Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi çərçivəsində Naxçıvanda konsert proqramı ilə çıxış edəcək nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova, həmin müsabiqənin laureatı Gülzar Fərəcova və universitetin rəhbər şəxsləri iştirak ediblər.
Rektor Elbrus İsayev "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Elbrus İsayev Xalq artistinin dəfələrlə Univeritetdə qonaq olduğunu xatırladıb, Universitetin Konservatoriyasında kadr hazırlığında təmənnasız dəstək olduğunu, ustad dərsləri keçdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, Mənsum İbrahimovun Azərbaycan muğamının inkişafında xüsusi xidmətləri var və onun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.
Görüşdə ali təhsil ocağının kolektivi adından çıxış edən natiqlər Azərbaycan musiqisinin canlı əfsanəsi, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiri Mənsum İbrahimov ilə ali təhsil ocağındakı görüşün xüsusi və yaddaqalan tarix olduğunu bildiriblər.
Xalq artisti Mənsum İbrahimov görüşdən məmnunluğunu ifadə edib, ölkəmizdə hər zaman mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqətin, dövlət dəstəyinin olduğunu vurğulayıb, ali təhsil müəssisəsində belə bir görüşün təşkilindən çox şad olduğunu diqqətə çatdırıb. Qalib ölkənin ifaçılarının yetişdirilməsində pay sahibi olmağın böyük qürur olduğunu söyləyən Mənsum İbrahimov: “Məni Naxçıvana bağlayan çox böyük dəyərlər var” –deyə, qeyd edib.
Sonra Elbrus İsayev Mənsum İbrahimova “Naxçıvan Dövlət Universitetinin Fəxri professoru” diplomunu təqdim edib, Azərbaycan milli musiqi alətlərinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Heydər Əliyev Sarayında Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.
Səbuhi HƏSƏNOV