Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi

post-img

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin tədqiqi həmişəyaşarlıq baxımından daim aktuallığını saxlayacaqdır. Bu zəngin mənəvi xəzinə müasir dövlətçiliyimizi qidalandıran “şah damar”dır, demokratik cəmiyyətin ruhudur. Ümummilli liderin fəaliyyəti çox geniş və rəngarəng olduğundan onun ideya-siyasi irsi də dövlətçiliyin əksər sferalarını əhatə edir.

Keçən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan cəmiyyəti və dövləti üçün çox çətin bir dönəmdə xalq öz xilaska­rına üz tutaraq dünya şöhrətli siyasətçi və dövlət xadimi, ümummilli lider Hey­dər Əliyevi taleyin ümidində qalmış müstəqil dövlətin rəhbərlyinə gətirdi. 

Burada iki önəmli məqamı vurğula­maq lazımdır. Birincisi, Heydər Əliyev 1993-cü ilin iyununda faktiki olaraq hər tərəfdən təzyiqlərə və erməni təcavü­zünə məruz qalmış bir ölkəyə rəhbərlik etməli idi. İkincisi, rəhbərliyin uğurlu ol­ması üçün ulu öndər nəzəri tezislərini birbaşa praktiki fəaliyyətdə təcrübədən keçirməli, uğurlu nəticə əldə etməli idi. Yəni başqa siyasi liderlərdən fərqli olaraq, siyasi-nəzəri bilik və təcrübəni rahat və əlverişli bir vaxtda gerçəkləş­dirmək imkanı yox idi. Bu anlamda, Heydər Əliyev yeni mürəkkəb şərait­də liderliyini “eksklüziv”, hadisələrin kükrədiyi bir şəraitdə , vətəndaş qarşı­durmasının son həddində həyata keçir­məli idi.

Bununla yanaşı, ulu öndər dövlət başçısı olmaqla liderliyin xaqın göz­ləntiləri ilə vəhdətinə nail olmalı idi. Ulu öndər, ilk olaraq, dövlətə rəhbərliklə xalqın lideri olmağın müstəqillik şərai­tində əsas parametrlərini, uğur gətirə­cək siyasi mexanizmlərini müəyyən etməli və həyata keçirməli idi. Əlbəttə, bunun üçün, qarşıda, bütövlükdə, düz­gün, zamanın tələblərinə cavab verən, Azərbaycanı böhran vəziyyətindən çıxaracaq dövlətçilik fəlsəfəsi hazırla­maq gərək idi. Heydər Əliyev dühası bu zərurəti parlaq surətdə gerçəkləş­dirdi.

Qısa müddətdə uğurlu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış konkret müstəqil dövlət quruculuğu strategiya­sı ölkəni 2 çətin vəziyyətdən xilas etdi. Birincisi, cəmiyyətdə birlik yarandı. İkincisi, Azərbaycan dövlət olaraq sa­bitliyə nail oldu və bütün sosial-iqtisadi, mədəni, mənəvi-ideoloji istiqamətlərdə islahatlara başladı.

Artıq 1993-cü il oktyabrın 3-də keçi­rilən Prezident seçkisində xalqın böyük əksəriyyəti 3 ay əvvəl ölkə parlamen­tinin rəhbərliyinə dəvət edilərək siya­si-hərbi böhranı sovuşduran Heydər Əliyevə səs verməklə ona inandığını və güvəndiyini nümayiş etdirdi. Bu ha­disənin fonunda siyasi analitiklər Əbül­fəz Elçibəyə etimadın sürətlə itməsi fövqündə Heydər Əliyevə olan ümid və inamın sürətlə artmasını ulu öndə­rin ümummilli lider, dövlət başçısı kimi xarizması ilə əlaqələndirirlər. 

Təcrübə göstərdi ki, Azərbaycan xalqı yanılmamışdır və ölkədə dövlət quruculuğu kursunu güclü və böyük siyasi liderə etibar edib. Doğrudan da, Heydər Əliyev qısa müddətdə – 1994 – 1995-ci illərdə dövlət çevrilişinə cəhd­lərin qarşısını qətiyyətlə aldı. Paralel olaraq, Heydər Əliyev dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. Bununla Azər­baycanda yeni neft strategiyasına start verildi. Heydər Əliyev, bunlarla yana­şı, sosial-iqtisadi, mədəni, ideoloji və mənəvi-əxlaqi sferalarda ciddi yeni­likləri həyata keçirməyə başladı. Artıq 1995-ci ildə Azərbaycanda sabitlik tə­min edildi.

