Kremlin Bakı vaxtı: əqrəbi bir saat irəli çəkməyin məqamıdır

post-img

Sergey Lavrovun Bakıya rəsmi səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilsə də, ikitərəfli danışıqların siyasi coğrafiyası geniş, gündəlikdəki mövzular isə kifayət qədər zəngin və operativ idi. Cənubi Qafqazda Qərbin sürətlə fəallaşması, ön mövqelərə qədər irəliləməsi, üstəlik, Ermənistanda getdikcə güclənən anti-Rusiya faktoru Moskvanı sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələlərinin həllində tələsməyə vadar edir. Bu kontekstdə Rusiyanın Azərbaycan və Ermənistan arasında “sülhyaratma missiyası”ndan daha geniş siyasi fəaliyyətə keçid alması başadüşüləndir. Axı, ortada Moskvanın nüfuz və təsir dairəsindən bu yaxınlaradək forpostu sayılan təkcə İrəvanın deyil, bütövlükdə, Cənubi Qafqaz regionunun çıxması reallığı var. 

 

Gündəliyə əlavə olunan yeni ştrixlər 

 

Göründüyü kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana budəfəki səfəri müstəsna əhəmiyyət daşıyırdı və burada apardığı danışıq­lar Bakı–Moskva, Moskva–İrəvan mü­nasibətlərinin yenilənmiş gündəliyinə köklənmişdi. Digər tərəfdən, bu səfəri həm də “sorosçu” Paşinyan hökumə­tinə xəbərdarlıq-ismarıc kimi də xarak­terizə etmək olar. Bunu rahat deyə bilə­rik: Moskva indiki məqamda diplomatik müstəvidə cızığından çıxmış İrəvanı cəzalandırmağın Bakı ilə uzlaşma takti­kasından optimal variantını tapa bilməz. Kremlin baş diplomatının Azərbaycana səfərindən bir necə gün əvvəl Rusiya XİN-in Azərbaycan–Ermənistan danı­şıqları üzrə xüsusi nümayəndəsi İqor Xoxayevin Bakıya gəlişini, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığını nəzərə alsaq, bu görüş Avro­pa üçün də böyük maraq kəsb edirdi. Rusiyanın Xarici İşlər naziri Sergey Lav­rovu qəbul edən Prezident İlham Əliyev ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilən sənədləri sülh müqavilə­sinə nail olmaq üçün istifadə edilə bilən təməl kimi dəyərləndirdi və bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə, şəxsən Lavrova təşəkkürünü bildirdi. İlham Əliyev Rusiyanın dost, müttəfiq və qonşu kimi Azərbaycan ilə Ermə­nistan arasında dövlətlərarası münasi­bətlərin nizamlanmasına kömək işində xüsusi rola malik olduğunu söylədi. 

Bu sözlər, eyni zamanda, Moskvaya vasitəçi kimi boynuna düşən missiyanı sonadək yerinə yetirməsinin vacibliyi barədə xatırlatma idi. 

 

İlham Əliyev: Ötən ilin oktyabrında Praqada və So­çidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail ol­maq üçün istifadə edilə bilən təməldir. Hər halda, biz bu düşmənçilik səhifəsini tezlik­lə çevirmək və Cənubi Qafqa­za sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusi­ya tərəfi ilə müsbət və kons­truktiv iş aparmaq əzmində­yik.

 

Ümumiyyətlə, son aylar regionda baş verən hadisələrin fonunda Azər­baycan–Rusiya münasibətlərində hiss olunacaq dərəcədə diplomatik canlan­ma var. Bu qarşılıqlı siyasi hərəkətliliyin Bakının gözlədiyi və umduğu sonluqla nəticələnməsi həm tarixi ədaləti bərpa edər, həm də ölkələrarası münasibət­lərdə inam və etimada söykənən yeni səhifə açmış olar. 

 

İrəvan istəsə də, istəməsə də...

 

Rusiyanın baş diplomatı azərbay­canlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında maraqlı açıqlama verdi: “Biz Ermənistan və Azərbaycan arasın­da ikitərəfli görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır oldu­ğumuzu bir daha təsdiqlədik. Azərbay­can tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir”. Azərbayca­nın üçtərəfli Bəyanatın bütün prinsiplə­rinə tam riayət edilməsinə tərəfdar oldu­ğunu söyləyən Ceyhun Bayramov onu da bildirib ki, Xankəndi–Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın məhz bəyanatın humanitar məsələlərlə bağlı bəndlərini pozması olub. 

