Xocalı soyqırımının 31-ci ildönümü günündə rəsmi Tehran Azərbaycana qarşı daha bir təxribata əl atıb. Belə ki, İsfahanda yaşayan ermənilərin Azərbaycan əleyhinə aksiyası təşkil olunub. Vank kilsəsi yaxınlığındakı aksiyada iştirak edən ermənilər Qarabağın “azadlığını” tələb edib, Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Ermənilərin Azərbaycan əleyhinə aksiya keçirməsi faktı “Fars” xəbər agentliyi tərəfindən də təsdiqlənib. Onu da qeyd edək ki, rəsmi Tehran Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması ilə bağlı hər hansı tədbirin keçirilməsini qadağan edib. Qadağanı pozan şəxslərin ağır şəkildə cəzalandırılacağı bildirilib.
Xocalı qatilləri üçün “İsfahan tamaşası”
Xocalı soyqırımının 31-ci ildönümündə İranda ermənilərin əli ilə anti-Azərbaycan aksiyasının keçirilməsi, heç şübhəsiz, rəsmi Tehranın xalqımıza düşmən siyasətinin davamı, yeni təxribatıdır. Ermənilərin aksiyası ilə Xocalı soyqırımının 31-ci ildönümünün üst-üstə düşməsi, əslində, rəsmi Tehranın Azərbaycana gözdağı verməsi deməkdir. Fars-molla rejimi bununla sübut etməyə çalışır ki, o, nəinki Xocalıda baş verənləri Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi qəbul etmir, əksinə, bu məsələdə erməniləri haqlı sayır və onların yanında yer alır.
Anti-Azərbaycan aksiyası üçün erməni faktorunun seçilməsi də rəsmi Tehranın məkrli məqsədindən xəbər verir. Xocalı soyqırımının 31-ci ildönümündə İran hakimiyyətinin ermənilərin Azərbaycan əleyhinə aksiyasına şərait yaratması, 31 il öncə olduğu kimi, bu gün də Tehranın Ermənistanla həmrəy olduğunu göstərir. Buna görə də soyqırımın 31-ci ilində ermənilərin “Qarabağa azadlıq” şüarı səsləndirməsini sevinclə seyr edir, ssenarisini yazdığı bu tamaşanın gedişatından məmnunluğunu gizlətmir.
Əslində, baş verənlər onu deməyə əsas verir ki, ermənilərin vaxtilə Xocalıda həyata keçirdiyi qanlı soyqırımını fars-molla rejimi 31 il sonra mənəvi-siyasi zəmində təkrarlamaqdadır. Dünyanı dəhşətə gətirən, bəşər tarixinin ən qorxunc qətliamlarından olan Xocalı soyqırımını görməzliyə vurmaq, bu azmış kimi, soyqırımının ildönümündə erməni qatillərinin Azərbaycan şəhidlərinin ruhlarına lənət yağdırmasına şərait yaratmaq mənəvi terrordan və ləyaqətsizlikdən başqa bir şey deyil. İran hakimiyyəti bununla bir daha sübut etdi ki, o, əxlaq və ədalət hissindən tamamilə məhrumdur və onun erməni qatillərindən heç bir fərqi yoxdur.
Bundan başqa, “İsfahan tamaşası” həm də onu göstərdi ki, Tehran dirilərlərlə yanaşı, ölülülərin də haqqını qəsb etməkdə, Xocalı qurbanlarının xatirəsinə açıq hörmətsizlik sərgiləməkdədir.
Dar ağacı altında “demokratiya oyunu”
Artıq uzun illərdir ki, İranda haqq sözü dilinə gətirən, hakimiyyətə qarşı az-çox tənqidi mövqe sərgiləyən insanların dar ağacına “qonaq edildiyi”, ən yaxşı halda ölkədən didərgin salındığı kimsəyə sirr deyil. Hər il 60 mindən çox insanın İranı birdəfəlik tərk etməsi faktı, bu ölkədəki real vəziyyətin ən bariz göstəricisidir. Son bir neçə aydır ki, İran rejiminin öz vətəndaşlarına tutduğu divan, ölkənin gecə-gündüz küçə döyüşlərinə şahidlik etməsi də, Tehranın demokratik idarəetmədən uzaq olduğunu göstərir.
Maraqlıdır ki, bütün dünyanın şahid olduğu bu reallıqlara rəğmən Tehran hələ də özünü beynəlxalq ictimai rəyə demokratik dövlət kimi sırımağa can atır. Fars-molla rejimi riyakar susqunluğu fonunda diqqətə çatdırmaq istəyir ki, guya, İsfahanda ermənilərin Xocalı soyqırımının 31-ci ildönümündə təşkil etdikləri anti-Azərbaycan aksiyasının qarşısı rəsmi Tehran tərəfindən “demokratiya səbəbindən” alınmayıb.
Bütün digər məsələlərdə demokratiyaya etinasız yanaşan Tehran, erməni məsələsində demokratiyanı dərhal yada salıb. Anlaşılan budur ki, İran rejimi hələ də “dərk etmir” ki, Azərbaycanın ünvanına böhtan və təhdid yağdırmaqla, faşist şüarları səsləndirməklə demokratiya arasında heç bir əlaqə yoxdur.
“Bir daşla iki quş vurmaq” sevdası...
Soyqırımının ildönümündə İranda fars-erməni işbirliyi çərçivəsində reallaşan anti-Azərbaycan aksiyası, həm də Türkiyəyə yönəlik ittihamlarla yadda qaldı. Aksiyada Azərbaycanla yanaşı, qardaş Türkiyə də hədəf alındı ki, bu da məlum aksiyanın mahiyyətindən xəbər verir. Görünən odur ki, İran rejimi qoynunda yer verdiyi ermənilərin vasitəsilə bir aksiya ilə həm Azərbaycan, həm də Türkiyəni gözdən salmağa, cəmiyyətdə anti-türk ovqatı formalaşdırmağa çalışır. Bu, Ermənistanda olduğu kimi, fars-molla rejimi arasında da türkofobiyanın ən üst zirvədə qərarlaşdığını göstərir. Əslində, bir ovuc fars-erməni yığınının səsləndirdiyi anti-türk şüarları, ermənipərəst yanaşma İran xalqının mövqeyini ifadə edə bilməz. İran hakimiyyətinin təşkil etdiyi belə aksiyalar sadəcə fars-molla rejiminin özünün ifşası ilə nəticələnir.
Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirən, erməni qatillərini qınayan Güneydəki soydaşlarımıza qarşı sərt cəza sisteminin tətbiqinə gəlincə, İran rejimi anlamalıdır ki, bu kimi təzyiqlərlə heç nəyə nail ola bilməyəcək.
Seymur ƏLİYEV