Xilaskarlığın başlıca əlamətləri cə­miyyətdə qarşıdurmalara son vermək­lə erməni təcavüzünü dayandırmaq və konkret strategiya əsasında cəmiy­yətdə sabitliyi təmin etməkdir. Dövlət quruculuğunu hüquqi əsasa gətirmək aspekti isə Azərbaycan Respublika­sının Yeni Konstitusiyasını (1995-ci ildə) yaratmaq, Prezident üsul-idarəsi­ni hüquqi təsbit və hakimiyyətin qolları arasında müasir demokratik qaydalara uyğun münasibətlər müəyyən etmək­lə bağl idi. Bunları ümumiləşdirsək, belə qənaətə gələrik ki, Heydər Əliyev müstəqil dövlət quruculuğunun ilk mər­hələsində siyasi lider kimi xilaskarlıqla sabitliyi qovuşdura bilmişdi.

Dövlət quruculuğunun sonrakı mərhələsi daha məsuliyyətli və stra­teji əhəmiyyəti olan addımlarla zəngin olmuşdur. Ulu öndər həmin dönəmdə (1996–2003-cü illər) müstəqil dövlətin siyasi institutlaşmasını, idarəetmənin təkmilləşməsini, beynəlxalq enerji la­yihələrinin reallaşmasını, cəmiyyətin daha sıx birləşməsini, iqtisadiyyatın yeni infrasturkturunun yaradılmasını və ordu quruculuğunu təmin etmişdir.

Bizim üçün bu məqamlarla yanaşı, Heydər Əliyevin dövlət quruculuğu fəl­səfəsinin çox əhəmiyyətli bir cəhəti də siyasi varislik əsasında yeni liderin ye­tişməsidir. Dünya tarixində nadir hallar­da siyasi liderlər özlərindən sonra tam uğurlu yeni lider yetişdirə bilirlər. Post­sovet məkanında isə Heydər Əliyev­dən başqa bu vəzifənin öhdəsindən gələ bilən ikinci dövlət başçısı yoxdur. Azərbaycan liderinin bu nailiyyətinin iki səbəbini vurğulaya bilərik.

Əvvəla, Heydər Əliyevin şəxsiy­yət və siyasi xadim kimi yüksək key­fiyyətlərə, dərin zəkaya sahib olma­sı həlledici rol oynamışdır. Hər şeyi dəqiq ölçüb-biçən, düzgün strategiya müəyyənləşdirən ulu öndər dövlətin və xalqın gələcəyini yüksək səviyyəli yeni liderə etibar etmişdir. İkincisi, ulu ön­dər siyasi varislik prinsipinə tam əməl edə biləcək yeni lideri uğurla seçmişdir. Yeni liderin İlham Əliyev olacağına ulu öndər tam əmin idi. Çünki uzun müddət Heydər Əliyev İlham Əliyevi siyasi lider kimi yetişdirmişdir.

Heydər Əliyev 2003-cü ildə Azər­baycan xalqına etdiyi müraciətdə “İlham Əliyevə etibar etdiyini, ona özü kimi inandığını və müstəqil dövlət quru­culuğunda uğur qazanacağını” böyük bir səmimiyyətlə Azərbaycan xalqına çatdırmışdı. İlham Əliyevin dövlət baş­çısı-lider kimi fəaliyyəti ulu öndərin tam haqlı olduğunu sübut etməkdədir.

Bununla da 2003-cü ildən başlaya­raq Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinə əsaslanan müstəqil, güclü və demokratik cəmiyyət yaradılması kursunun yeni mərhələsinə start ve­rilmişdir. Ulu öndərin dövlət qurucu­luğu fəlsəfəsi XXI əsrin gətirdiyi yeni reallıqlar şəraitində öz səmərəliliyini göstərməli idi. Prezident İlham Əliyev faktiki olaraq bir neçə istiqamətdə ulu öndərin dövlət quruculuğu kursunu in­kişaf etdirməli, onun yeni şərtlər altında uğurlu olmasını təmin etməli oldu. Təc­rübə göstərdi ki, İlham Əliyev bu və­zifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir. Azərbaycan Prezidenti İham Əliyev, hər şeydən öncə, ulu öndərin dövlət quruculuğu konsepsiyasından qaynaqlanan siyasi varislik prinsipinə tam əməl etmişdir. 

