqmenti ideoloji baxımdan “hazırlıqlıdır”, baş nazir Nikol Paşinyanın iqtidarından ciddi şəkildə narazıdır, nisbətən təşkilatlanmış struktura malikdir, ən əsası bu qütbün əlində ictimai həyatın media seqmenti cəmləşib. Söhbət ruspərəst mediadan gedir...
***
Vardanyan bundan sonra uğur qazana bilərmi? Suala cavab verərkən, iki məqamın üzərində dayanaq. Birinci məqama aydınlıq gətirmək üçün onun Qarabağa hansı missiya ilə göndərildiyinə diqqət yetirək. Ruben bölgəyə separatçılığın Rusiya cinahını aktivləşdirmək, həmin cinahı İrəvanın təsirindən qurtarmaq üçün gəlmişdi. Bir qədər də geniş yanaşsaq, ərazidə, belə demək mümkünsə, mikro Ermənistan qurmağı düşünürdü. Məhz belə bir Ermənistanın qərarlaşması nəyə lazım idi?
2018-ci il inqilabından sonra Ermənistanda Rusiyanın mövqeyi sarsıldı. Moskva nə qədər cəhd göstərsə də, bunun qarşısını ala bilmədi. Hətta, 44 günlük müharibə zamanı Kremlin İrəvanı Bakı ilə baş-başa buraxıb birincinin üzləşdiyi rüsvayçılıq səhnəsinə seyriçiliyi də Paşinyanın komandasına dərs olmadı. Əksinə, erməni baş nazir durumu Rusiyanın ölkəsi üçün səmərəsizliyi məntiqinə çevirdi. Nəinki çevirdi, eyni zamanda, 2021-ci ilin parlament seçkilərində də qələbə qazanmaqla, Moskvaya bir növ meydan oxudu.
Ardınca baş verən proseslər isə göstərdi ki, Ermənistan hakimiyyəti daxildəki ruspərəst ovqatı əzməklə məşğuldur. Paşinyan özündən əvvəlkiləri korrupsiyada, rüşvətdə, dövlət əmlakını talamaqda ittiham edərək, onların ictimai nüfuzunu bir qədər də zədələdi. Bu, azmış kimi, bölgəyə Qərb təsirini gətirmək yolu tutdu.
Ermənistan cəbhəsində uğur qazanmağın mümkünsüzlüyünü anlayan Rusiya isə Qarabağ üzərinə köklənməyə üstünlük verdi. Vardanyan, məhz, həmin köklənişin nəticəsi kimi meydana çıxdı. Ancaq Moskva məsələnin bir tərəfini hesabladı, digərini yox. Əvvəldə də dediyimiz kimi, Azərbaycanın reaksiyasının bu qədər sərt alınacağını düşünmədi. Nəticə etibarilə “Vardanyan kartı” işləmədi. Beləliklə, mikro Ermənistan planı və onun Qarabağ müstəvisindəki millətçi dirənişini Ermənistan hakimiyyətinin satqınlığı ab-havasına alternativ qoymaqla, erməni cəmiyyətinin milli hisslərinə və heysiyyatına təsir göstərmək niyyəti baş tutmadı.
Nəzərə alaq ki, mikro Ermənistanın, belə demək mümkünsə, Ermənistanı udması daha böyük hədəf idi. Axı, vaxtilə oxşar yol seçilmişdi. Söhbət 1998-ci ildə Qarabağ klanının hakimiyyətə gətirilməsindən gedir. O klan ki, həmin vaxtadək aparılan Azərbaycan–Ermənistan danışıqlarının müsbət perspektivini dalana dirədi. 1999-cu ilin İrəvanda yaşanmış parlament terroru isə hər şeyi alt-üst etdi. Koçaryanın, ardınca Sarkisyanın prezidentliyi mərhələsi isə xunta kimi tanınan Ermənistan hakimiyyətinin Qarabağ danışıqları ilə manipulyasiya dövrü oldu. Vardanyan, eyni manipulyasını reallaşdırmaq, həmçinin, özünün əlahiddə obrazını Paşinyana alternativ kimi irəli sürmək istəyirdi. Alınmadı. Baxmayaraq ki, Qarabağda onun separatçılığının, müyyən mənada, passiv, ancaq hər an aktivləşə biləcək güc qaynağı – Rusiya sülhməramlıları da var idi.
***
İkinci məqam, bilavasitə, Vardanyanın uğursuzluğu ilə bağlıdır. Bəli, yuxarıda da vurğuladıq ki, o, siyasi cəhətdən naşı idi, bölgədəki vəziyyəti düzgün dəyərləndirə bilmədi, bu öz yerində. Ruben həm də ona görə uğur qazanmadı ki, Qarabağ erməniləri ilə Ermənistanın ictimai rəyinin mövqeyi üst-üstə düşdü. Hər iki tərəf Vardanyana keçmişin üfunətli qalığı kimi yanaşdı. Onlar Rubeni Rusiyanın Koçaryan-Sarkisyan tandeminin davamı kimi gördülər. Həqiqətən, oliqarx, harınlamış milyarder ilə dövlət əmlakını talayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə varlanmış tandem arasında heç bir fərq yoxdur. Belədə ortaya daha böyük sual çıxır – R.Vardanyan Ermənistan daxilində uğur qazana bilərmi? Yaxud necə qazana bilər?
Bir qədər əvvəl Rubenin erməni cəmiyyətində hansı qüvvələri pul gücünə ələ ala biləcəyindən söz açdıq. Əlbəttə, dediklərimiz heç də uğur formulu kimi qiymətləndirilə bilməz. Yəni, söyləmək olmaz ki, Vardanyan İrəvanda Paşinyan əleyhinə olan qüvvələri vahid cinahda birləşdirmək imkanına malikdir. Ancaq bir anlıq düşünək ki, Ruben bunu bacarıb. Birləşmiş müxalifət Paşinyandan güclü ola biləcəkmi? Az inandırıcı görünür. Deməli, “B” planı işə salınmalıdır. O plan ki, özündə keçmişə qayıdışı ehtiva edir. Yəni, 1998-ci ilə.
Xatırladaq ki, 1998-ci ildə Robert Koçaryan, faktiki olaraq, Ermənistanda hakimiyyəti zəbt emişdi. Haqqında söz açdığımız 1999-cu ilin parlament terroru ölkədəki mütərəqqi, Qarabağ mövzusunda kompromiss tərəfdarı olan şəxsləri, fiziki cəhətdən, aradan götürməklə, Azərbaycan–Ermənistan danışıqlarının uzun və səmərəsiz məcraya yönəlməsi reallığını doğurmuşdu.
Belə nəticəyə gəlirik ki, Vardanyan üçün hazırda tarixi təkrarlamaqdan, başqa sözlə desək, hakimiyyəti terrorla zəbt etməkdən başqa yol qalmır. Görünür ki, yalnız hakimiyyət terroru nəticəsində Ermənistan yenidən Rusiya təsirinə qayıda bilər. Və o da görünür ki, əgər belə bir hal baş versə və İrəvan yenidən Kremlin orbitinə qayıtsa, o zaman Qarabağ məsələsi, ümumən, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi müstəvisində manipulyasiyalar artacaq. Hərçənd, bütün bunların Azərbaycan hakimiyyətinin Qarabağ dirənişinə təsirinin olacağı da mümkünsüzdür. Ən azı ona görə ki, Azərbaycan artıq 1998-ci ildəki Azərbaycan deyil. Ermənistan isə 2018-ci ilə qədərki Ermənistan olmadığını sübuta yetirməlidir. Elə bütün anlamlarda. Ən əsası isə Qarabağ mövzusunda. Əgər bu, baş verməyəcəksə, o zaman bizim üçün Paşinyanın Koçaryan-Sarkisyan tandemindən heç bir fərqi olmayacaq. Heç Vardanyandan da.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”