 

Ceyhun Bayramov: Ekofəal­larımızın etirazları başlayanda Ermənistan bununla və yol təh­lükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyətini Azərbay­can və Rusiyanın üzərinə atma­ğa çalışırdı.

 

Qərbə doğru yolunu daha da geniş­ləndirən, ərazisinə Rusiya üçün arzuo­lunmaz “kənar qüvvələri” dəvət edən Er­mənistana Bakının vasitəsilə diplomatik təzyiqləri artıran, ona üzləşə biləcəyi fəsadları xatırladan, tərəflərə özünün cızdığı yeni “yol xəritəsini” təklif edən və bununla Avropa İttifaqının təşəbbüs­lərinin qarşısını almağa çalışan Mosk­vanın məqsədi məlumdur. Bəlkə Rusiya isteblişmenti Kremlin Spasski qülləsin­dəki zəngli saatın əqrəbini bir saat irəli çəkərək, Bakı vaxtı ilə eyniləşdirməklə, vasitəçi kimi 10 noyabr Bəyanatında yer alan məsələlərdən birini, məsələn, Zən­gəzur dəhlizi layihəsini reallaşdırmağa qərar verib? Bu layihənin gerçəkləşmə­sindən böyük faydanı Rusiyanın götürə­cəyini nəzərə alsaq, bunda ən maraqlı tərəf də məhz onun özüdür. Biz isə sö­zümüzü ən yüksək səviyyədə demişik: “İrəvan istəsə də, istəməsə də, Zəngə­zur dəhlizi açılacaq!”

Həqiqətən də, hər şeydən görün­düyü kimi, indi Moskvanın Bakı vaxtına köklənməyinin tam məqamıdır. Tarixin arxivinə verilmiş Qarabağ problemindən sonra Ermənistan və Azərbaycan ara­sında sərhədlərin delimitasiyası, kom­munikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması və nəhayət, ədalətli sülh sazişinin imzalanması üçün səy göstərən iki vasitəçi qalıb: Vaşinqton və Moskva. Aydın məsələdir ki, bölgə­də marağının və təsirinin azalması ilə qəti barışmayan Moskva heç bir halda təşəbbüsü Vaşinqtona vermək niyyətin­də deyil. Elə bu konteksdə, düşünürük ki, Lavrovun Bakı səfəri həm də sülh sazişinin yeni layihəsi üzərində üçtərəfli danışıqların davam etdirilməsinə yeni təkan verəcək. 

 

Sülh sazişində Qarabağ məsələsi olmamalıdır

 

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ problemi adında bir məsələ­nin qalmadığını, bunun daxili məsələ­miz olduğunu istər üçtərəfli görüşlərdə, istər beynəlxalq tədbirlərdə, debatlarda, istərsə də rəsmi çıxışlarında İrəvanın və dünyanın diqqətinə çatdırıb. Qarabağ ermənilərinin müqəddəratı məsələsinin sülh sazişi layihəsinə salınmasına Ru­siya da çalışırdı, Ermənistan isə təkid edirdi. Azərbaycan bunun mümkün ol­madığını hər dəfə qəti şəkildə bildirirdi. Elə Sergey Lavrov da İlham Əliyevlə görüşündə bu məsələyə Moskvanın yanaşmasını kifayət qədər aydın şəkil­də ifadə etdi: “Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə köməyə ha­zırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”. 

Son dövrlər regionda siyasi ab-ha­vanın dəyişməsi, Paşinyanın aşkar se­zilən ikibaşlı oyunu artıq Rusiyanı bu məsələyə yenidən baxmağa vadar etdi. Əks təqdirdə, Sergey Lavrovun Bakıya səfərinin heç bir əhəmiyyəti qalmazdı. Böyük ehtimalla Kreml bu məsələdə İrəvanı ram etməyi, onu Bakı ilə dia­loqun qaçılmaz olduğuna inandırma­ğı bacarıb. Ermənistan hələ də özünə arxa, dəstək axtarışlarını davam etdirir. Rəsmi İrəvan Avropadan əli üzüləndə Asiyaya – İrana, Hindistana üz tutur, “şərqli qardaşlarından” siyasi dəstək­lə yanaşı, kredit, silah-sursat umur. Bu iki ölkənin də haylara qucaq açdığını, istədiklərini “səxavətlə” verdiklərini yax­şı bilirik. İki gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Ermə­nistanın XİN başçısı Ararat Mirzoyanla BMT-nin İnsan Hüquqları üzrə Şurası­nın 52-ci sessiyası çərçivəsində Cenev­rədə görüşüb. Aydın məsələdir ki, on­ların arasındakı söhbətin mövzusu heç də insan haqları deyil, ikitərəfli “əmək­daşlığın perspektivlərinin” müzakirəsi olub. Amma bütün bu vurnuxmaların, çapalamaların Ermənistana bir faydası olacaqmı? Çətin! 

