Qazaxıstan mətbuatı Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Kazinform” beynəlxalq informasiya agentliyi “TDT Türk dünyasının təhlükəsizliyini və iqtisadiyyatını gücləndirir” sərlövhəli məqalə dərc edib. Materialda bildirilir: “Türk dünyası tarixən yüksək dinamizm və enerji məkanı olub. O, müxtəlif mədəniyyətləri və dəyərləri özündə cəmləşdirərək, həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb və bu gün də həmin missiyanı yerinə yetirir”.
“Altyn-Orda.kz” portalı Qəbələ Zirvə Görüşünün mühüm mərhələ olduğunu vurğulayır: “Bu, Türk dünyasının müstəqil hərbi əməkdaşlıq mərkəzi kimi formalaşdığını, öz təhlükəsizliyinə koordinasiyalı və balanslaşdırılmış yanaşmaya hazır olduğunu nümayiş etdirdi”.
“Kazislam.kz” yazır ki, Qəbələ Zirvə Görüşü sadəcə türk liderlərinin növbəti dəfə bir araya gəlməsi deyil, eyni zamanda, Türk dünyasının institusional güclənməsinin mühüm mərhələsi olub. “Geosiyasi gərginliyin artması, qlobal arxitekturanın yenidən müəyyənləşdirilməsi və ənənəvi güc mərkəzlərinin böhranı fonunda Türk Dövlətləri Təşkilatı tədricən ortaq tarixi və mədəni dəyərlərə, şəffaflığa və texnoloji inkişafa əsaslanan yeni regional həmrəylik modelinin formalaşdırılması platformasına çevrilir”, -deyə nəşr qeyd edir.
“Turantimes.kz” nəşri xəbər verir ki, Qazaxıstan beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “Türk Dövlətləri Təşkilatı - Plyus” adlı yeni formatın yaradılması ideyasını dəstəkləyir.
“Baq.kz” portalı isə qeyd edir ki, terrorizmdən transsərhəd cinayətlərə qədər qlobal çağırışlar fonunda liderlər birlikdə hərəkət etmək niyyətlərini təsdiqləyiblər. TDT müxtəlif geosiyasi oriyentasiyalara malik ölkələri birləşdirən səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana