Oktyabrın 8-də AMEA-nın Əsas binasında ingilis dilində nəşr edilmiş “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.
XQ xəbər verir ki, kitab Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.
Əvvəlcə tədbir iştirakçıları foyədə professor Əsədulla Cəfərovun Azərbaycanın, Qafqazın, Avropanın daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərinə, eləcə də Qarabağın ən qədim tarixinə aid yazdığı kitablardan ibarət sərgi ilə tanış olublar.
Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, 415 səhifədən, 10 fəsildən ibarət olan bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü, o cümlədən Azıxda suverenliyini bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Akademik İsa Həbibbəyli unikal nəşrin ilk təqdimatının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladıb, bu addımı Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib. O, “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının Londonda dünyamiqyaslı tədbir çərçivəsində təqdim olunmasının professor Əsədulla Cəfərovun əməyinə dərin hörmətin, eləcə də dünyasını dəyişmiş alimlərin xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb.
AMEA rəhbəri Azıx mağarasının təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, 1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri, görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağ ərazisində aparılan tədqiqatlar nəticəsində bu mağaranın kəşf edildiyini bildirib.
Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun "Qarabağın paleolit düşərgələri" adlı kitabını xüsusi qeyd edib. Bildirib ki, Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni "tədqiqatçıların" fikirlərinin elmi əsasının olmadığı faktlarla təsdiq olunub.
Akademik İsa Həbibbəyli kitabın həm də Prezident İlham Əliyevin “Dəmir yumruq” iradəsi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məskunlaşma siyasətinə, eləcə də doğma torpaqlarda həyata keçirilən yeni həyat, bərpa layihələrinə diqqəti artırdığını vurğulayıb.
AMEA rəhbərinin sözlərinə görə, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də Azıx mağarasıdır. Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Ölkə Prezidentinin tapşırığı ilə toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu istiqamətdə cinayət işi başlanılıb, Azıxın qədimliyinin Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq qurumlara müraciətlər olunub.
Qarabağın bütün əraziləri kimi, Azıxın da işğaldan azad olunduğunu söyləyən akademik İsa Həbibbəyli hazırda həmin tarixi abidələrdə Yaponiya, Danimarka və digər ölkə alimlərinin birgə iştirakı ilə geniş tədqiqatların aparıldığını bildirib. O, tarixi sərvətimiz olan Azıx mağarası ilə bağlı yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib, tədqiqatçılara bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edib. Alim, həmçinin Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu bildirib. Akademik İsa Həbibbəyli sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.
Çıxışının sonunda AMEA rəhbəri ingilis dilində nəşr olunan kitabın dünya arxeologiya elminin tədqiqatçıları üçün mühüm elmi mənbə olduğunu qeyd edib, həmmüəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, millət vəkili, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ingilis dilində nəşr edilmiş əsər təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir.
Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.
Sonda çıxış edən kitabın həmmüəllifi professor Əsədulla Cəfərov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, elmi tədqiqatlarından söz açıb, nəşr haqqında öz fikirlərini bölüşüb.