 

Sergey Lavrov: İran Azər­baycanın diplomatik missiyası­na qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir.

 

Bakıya səfərinin bir növ yekunu ola­raq Rusiya–Azərbaycan Ekspert Şura­sının üçüncü iclası çərçivəsində "XXI əsrdə Rusiya–Azərbaycan münasibət­ləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" tematik konfransın­da çıxış edən S.Lavrov 3+3 formatında daha bir regional əməkdaşlıq platforma­sından da danışıb: “3+3 platforması Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşıb. Bu mexanizmin yalnız bir iclası keçirilib. Gürcüstan iştirakdan yayınıb. Amma biz razılaşdıq ki, Tbilisi üçün qapını həmişə açıq saxlayaq. Bu, hazırkı mərhələdə ikinci görüşün hazırlanması kontekstin­də tamamilə aktual olaraq qalır”. 

Görünən və görünməyən parametr və çalarlarına görə, Sergey Lavrovun Bakıya səfərini hər iki tərəf üçün uğurlu saymaq olar. Bundan sonra Moskvanın İrəvanla münasibətlərinə necə aydınlıq gətirəcəyi öz işidir. Fransız jandarm­larını, alman hərbçilərini öz sərhədinə dəvət edən İrəvanın Kreml tərəfindən cəzalandırılacağı qaçılmazdır. Sergey Lavrovun Bakıya budəfəki səfərinin məntiqi nəticəsi kimi İrəvanın danışıqlar masasına oturdulmasını və sülh sazi­şinin tezliklə imzalanmasını gözləyirik. Rəsmi Moskvanın bunu necə və han­sı formada həyata keçirəcəyini isə elə rusların öz təbirincə desək, yaşayarıq, görərik. 

 

Fərhad MƏMMƏDOV, 
politoloq

 

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, Azərbaycanla müzakirə edilə­cək planlar çox genişdir. Bunlar əsasən kommunikasiya xətlərinin, nəqliyyat dəhlizinin açılması ilə bağlıdır. Amma burada problem­lər də yox deyil. Zəngəzur dəhli­zinin reallaşması ilə bağlı İranın cənubda destruktiv mövqeyi var. Əgər Rusiya bu regionda qalmaq­da qərarlıdırsa, müvafiq addımlar atmalıdır. Azərbaycan bu aspekt­də Rusiya tərəfindən gözləntiləri­ni rəsmən və açıq şəkildə bəyan edib. Xüsusilə də, Zəngəzur dəh­lizi ilə bağlı. Çünki Moskva 10 no­yabr üçtərəfli Bəyanatı imzalayan tərəfdir. Bu sənədlə İrəvanın öz öhdəliklərini yerinə yetirməsini tə­min edə bilmirsə, onu buna təşviq etməlidir. 

Azərbaycan məhz Zəngəzur dəhlizi ilə bağlı özünün şərtlərini birmənalı olaraq ortaya qoyub. Əgər Ermənistanın sərhəddə nə­zarət-buraxılış məntəqələri, elə­cə də Zəngəzur dəhlizi ilə bağlı narahatlığı varsa, Azərbaycanın da Laçın yolu ilə bağlı ciddi na­razılığı mövcuddur. Bu narahat­lıqlar, nəhayət, özünün hansısa həll variantına gətirib çıxarmalı­dır. Həll variantı isə nəzarət-bu­raxılış məntəqələrinin qurulması ilə mümkün ola bilər. Məhz bu məsələdə Rusiyanın tutacağı mövqe çox vacibdir. Onu da bil­dirək ki, hazırda rəsmi Moskvanın həm regionda, həm də dünyada əvvəlki resursları xeyli məhdud­laşıb. O, bu məsələni konstruktiv təklif kimi nəzərdən keçirməli və münasibət bildirməlidir.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət