Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “xortlayıb”. Doğrudur, İrəvanın siyasi səhnəsindən düşsə də, yaratdığı qeyri-hökumət təşkilatı ilə gündəmdə qalmağa çalışan suriyalı erməni İkinci Qarabağ müharibəsindən sonra özünü siyasi çəkişmələrin bataqlığına atıb. Xocalı soyqırımının ifaçılarından biri olan Robert Koçaryanın təyinatı ilə xarici siyasət idarəsinə rəhbərlik edən V.Oskanyan da, digər hərdəmxəyal yerliləri kimi, “İrəvandakı hakimiyyətə gedən yol Xankəndidən keçir” uydurmasına inanaraq, separatçı rejimdə “vəzifə” tutmağa can atırdı. Lakin iş dəllalı Ruben Vardanyanın “dövlət naziri” postundan qovulması sabiq nazirin geriyə dönüş arzusunu ürəyində qoydu. Buna görədir ki, sabiq ağası R.Koçaryan kimi Paşinyan hökumətini satqınlıqda qınayır, reallıqdan uzaq sərsəm bəyanatlar səsləndirir.
Azərbaycan Cənubi Qafqazı 30 il gərginlikdə saxlayan Qarabağ problemini həll etməklə regionda yeni dövrün əsasını qoydu. Baxmayaraq ki, Ermənistan məğlubiyyətindən sonra davamlı və möhkəm sülhün bərqərar olunmasına yönəlmiş diplomatik təşəbbüsləri zəif dəstəkləyir və ya imitasiya ilə məşğul olur. Azərbaycansa regional inkişafa hərtərəfli təsir göstərəcək təkliflər irəli sürür. Amma erməni müxalifət düşərgəsində yer almış siyasətçilər hələ də reallıqdan uzaq, sərsəm bəyanatlar səsləndirirlər. Belə siyasətçilərdən biri də Vardan Oskanyandır. Sabiq ölkə başçısı, körpə qatili Robert Köçəryanın dövründə xarici işlər naziri vəzifəsində çalışmış V.Oskanyan soydaşlarını qorxutmaqla məşğuldur. Bu Suriya ermənisi iddia edir ki, əgər sülh müqaviləsi mətbuata sızılan formada imzalansa, o zaman “Qarabağ Cavaxka (Gürcüstanda ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsi), bir neçə ildən sonra isə Naxçıvana çevriləcək”.
V.Oskanyanın sözlərinə görə, Ermənistan hakimiyyəti artıq şifahi şəkildə, bəzi yerlərdə isə sənədlərdə razılığa gəlib: “Bu gün əsaslı şübhə var və bu, Ermənistan hakimiyyətinin və onların opponentlərinin bəyanatlarında ifadə olunur ki, bizim hakimiyyət şifahi, bəzi yerlərdə isə sənədləşdirilmiş şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasına razılıq verib”. Sabiq nazir bunu “təhlükəli hadisə” kimi qiymətləndirir. Onu belə fikirlər səsləndirməyə nə vadar edir? Erməni mətbuatı yazır ki, sabiq naziri “dirilməyə” vadar edən onun hakimiyyətdə təmsil olunmaq istəyidir. V.Oskanyan da bu günlərdə Xankəndidən qovulan Ruben Vardanyan kimi İrəvana Qarabağdan gəlməyi düşünürdü. Quldur Köçəryan rejiminə qulluq etmiş birisinin indi İrəvanda hakimiyyətdə təmsil olunması müşkül görünür. Buna görə də, sabiq nazir baş nazir Nikol Paşinyanı tənqid atəşinə tutur, onun hakimiyyətini “satqınlıqda” günahlandırır.