Bu bağlılıqda ölkənin daxili və xa­rici siyasətinin prioritetlərini İlham Əliyev XXI əsrin tələblərinə daha da uyğunlaşdırmışdır. O, daxili siysətdə azərbaycançılıq və multikulturalizmin sintezi əsasında toplumun birliyini yeni səviyyəyə yüksəltmişdir. Bu məqam İlham Əliyevin Azərbaycan dövlətçili­yinə verdiyi yüksək töhfələrdən birini təşkil edir. Cəmiyyətdə lider–xalq, ha­kimiyyət–toplum birliyini təmin etməklə yeni dövlət başçısı bütün sferalarda uğurlu islahatlar aparmaq, demokratik təsisatları inkişaf etdirmək üçün geniş meydan açdı.

Məhz buna görədir ki, İlham Əliyev tarixi baxımdan qısa müddətdə cəmiy­yətin bütün əhəmiyyətli sahələri üzrə geniş islahatlar proqramları həyata keçirə bildi. Bu da dövlət quruculuğu kursunun mühüm faktorlarından biri­dir. Nəticədə, Azərbaycanda insanların rifahı daha da yaxşılaşdı və adamba­şına gəlirlər çoxaldı. Sosial təminat sahəsində ciddi irəliləyişlər oldu. İqti­sadi, mədəni, təhsil sahəsində uğurlu proqramlar həyata keçirildi.

Ordu quruculuğuna İlham Əliyev xüsusi diqqət yetirdi. Azərbaycan Or­dusu Cənubi Qafqazın ən böyük hər­bi gücü səviyyəsinə yüksəldi. Ordu və müdafiəyə ayırılan vəsaitlərin daim ar­tırılmasında başlıca məqsəd ulu öndə­rin vəsiyyətinə uyğun olaraq Azərbay­canın ərazi bütövlüyünü təmin etməyə nail olmaq idi. Prezident İlham Əliyev daxili siyasətdəki uğurları xarici si­yasətdə də inkişaf etdirməyə nail oldu. Ölkəmizin ərazi bütövlüyünün bərpası xarici siyasətin prioriteti kimi çoxlu say­da faktoru nəzərə almağı tələb edirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin özünün də dəfələrlə vurğula­dığı kimi, bütün bunlar qlobal güclərin regiondakı maraqlarının Azərbaycanın milli dövlət maraqlarına xidmət müstə­visində balanslaşdırılması kimi mürək­kəb siyasi kurs sayəsində mümkün oldu. Həmin kurs ulu öndər Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin yeni reallıqlar şəraitində inkişaf etdiril­məsinin olduqca əhəmiyyətli məqamla­rından biridir.

Dövlət başçısı İlham Əliyevin apardığı siyasət öz bəhrəsini bütün sahələrdə vermişdir və o proses indi də davam edir. Ən böyük nailiyyətlərdən biri isə 2020-ci il 44 günlük Zəfər Sa­vaşı oldu. Zəfər Savaşı dövlət qurucu­luğu konsepsiyasına zəfər fəlsəfəsini gətirdi. Zəfər fəlsəfəsinin mühüm fak­torlarından biri “Şuşa Bəyannaməsi” oldu. Bu əsasda, bütövlükdə, Azərbay­canın postmünaqişə və postmüharibə mərhələsində yeritdiyi daxili və xarici siyasət dövlət quruculuğu prosesində yeni mərhələni başlatdı.

Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi ciddi təsir imkanlarına malikdir. Türkiyə–Azər­baycan müttəfiqliyi regional geosiyasi dinamikanı müəyyən edir və sabitləşdi­rici rol oynayır. Prezident İlham Əliyev müstəqil dövlət quruculuğu strategiya­sında mərkəzi yer tutan “Bir millət, iki dövlət” formulunun reallaşması üçün olduqca səmərəli addımlar atmışdır. 

Beləliklə, Heydər Əliyevin müstəqil güclü dövlət quruculuğu fəlsəfəsi XXI əsrdə İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir. Ulu öndərin arzu və vəsiyyətlərinə uyğun olaraq Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə Azər­baycan dünyaya Günəş kimi doğur!

 

Mirkazım SEYİDOV, 
Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, diaspor fəalı

Siyasət