Hələ ötən il “Hraparak” qəzeti Ruben Vardanyanın yeni “komanda” formalaşdırmağa başladığından yazmışdı. Erməni nəşri iddia etmişdi ki, “xarici işlər naziri” postuna namizədlər də var. Mənbə bildirmişdi ki, R.Vardanyan bu “post”a Ermənistanın keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və ya Ara Ayvazyanı gətirmək istəyir. “Ruben Vardanyan yeni komandanı yerli ermənilər hesabına formalaşdırmaq istəyir. Amma bu alınmasa, kadrları ya Ermənistandan, ya da xaricdən gətirməyə çalışacaq”, ̶ deyə məlumatda vurğulanırdı. Ötən il V.Oskanyan demişdi ki, 13-14 sentyabr döyüşlərində Kremlin susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”. Vəziyyətdən çıxış yolu üçün sabiq nazir çox “hiyləgər” təklif də irəli sürmüşdü. O, hesab etdiyini açıqlamışdı ki, Nikol Paşinyan istefa verərsə, vədləri də qüvvədən düşəcək. Bir sözlə, sabiq nazir xalqı üçün taleyüklü mıəsələdə qədim erməni hiyləgərliyinə əl atmağı təklif etmişdi. Ən mühüm anlarda istefa vermək və ya bir-birinə qarşı terror aktı həyata keçirmək erməni siyasətinin ayrılmaz elementidir.
Bundan başqa, V.Oskanyan düşünür ki, Ermənistan hakimiyyəti üçün Qarabağın Azərbaycanın tərkibində qalması faktını gizlətmək çox çətin olacaq: “Aydındır ki, Azərbaycan bu məsələni sülh müqaviləsində ağ-qara, aydın şəkildə ifadə etməyə məcbur edəcək”. Sabiq nazir indiki hakimiyyətin öz hərəkətsizliyinə və fiaskoya haqq qazandırdığı tezisini qəbul etmədiyini də açıqlayır. “Deyirlər ki, bizə pis miras qaldığı üçün qaçılmaz müharibə oldu. Uduzduq ̶ bu, qaçılmaz idi, çünki ordumuz yox idi. Qarabağ Azərbaycanın bir hissəsi olaraq qalacaq – bu gün bu qaçılmazdır, çünki alternativ yoxdur. Bu üç tezis boş və yanlışdır”. V.Oskanyan da ölkəyə pis miras qoyduqlarını, işlədiyi vaxt quldur Robert Köçəryanın büdcə pullarını talayaraq, indi milyarder olduğunu etiraf etmək istəmir.
Sabiq nazir düz deyir ki, 2020-ci il müharibəsi danışıqların uğursuzluğundan, Ermənistanın hərbi balansı saxlaya bilmədiyindən baş verdi: “Biz müharibəni çox pis apardıq, ona görə də rüsvayçı məğlub olduq”. V.Oskanyan 2018-ci ilə qədər nisbi sabitliyin iki amillə ̶ diplomatiya və hərbi balansla qorunduğunu iddia edir: Bu, üç prezidentin dövründə baş verib. İkinci prezidentin vaxtında, mən nazir olduğum zaman Azərbaycan hər dəfə Minsk qrupunun başqa bir təklifini rədd edəndə prezident dərhal göstəriş verirdi ki, masaya yeni bir təklif qoyulsun və diplomatik vakuum yaranmasın”. Bu, həm də onun etirafıdır ki, N.Paşinyana qədər erməni rəhbərləri danışıqları sonsuza qədər uzatmaq istəyirmişlər. O ki qaldı, hərbi balansa, İkinci Qarabağ müharibəsi göstərdi ki, Qarabağ quldur klanının iki üzvünün ̶ Robert Köçəryanla Serj Sarkisyanın hərbi mirası yanacaqsız paslanmış tanklar, köhnəlmiş hərbi inventar və digər biabırçı çatışmazlıqdan ibarətdir. Buna görə də, keçmiş rejimin ünsürü olan V.Oskanyanın sülh sazişinə qarşı çıxması və N.Paşinyan hölkumətini satqınlıqda günahlandırması həyasızlıq və siyasi əxlaqsızlıqdır. Çünki V.Oskanyan sabiq diplomat kimi gözəl bilir ki, danışıqlar tükənəndə silahlar danışır.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”